“Google” təhlükəsizlik qaydalarını pozub
Daim istifadəçilərinin təhlükəsizliyini qoruyan "Google" bu dəfə özü qaydaları pozub. Belə ki, aparılan araşdırmalar zamanı şirkətin öz maraqlarını təmin etmək üçün axtarış nəticələrinə müdaxilə etdiyi məlum olub.
İnternetdə ədaləti təmin etmək üçün hazırladığı qaydaları pozanları dözülməz şəkildə cəzalandıran "Google" öz maraqlarına gəldikdə isə heç kimi dinləmir. Şirkət hər zaman istifadəçi təhlükəsizliyinə üstünlük verdiyini iddia etsə də, yavaş-yavaş məlum olur ki, əslində bağlı qapılar arxasında maraqlar ön plandadır və bunu təmin etmək üçün hər vasitəyə əl atır.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar çərçivəsində inhisarçılıq iddiaları ilə bağlı müxtəlif məlumat və sənədlər toplanıb. İstintaq faylından sızan e-poçt, "Google"un öz qaydalarını amansızcasına pozduğunu aşkar edib. Belə ki, "Google Ads" departamentinin vitse-prezidenti Jerry Dischler tərəfindən axtarış, reklam və "Chrome" komandalarına cavabdeh olan Prabhakar Raghavana göndərilən e-poçtda şirkətin gəlir hədəflərinə çatması üçün görülməli olan təcili işlər sadalanır.
Ölümü proqnozlaşdıran süni intellekt modeli
Süni intellekt texnologiyası günü-gündən təkmilləşməkdə və dünya gündəmini zəbt etməkdə davam edir. Bu dəfə isə danimarkalı elm adamları 78 faiz dəqiqliklə ölüm vaxtını təyin edə bilən süni intellekt modeli hazırlayıblar. "Life2vec" adı verilən sistem həmçinin insanların dünyasını dəyişdiyi zaman nə qədər sərvətə sahib olacağını da proqnozlaşdıracaq.
Model hazırlanarkən 6 milyon insanın sağlamlıq məlumatları və demoqrafik qeydlərindən istifadə edilib. Qeyd edək ki, daha əvvəl müəyyən faktorların, xüsusilə sağlam qidalanma və həyat tərzinin, o cümlədən pis vərdişlərin insan həyatına təsiri barədə araşdırma aparılmışdı. Araşdırmanın nəticələri siqaret çəkən və ruhi xəstəliklərə sahib olan insanların daha az ömür sürdüyünü göstərmişdi. Həmçinin yüksək gəlirə sahib olan insanların stres keçirmədiyi üçün daha çox yaşadıqları məlum olmuşdu. Həmin araşdırma nəticəsində əldə edilən faktorlar müəyyən sıralama ilə yeni süni intellekt modelinə əlavə edilib. İlkin mərhələdə süni intellekt modeli 35-65 yaş kateqoriyasından olan insanlar üzərində sınaqdan keçirilib. Daha əvvəl süni intellekt modelinin 2016-2020-ci illər ərzində öləcəyini proqnozlaşdırdığı bir şəxs məhz həmin dövrdə vəfat edib. Bu aparılan sınaqlardan sadəcə birinin nəticəsidir. Hazırda sistem hər kəs üçün əlçatan deyil və təkmilləşdirilir. Modelin gələcəkdə sığorta şirkətləri tərəfindən istifadə olunacağı gözlənilir. Belə ki, sığorta şirkətləri və ya banklar ölənə qədər müştərilərinin hansı məbləğdə gəlir əldə edə biləcəyi barədə məlumata uyğun onlara müvafiq dərəcədə sığorta və ya kredit təyin edəcək.
Dünyanın ən uzun sualtı elektrik kabeli çəkilib
İngiltərə ilə Danimarka arasında "Viking Link" adlı dünyanın ən uzun quru və sualtı elektrik kabeli çəkilib. Kabel vasitəsilə külək turbinlərinin istehsal etdiyi artıq elektrik enerjisinin ehtiyac duyulan digər ölkəyə ötürülməsi nəzərdə tutulub.
2.5 milyon evi elektrik enerjisi ilə təmin edə bilən kabel 1,4 QVt elektrik enerjisi ötürmə qabiliyyətinə və 767 kilometr uzunluğa malikdir. 1,7 milyard avro dəyərində olan layihə Böyük Britaniyanın Milli Şəbəkəsi və Danimarkanın milli ötürmə sistemi, operatoru "Energinet" ilə birgə həyata keçirilib. Milli Şəbəkə bildirir ki, dünyanın ən uzun quruda və sualtı elektrik kabeli Böyük Britaniyada 2,5 milyon ev üçün kifayət qədər elektrik enerjisi ötürə bilər. Habelə Danimarkadan daha ucuz elektrik idxalı Britaniya istehlakçılarına növbəti on il ərzində 500 milyon avrodan çox qənaət etmə imkanı verir.
"İqlim və enerji təhlükəsizliyi hədəflərinə çatmaq üçün daha çox külək enerjisindən istifadə etməliyik. Qonşu ölkələrlə əlaqələrimiz təchizat təhlükəsizliyinin yaxşılaşdırılmasında və qiymətlərin aşağı salınmasında mühüm rol oynayacaq", - deyə "National Grid Ventures" şirkətinin prezidenti Katie Jackson layihə haqqında qeyd edib.
Süni zək vasitəsilə antibiotik yaradıldı
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri müxtəlif növ xəstəliklərə səbəb olan qızılı stafilokokk (MRSA) adlı bakteriya növünə qarşı antibiotik kəşf ediblər.
Tədqiqat zamanı "deep learning" sistemindən istifadə olunub. Süni zəka vasitəsilə MRSA bakteriyasının kimyəvi strukturu və onu məhv edə biləcək kimyəvi birləşmələr analiz edilib. 12 milyon kimyəvi birləşmə arasından süni zəka sistemi potensial namizəd ola biləcək 280 ədəd birləşməni seçib və onları 5 müxtəlif sinfə ayırıb. Siçanlar üzərində aparılan təcrübə zamanı onlardan yalnız 2-nin MRSA-ya qarşı daha aktiv reaksiya verdiyi məlum olub. Belə ki, həmin kimyəvi birləşmələr gəmiricilərin orqanizmində MRSA bakteriyasının yayılmasını 10 dəfə aşağı salıb.
Tədqiqatçılar kimyəvi birləşmələr əsasında hazırlanacaq yeni dərman preparatlarını insanlar üçün təhlükəsizliyinə əmin olmaq üçün müxtəlif kliniki testlərdən keçirməyi planlaşdırırlar.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".