ABŞ-ın ölkələri daxildən parçalamaq niyyəti...
Siyasət

ABŞ-ın ölkələri daxildən parçalamaq niyyəti...

Regional müstəvidə üstünlük əldə edə bilməyən ABŞ müxtəlif yollarla daxili sabitliyi pozmaq niyyətindədir.

Yaxın keçmişə nəzər salsaq, görərik ki, ABŞ-ın maliyyələşdirdiyi USAİD, NED, İREX və digər təşkilatların fəaliyyətdə olduğu ölkələrdə xaos və anarxiya ifrat həddə çatdırılmışdır. Humanitar-sosial yardımsevərlik adı altında maskalanan bu qurumların eyni məqsədə xidmət etməsi isə hər kəsə bəllidir.

Ölkələri daxildən parçalamaq arzusu ilə bir çox bölgədə "fəaliyyət" göstərən ABŞ-ın təxribat maşınlarının məhz son dövrdə Cənubi Qafqaza meyillənməsi müəyyən məqsədləri özündə ehtiva edir. Region ölkələrinin daxili mexanizmlərini öz əlində cəmləməyə çalışan Amerika bu çərçivədə müxtəlif aspektlərdə bədnam əməllərini dərinləşdirir. İlk növbədə Corc Sorosun məhsulu, eləcə də Co Baydenin ən yaxın və etibarlı adamı sayılan USAİD-in rəhbəri Samanta Pouerin Gürcüstanda nail olmaq istədiyi "inqilab" bu yaxınlarda ifşa edildi. Bu il sentyabrın 18-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) xaricdən dəstəklə ölkədə hakimiyyət çevrilişi planlarının olduğunu bildirdi. Daxildəki antimilli qüvvələrlə əlbir olan xarici dairələr Gürcüstanda zorakılıqla hakimiyyət çevrilişi həyata keçirmək üçün oktyabr-dekabr aylarında iğtişaşlar və kütləvi vətəndaş itaətsizliyi aksiyaları planlaşdırmaları barədə Gürcüstan hökuməti vəziyyəti şərh etdi. Məsələ ondadır ki, bu hadisənin üzərindən bir neçə gün keçdikdən sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyinin adı sözügedən "inqilab"da ifşa edildi. Belə ki, Gürcüstan DTX-nın nümayəndəsi Xviça Beqiaşvili keçirdiyi brifinqdə qeyd etdi ki, vaxtilə Gürcüstan, eləcə də Serbiya və Ukraynadakı rəngli inqilablarda iştirak etmiş 3 Serbiya vətəndaşı, bu ölkənin QHT-si olan "Canvas" təşkilatının üzvləri Sinişa Siqman, Yelena Stoyşiç və Slobodan Cinoviç USAİD-in dəvəti və maliyyə dəstəyi ilə Tbilisiyə səfər ediblər. Məlumata görə, serbiyalı fəallar 26-29 sentyabr tarixlərində Tbilisidəki hotellərdən birində gürcü QHT-ləri və ictimai fəalları üçün təlim keçərək, onları dövlət orqanlarına qarşı fəaliyyət, yollarda piket və süni avtomobil tıxaclarının yaradılması və s. kimi istiqamətlərlə bağlı təlimatlandırıblar.

Dövlət çevrilişinin əyani metodikası barədə iştirakçıları "silahlandırılan" USAİD bununla bir daha regional və beynəlxalq müstəvidə öz missiyasını ifşa etmiş oldu. Əfsuslar olsun ki, müasir dövrdə bir çox "metodika"dan istifadə edən qurumun "çevik dəstə"ləri ölkəmizdə də, sosial, siyasi, iqtisadi və hüquqi aspektlərdə ABŞ siyasi elitasının maraqlarına xidmət göstərməkdədir. Məsum afişalar altında sosial rifahı zədələməyə çalışan USAİD-in əlindəki ən güclü ricaklardan biri "radikal feminizm"dir. Qeyd etmək lazımdır ki, son dövrdə artan bu dalğanın ölkəmizdəki "bayraq tutan"ları hüquqi və sosial müstəvidə çirkin əməllərini genişləndirirlər. "Milli feminist"lərimizin "fəaliyyətinə" nəzər salsaq, görərik ki, ölkə daxilində məsələ heç də qadın azadlıqlarının qorunması və bərpa edilməsi deyil. Belə ki, bu hərəkatın "lider"lərindən olan Nərmin Şahmarzadənin 2019-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsi, Gədəbəy hadisələrini anti-Azərbaycan dairələrinə fərqli şəkildə sızdıran Sevinc Vasifqızı kimilərin əməllərində bu kimi arqumentlər yoxdur. Bu kimi şəxslər ABŞ-ın ölkəmizdəki təxribat zəncirinin həlqəsidir. Müxtəlif "QHT və KİV-lər"i qrant vəsaiti adı altında maliyyələşdirən ABŞ-ın bölücü qolları cəmiyyətdaxili çaxnaşma yaratma arzusundadırlar.

Baş verən hadisələrin "azadlıq", "demokratiya", "hüquq" kimi məfhumlar altında təhrif edilməsi Amerikanın donor və QHT dairələrinin dəstəklədikləri LGBT, radikal feminist qruplarının başlıca fəaliyyət mexanizmidir. Bu çərçivədə keçirilən yığıncaq və tədbirlərdə toxunulan mövzular daim dövlət və dövlətçiliyin əleyhinə olur. Çağırışın həmrəylikdən daha çox "Azərbaycana qarşı birləşin" şüarı olması bir daha sübut edir ki, milli-mənəvi dəyərləri ucuzlaşdıraraq xalq-dövlət birliyi baltalanmağa çalışılır. Son illər ölkədə LGBT, feminist və posifistlər-novarçıların birgə fəaliyyəti məhz bu qəbildəndir. Müasir dövrə uyğun olaraq media dəstəyi, trollarla saxta ictimai nəzər yaradanlar birbaşa separatçılığa xidmət edirlər.

ABŞ-ın uzun illər Azərbaycanda hakimiyyətə təzyiq yolunu secməsi, əvvəllər birbaşa siyasi müxalifətin maliyyələşdirilməsi, təlimatlandırılması yolu ilə aparılırdısa, artıq QHT sektorunun və medianın "yardım"ı ilə bu proses şaxələndirilib. Ölkədə vətəndaş itaətsizliyi mühitinin yaradılması istiqamətində aparılan təbliğatın əsas məqsədi bundan ibarətdir ki, Azərbaycanda ABŞ-ın maraqlarına qeyri-şərtsiz itaət edən hakimiyyət formalaşdırılsın. ABŞ bu gün taktikasını dəyişərək milli dəyərlərə böyük təhlükə olan LGBT, əxlaqsızlığı təbliğ edən "feministlər", Vətən müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan "NO WAR"çılardan istifadə etməyə çalışır, qatı ermənipərəst və antitürk, anti-Azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır.

USAİD-in Azərbaycan daxilindəki təbliğat və təşviqatı bununla da bitmir. Azərbaycanda milyonlarla dollar məbləğində layihələr həyata keçirən təşkilatın xain planlarından biri də "Regionlarda gənclərin öyrənilməsi, öyrədilməsi və fəallaşdırılmasıdır". Layihənin rəsmi "məqsədi" 13-18 yaş arası yeniyetmələrin media savadlılığının artırılması, məktəbdənkənar vaxtlarının keçirilməsinin təmin edilməsidir. Təbii ki, digər planlarda olduğu kimi, məsələdə də pərdə olaraq "öyrətmək", "fəallaşdırmaq" kimi sözlərdən istifadə edilir. Xüsusilə yeniyetmələrin seqmentasiya olaraq secilməsində məqsəd onların "beyinlərini yumaq"dır. Xüsusən də Qarabağa yaxın olan inzibati ərazilərimizdə bu təşviqatın reallaşdırılması hər şeyə aydınlıq gətirir.

Anti-Turkiyə və Azərbaycan xarakterli çıxış və bəyanatları ilə tanınan Co Bayden komandasının təyin etdiyi USAİD-in ermənipərəst rəhbəri Samanta Pouerin ölkəmizə qarşı fəaliyyətini genişləndirməsi, bu çərçivədə milli, mənəvi dəyərləri aşağılaması qəbuledilməzdir. Şər və böhtan yuvaları əvvəl-axır anlamalıdırlar ki, Azərbaycan dövləti regionda yeni reallıq yaradıb və bu Zəfər əbədi olaraq qazanılıb.

Nurlan ABDALOV,

"Respublika".