Vətən müharibəsində qazandığımız təcrübə qalib Azərbaycan ordusunda daha geniş struktur dəyişiklikləri və yeni qoşun növlərinin yaradılmasını şərtləndirdi. Məhz bu çərçivədə Silahlı Qüvvələrimizin ən müasir silahlarla təchiz edilməsi sürətlə davam etdirilir. Xüsusi təyinatlı qüvvələrin sayının artırılması ilə yanaşı, yeni komanda birliklərinin yaradılması ordumuzun xüsusi vəzifələri yerinə yetirməsi üçün peşəkarlıq imkanlarını daha da genişləndirir.
Azərbaycan müharibədən dərhal sonra hərbi sahəyə də öz qayğısını yüksək səviyyədə göstərir. Türkiyə və İsrail şirkətləri ilə yeni böyük kontraktlar imzalanır və onların icrası həyata keçirilir. Müdafiə Nazirliyində aparılan struktur islahatları sayəsində ordumuz daha da təkminləşdirilir, XXI əsrin tələblərinə uyğun olaraq modernləşdirilir. Bu istiqamətdə dövlət səviyyəsində mühüm addımlar atılır. 2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 521 milyon manatı və yaxud 1,4 faizi sosial müdafiə xərclərinin payına düşməsi deməyə əsas verir ki, müdafiə sənayesinin daha da, inkişafı prioritetdir. Yeni ildə də Ordumuzun bu qəbildən gücləndirilməsi planları sevindiricidir. Hərbi təyinatlı yerli istehsal prosesinə dövlət sektoru ilə yanaşı özəl sektorun da cəlb edilməsi ölkəmizdə yaranan yeni inkişaf meylindən xəbər verir.
Onu da xüsusi qeyd etmək lazımdır ki, ötən illərdə Azərbaycanın Müdafiə Sənayesi daim tərəqqi yolunda uğurla irəliləmişdi.Belə ki, bu müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Matador” və “Marauder” zirehli döyüş maşınları, BTR-70 (təkmilləşdirilir) və BRDM-2 (təkmilləşdirilir) transportyorlarını, “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və sair snayper tüfənglərini, AK-74M, AZ-7,62 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Orbiter-2M”, “Orbiter-2B”, “Orbiter-3B” və mini “Orbiter-4”, “Aerostar-BP” taktiki və “Zərbə” tipli kamikadze pilotsuz uçuş aparatlarını misal göstərmək olar.
Xatırladaq ki, Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri 2017-ci il 29 dekabr tarixli “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunla tənzimlənir. Azərbaycanda müasir dövrdə ordu quruculuğu sahəsində mühüm addımlar atılıb. Belə ki, ölkəmizdə Quru Qoşunlar, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Daxili Qoşunlar, Milli Qvardiya, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Sülhməramlı Qüvvələr xidmət göstərir. Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin də ölkəmizin müdafiə qüdrətinin artırılmasında xüsusi rolu var.
Qürur və iftixar verici haldır ki, yeni 2024-cü ilə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmini ilə qədəm qoyduq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib ordumuz ölkəmizdən sepratizmin kökünü kəsdi. Cinayətkarlar torpaqlarımızdan əbədi olaraq çıxarıldı. Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərdilər. Dövlət suverenliyinin tam bərqərar edilməsi ilə şəhidlərin, Xocalı soyqırımı qurbanlarının və həyatını itirmiş mülki insanların qisası döyüş meydanında alındı. Bu gün Azərbaycan bayrağı işğaldan azad olunan bütün ərazilərimizdə dalğalanır.
Tacir SADIQOV,
“Respublika”.