30 il əlinə dəftər, qələm almayan “tənbəl şagirdlər
Siyasət

30 il əlinə dəftər, qələm almayan “tənbəl şagirdlər" bir gündə hesablama öyrəndilər

Azərbaycan bu ilin sentyabrında keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağı separatçı ünsürlərdən təmizlədi. Təbii ki, bu tədbirlərdən əvvəl və sonra donor ölkələr və təşkilatlar Azərbaycan əleyhinə qurama, heç bir əsasa söykənməyən bəyanatlarla çıxış ediblər. Əllərində qalan son kartı isə bu səfər ehtiyatlı istifadə etməyi planlaşdırırlar. 30 ildir öz əzəli torpaqlarından qovulmuş 1 milyona yaxın qaçqının heç biri ilə maraqlanmayan həmin donorlar indi Qarabağdan köçən ermənilərin say hesabını aparırlar. Əlbəttə ki, bu, Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasının ilkin motivləridir.

İlk olaraq bu faktı qeyd etmək lazımdır ki, Azərbaycan Ermənistanın ötən əsrin 90-cı illərindən göstərdiyi vandalizmə humanizmlə cavab verərək Qarabağda yaşayan erməni əhalisinə reinteqrasiya ilə bağlı dəfələrlə çağırış edib və bunun üçün rəsmi portal belə yaradılıb. İkinci məsələ odur ki, Qarabağa bu ay ərzində 2 dəfə səfər edən BMT missiyası öz bəyanatlarında Azərbaycanın erməniəsilli şəxslərə qarşı heç bir halda zorakılıq əlamətlərini müşahidə etmədiklərini bildirib. Üçüncüsü isə bu gün dünyada medianın bu qədər inkişaf etdiyi dövrdə Qarabağdan köçən erməni əhalisinin müsahibələrinə diqqət yetirə bilərik. Amma nə fayda, Fransanın simasızlığı ilə erməni lobbisinin cuşa gəlməsi bəzi donor təşkilatları və dövlətləri də hərəkətə gətirib.

Fransa və bəzi Qərb ölkələri qanunsuz məskunlaşmaya bəraət qazandıraraq Qarabağdan köçən ermənilərin sayını hesablayırlar. Bəzi dövlətlərin Azərbaycanın daxili işinə qarışmaq cəhdləri yolverilməzdir. Onlar son çıxışlarında daim "Qarabağdan getmiş 100 min etnik erməni" mövzusunu vurğulayaraq Azərbaycanı bir növ ittiham etməyə çalışırlar. Lakin sübutlarla yanaşdıqda bu fikirlərin erməni lobbisinin şablon cümlələri olduğunun şahidi oluruq. Qarabağdan köçən ermənilərə qarşı təzyiq göstərilməsi ilə bağlı bəzi dəlillər mövcuddur. Lakin Azərbaycan əsla bunu əldə bayraq edərək revanşistlərlə mübarizəyə qoşulmur. Qarabağdan köçüb gedənlərin 10 mindən çoxunu Ermənistan silahlı birləşmələrinin hərbçiləri və onların ailələri, geri qalan insanların əksəriyyətini isə işğal zamanı burada qanunsuz məşkunlaşmış şəxslər təşkil edir. Həmin şəxsləri "qaçqın" kimi qəbul etmək isə növbəti infantil siyasətin bəhrəsidir.

Məhz Fransanın təşəbbüsü ilə bir qrup dövlətin 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə verdikləri birgə bəyanat erməni lobbisinin növbəti təxribat cəhdidir. Sözügedən bəyanat tamamilə əsassız və böhtan xarakterlidir. Məhz reinteqrasiya cəhdlərinə bilavasitə və dolayısıyla əngəl olmaq insan hüquqlarından danışan qurumların nala-mıxa vurması deməkdir. 30 il ərzində azərbaycanlı qaçqınların aqibəti ilə bir dəfə də olsun maraqlanmayanlar, indi Qarabağdan köçən etnik ermənilərdən danışırlar. Riyakarlığın siyasiləşmiş nümunəsini özündə əks etdirən həmin donor təşkilatların 30 il ərzində Qarabağda daşı-daş üstünə qoymayan separatçılara verdiyi dəstək ifşa olunub. Və məhz buradan belə bir nəticəyə gəlmək olur ki, 30 il əlinə dəftər, qələm almayan "tənbəl şagirdlər" bir gündə hesablamağı öyrəniblər. Azərbaycan tərəfi bildirib ki, Qarabağ məsələsi xarici dövlətlərin müzakirə mövzusu ola bilməz. Sülhə və birgəyaşayışa mane olmaq istəyən donor təşkilatlar və dövlətlər öz işləri ilə maraqlansalar, daha yaxşı olar. Təbii ki, ürəyində şübhə qalan hər kəs Qarabağa səfər edə bilər, necə ki, BMT nümunəsində biz bunu görürük. Amma Ermənistana səfər etməklə kifayətlənib məsələnin digər tərəfi ilə maraqlanmayan qurumların dırnaqarası fəaliyyəti hər zaman müzakirə olunacaq...

Tacir SADIQOV,

"Respublika".