Birinci Qarabağ müharibəsi başlananda Elşən Bəşirov da Vətəni seçdi. Və onun azadlığı uğrunda son damla qanına qədər döyüşüb şəhidlik zirvəsinə ucaldı. Öz xalqı üçün örnək olacaq bir tarix yazan qəhrəman Vətən sevdalısının 50 yaşı tamam oldu. Şəhidin doğulub boya-başa çatdığı Masallı rayonunun Təklə kəndində bu münasibətlə anım tədbiri keçirildi. Tədbirdə kənd ərazi nümayəndəsi, bələdiyyə sədri, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri, şəhidin ailə üzvləri, müəllim və şagirdlər iştirak edirdilər.
Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə məktəbin direktoru Oktay Abıyev şəhid Elşən Bəşirovun şərəfli ömür və döyüş yolu barədə məlumat verərək dedi: - Şəhid Elşən Dənizxan oğlu Bəşirov 1973-cü ildə Masallı rayonunun Təklə kəndində anadan olub. 1990-cı ildə kənd tam orta məktəbi bitirib. 1992-ci ildə hərbi xidmətə çağırılıb. Gəncə batalyonunun tərkibində Ağdərə bölgəsində qəhrəmanlıqla döyüşüb. 1993-cü il aprelin 2-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.
Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tural Bəşirov, məktəbin müəllimi Əhməd Rzayev və başqaları Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı tarixi qələbədən, bu zəfərin qazanmasında qəhrəman oğulların şücaətindən, Elşən kimi igidlərin Vətənə, torpağa sevgisindən söz açdılar.
Məktəblilərin ifasında səslənən şəhidlərə, Vətənə həsr olunan şeirlər tədbirə qəhrəmanlıq, iftixar duyğuları qatdı.
Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ehtiram əlaməti olaraq önünə gül dəstələri qoydular. Şəhidin qardaşı Elxan Bəşirov ailə üzvləri adından qayğıya görə ölkə başçısına, eləcə də tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
Zəfər ORUCOĞLU.