Sentyabrın 19-da üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirildi.
Azərbaycan mərkəzi hakimiyyəti hadisələrin cərəyan etdiyi gündən etibarən bu tədbirlərin bir halda dayana biləcəyini bəyan etmişdi: qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Separatçı rejim bir gün sonra dövlətimizin təkliflərini qəbul etdi. Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmiş oldu.
Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Aydın Mirzəzadə 19 sentyabrda Qarabağda keçirilən bir günlük lokal antiterror tədbirlərini Azərbaycan tarixinin önəmli səhifəsi adlandırıb: "Üç il bundan əvvəl 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistan tərəfindən zəbt olunan torpaqlarını işğaldan azad etmişdi. Üçtərəfli Bəyanata əsasən ərazimizin bir hissəsində müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirildi. Ancaq ötən müddət ərzində Ermənistanın vaxtaşırı Azərbaycanın daxili işlərinə qarışdığının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə çox sayda hərbi texnika və hərbi kontingent yerləşdirdiyinin şahidi olduq. Azərbaycanın dəfələrlə verdiyi bəyanatlara baxmayaraq, bölgədə yerləşən qeyri-qanuni erməni hərbi dəstələri ərazidən çıxarılmadı və eyni zamanda həmin ərazilərdən "boz zona" kimi istifadə olunurdu. Bu da həm ölkəmizin, həm də vətəndaşların təhlükəsizliyinə böyük təhdid yaradırdı. Ona görə də Azərbaycan Silahlı Qüvvələri bu lokal xarakterli antiterror tədbiri həyata keçirməyə məcbur oldu. Nəticədə orada olan qanunsuz hərbi birləşmələr darmadağın edildi, separatçı rejim hərbi və siyasi məğlubiyyətə uğradı. Bundan sonra ağ bayraq qaldıran separatçı, qondarma xunta rejimi Azərbaycanın rəsmi hakimiyyət orqanlarına danışıqlara başlamaq üçün müraciət etdilər.
Cənab Prezident sentyabrın 20-də xalqa müraciətində də həm məsələnin tarixinə diqqət yetirdi, həm də Azərbaycanın məcburiyyət qarşısında atdığı addımlar barədə məlumat verdi. Eyni zamanda Azərbaycanın öz ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini bundan sonra da yüksək səviyyədə qorumaq əzmində olduğunu bildirdi. Ermənistana isə sülh danışıqlarını bərpa etmək, Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sülh müqaviləsini imzalamaq təklif olundu. Həmçinin bu günə qədər separatçı rejimin nəzarəti altında yaşayan əhalinin sosial problemlərinin həll ediləcəyi, bütün Azərbaycan vətəndaşlarının mənsub olduğu hüquq və azadlıqlarının təmin ediləcəyi bildirildi".
Musa BAĞIRLI,
"Respublika".