Son günlər Amerika Birləşmiş Ştatlarının bir sıra siyasi dairələri və dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının ünvanına reallığı əks etdirməyən qərəzli bəyanatların səsləndirilməsi təəssüf hissi doğurur. Belə ki, 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları regionda gedən siyasi prosesləri yaxından izləmişdi və bu proseslərdə kimin günahkar olduğunu çox gözəl bilirdi. İkinci Qarabağ müharibəsindən sonra isə Amerika Birləşmiş Ştatları vasitəçi olaraq Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin dəstəklənməsi və sonda sülh sazişinin imzalanması istiqamətində olduqca vacib addımlar atdı. Və Amerika Birləşmiş Ştatlarına məlum idi ki, bu prosesdə Azərbaycan ədalətin tərəfindədir. Hazırkı bəyanatların verilməsi, eləcə də ABŞ Konqresinin Nümayəndələr Palatasında bir neçə gün bundan öncə ABŞ Dövlət Departamentinin Avropa və Asiya ölkələri üzrə xüsusi köməkçisi Ceyms O`Brayn tərəfindən Azərbaycanın ünvanına səsləndirilən fikirlər reallığa əsaslanmır və heç bir məntiqə də sığmır. Birincisi, onu qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın əldə etdiyi qələbəyə qısqanclıq hissi ilə yanaşır. Çünki onlar da çox gözəl bilirlər ki, bundan sonra keçmişdə qalmış Qarabağ probleminə görə Azərbaycana təzyiq vasitələri artıq işləməyəcək. Bu səbəbdən də böyük bir qısqanclıq hissi var. İkinci mühüm amil ondan ibarətdir ki, bu məsələdə birtərəfli mövqe tutmaq hər iki dövlət arasında sülh gündəliyinə böyük zərbə vurur. Azərbaycana qarşı hansısa bir sanksiyanın, qətnamənin qəbul edilməsi o demək deyil ki, Azərbaycan öz xarici siyasətində prinsipial mövqelərindən əl çəkəcək. Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasında maraqlıdır. Hazırda Ermənistan və Azərbaycan arasında ən mühüm məqam sülh sazişinin əldə olunmasıdır. Belə bəyanatların verilməsi, birtərəfli mövqeyin seçilməsi mexanizminin dəstəklənməsi isə bu sülhün əldə edilməsini gecikdirə və son nəticədə yeni eskalasiyanın yaranmasına gətirib çıxara bilər. 2000-ci ildən artıq Azərbaycan özü donor ölkədir. Müxtəlif dövlətlərə həm siyasi, həm iqtisadi yardımlar göstərir. Pandemiya dövründə Azərbaycan əllidən çox ölkəyə yardım edib. Bu yardımlar bu gün də davam edir. Amerika Birləşmiş Ştatları da çox gözəl bilir ki, onun beynəlxalq terrorizmə qarşı apardığı mübarizədə Cənubi Qafqazda ən vacib tərəfdaşı Azərbaycandır. Azərbaycanla ultimatum dilində danışmaq hələ ki, heç bir dövlətə xeyir gətirməyib. Nəzərə almaq lazımdır ki, ABŞ son iki il ərzində real aktiv vasitəçi kimi bu proseslərə müdaxilə etmişdir. Lakin son antiterror tədbirlərindən sonra Azərbaycana qarşı qısqanclıq hissləri getdikcə artır. Bütün bunlar onu göstərir ki, ABŞ yenidən Azərbaycana qarşı keçmişdə olduğu kimi, selektiv münasibət göstərir. İkinci Qarabağ müharibəsində Amerikanın nə siyasi, nə hüquqi, nə hərbi dəstəyi olmadan Azərbaycan qalib oldu. Lokal antiterror tədbirlərində də heç bir dəstək olmadan ölkəmiz yenə də bu məsələni özbaşına həll etdi. Azərbaycan Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında heç bir ikinci və üçüncü dövlətlərin iştirak etməsini istəmir.
Yaxşı olardı ki, Amerika Birləşmiş Ştatları bölgədəki hər hansı bir dövlətlə olan münaqişələri Azərbaycan üzərindən yox, başqa bir yolla həll etsin. Məsələn, Konqresdəki dinləmələrdə, eləcə də O'Braynın çıxışında da bölgədən Rusiya sülhməramlılarının çıxarılması yeni beynəlxalq missiyanın əraziyə göndərilməsi istəyi açıq sezilir. Azərbaycan heç bir dövlətin, beynəlxalq təşkilatın qoşunlarının qüvvələrinin yenidən əraziyə buraxılmasını təmin etməyəcək. Bu, bizim üçün qəbuledilməzdir. Azərbaycan öz xarici siyasət kursunu düzgün, məntiqli, real, qloballaşan dünyanın maraqlarına uyğun olaraq adekvat şəkildə aparır. Bu istiqamətdə Azərbaycana qarşı hansısa təsirlər olacaqsa, Azərbaycan da ona müvafiq qaydada cavab verəcəkdir.
Amid ƏLİYEV,
politoloq.