ABŞ Azərbaycanın suverenliyini tam bərpa etməsini qəbul edə bilmir
Siyasət

ABŞ Azərbaycanın suverenliyini tam bərpa etməsini qəbul edə bilmir

Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilmiş dinləmələr və burada səslənmiş fikirlər bir daha onu göstərir ki, Fransa kimi ABŞ da güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmir. Əlbəttə ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub.

Burada səslənən fikirlər və tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts ilə görüşmüşdür. Hər kəs bilməlidir ki, Azərbaycanın nə ABŞ, nə də onun konqresi qarşısında heç bir öhdəliyi yoxdur, müstəqil siyasət yürüdür. ABŞ anlamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqaz, nə də ki Mərkəzi Asiya siyasəti olmayacaqdır. Çünki burada əsas söz sahibi və açar ölkə birmənalı olaraq Azərbaycandır. Konqres ABŞ-ın günbəgün artan problemlərinin həllinə istiqamətlənmiş bir dinləmə keçirsəydi düşünürəm ki, daha faydalı olardı. Bu gün dünyanın müxtəlif yerlərində baş verən böyük kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələri və nəticə etibarilə də milyonlarla insanın tələf olması, ac, vətənsiz qalması ABŞ-ın iştirakı və rolu ilə baş vermişdir. Liviyada, Suriyada, İraqda, Əfqanıstanda indiki acınacaqlı vəziyyət əlbəttə ki, birbaşa ABŞ-ın ssenarisi ilə həyata keçirilmişdir. 21 il Əfqanıstanı işğal altında saxlayan bu ölkə yalnız və yalnız öz mənafeyi üçün narkoplantasiyaların geniş sahələrdə salınması ilə yadda qaldı. Əfqan xalqını tamamilə ac vəziyyətə gətirdi və burada bu illər ərzində heç bir yol, infrastruktur, məktəb tikintisini həyata keçirmədi. ABŞ Əfqanıstanı tərk etdikdən sonra ölkədə bu plantasiyaların həcmi 20 dəfədən çox azaldı. Bu gün müxtəlif yerlərdə baş verən hadisələri, o cümlədən Qəzzada, Rusiya, Ukrayna böhranında birbaşa bu qarşıdurmaların ssenari müəllifi və onları alovlandıran ölkə məhz Amerika Birləşmiş Ştatlarıdır. Onlar çalışırlar ki, məhz bu inqilabların davamını Azərbaycanda həyata keçirsinlər. Onların bu istəkləri əlbəttə ki, iflasa uğrayacaq.

Biz 30 ilə yaxın bir müddətdə gördük ki, ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrası ilə bağlı hər hansı bir qətiyyətli addım atmadı. Tam əksinə, Azərbaycana qarşı 1992-ci ildə 907-ci düzəlişi qəbul etdi. Əlbəttə ki, xalqımız bu riyakarlığı heç vaxt unutmayıb və unutmayacaqdır. Konqresdə çıxış edənlər bildiriblər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Birincisi, Azərbaycanın belə yardıma ehtiyacı yoxdur, Azərbaycan güclü bir ölkədir. Xüsusi qeyd etmək lazımdır ki, qərəzli mövqe nümayiş etdirən ABŞ-ın ölkəmizdəki bu şəbəkələri ümumilikdə təmizlənməlidir. USAID kimi təşkilatların fəaliyyəti dayandırılmalı və heç kəs belə təşkilatlarla əməkdaşlıq etməməlidir.

Cavid OSMANOV,

Milli Məclisin deputatı.