“Abzas Media” nın fəaliyyətində qanundankənar “töhfələr”
Gündəm

“Abzas Media” nın fəaliyyətində qanundankənar “töhfələr”

Qərbin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasının əsas iştirakçılarından olan bəzi media qurumları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan təbliğatına ara vermirlər.  Qərəzli xəbərlər hazırlamaqda mahir olan "Azadlıq radiosu", "Abzas Media" və sair kimi media orqanları birbaşa qərbdən gələn sifarişləri yerinə yetirirlər. Özlərini "müstəqil media"nın təmsilçiləri kimi ictimaiyyətə sırımağa cəhd göstərənlərin cinayət əməllərində şübhəli bilinməsi isə işin başqa bir tərəfidir.  Belə ki, bir müddət öncə "Abzas Media" rəhbərliyinin xarici donor təşkilatları ilə gizli əməkdaşlığı ifşa olundu.

Adıçəkilən qurumun əməkdaşları külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilib.  "Demokratik inkişafa dəstək vermək" adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq etdikləri bəlli olan şəxslər ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi" (USAID), "Milli Demokratiya Fondu" (NED), "Avropa Demokratiyaya Yardım Fondu" (EED), "Internews", "FreedomNow", "Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi" (Global Investigative Journalism Network), "Amerika Beynəlxalq Təhsil Şurası" (American Councils for International Education), Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi" (PCSC), "People in Need" (PİN), "Avropa İttifaqı Müstəqil Media üçün" proqramı (EU4 İndependent Media), "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu" (EPCSF), "Niderland Helsinki Komitəsi", "Norveç Helsinki Komitəsi", "Avropa Jurnalistika Fondu" (Journalizmfund Europe), "Yeni Demokratiya Fondu" (New Democracy Fund), "Forum 2000", "German Marşal" Fondu və digərləri ilə əməkdaşlığa cəlb olunublar. Onlar, həmçinin "Signal" və "Protonmail" platformalarında hesablar yaradaraq beynəlxalq təşkilatların kod adları "Aleks" və "Daisy" olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək üçün əlaqə yaradıblar. Beynəlxalq donorların bu cür "jurnalistlər" vasitəsilə Azərbaycana qarşı hücuma keçməsi onların əsl mahiyyətini üzə çıxarır. Digər tərəfdən o da məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklər də bu cür qanunsuz əməllərin iştirakçısına çevrilib.

Siyasi masada erməni köləliyi edənlər ölkəmizin daxilində "qara yollarla" özlərinə agentura şəbəkəsi qurmağa çalışırlar. ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri "Abzas Media"nın maliyyələşdirilməsində iştirak ediblər. Nədənsə bu məsələdə həmin ölkələrin adlarının çəkilməsi heç kəsdə təəccüb doğurmur. Dövlətimizə qarşı erməni masasında yer alan qərblilər siyasi müstəvidə fiaskoya uğradıqdan sonra məhz belə çirkin yollarla hansısa nəticə əldə etmək istəyirlər. Artıq rəsmi şəkildə bu ölkələrin nümayəndəliklərinə də xəbərdarlıq edilib. XİN tərəfindən "Abzas Media" xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və buna ciddi etiraz bildirilib. Həmçinin ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi"nin, "FreedomNow", "New Democracy Fund" və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, "Abzas Media"nın fəaliyyətinə qanundankənar "töhfələr" verdikləri qeyd olunub.

Ümumiyyətlə, "ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi" (USAID) son illər Azərbaycana qarşı təzadlı addımlar atmaqla gündəmə gəlir. Son hadisələrdə də adının hallanması onu göstərir ki, təşkilat müxtəlif yollarla, qeyri-şəffaf formada şəbəkə formalaşdırmaqla məşğuldur. Donor təşkilat olmasından istifadə edərək bəzi QHT-ləri, gəncləri və "Abzas Media" kimi qurumları öz təsiri altına sala bilir.

Belə halları ilk növbədə, ölkənin və jurnalistikanın nüfuzuna dəyən zərbə adlandırmaq olar. "Abzas Media" həm də Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının demək olar bütün maddələrini pozub. Media haqqında qanuna görə, dövlət reyestrindən keçməyən media orqanları qanunsuz sahibkarlıqla məşğul olmuş sayılır. Bu orqanın qeyri-qanuni fəaliyyət göstərməsi də jurnalistikanın mübarizə hədəfidir.

Musa BAĞIRLI,

"Respublika".