Milli Məclisin payız sessiyasında
Siyasət

Milli Məclisin payız sessiyasında

Dekabrın 26-da Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasın gündəliyinə 9 məsələnin daxil edildiyini diqqətə çatdırıb. O, gündəlikdəki ilk 7 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Arbitraj haqqında" Azərbaycan Respublikası qanununun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu bildirib. O, bu sənədlərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri olduğunu söyləyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Əli Hüseynli "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova növbəti məsələnin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib və sənədin bir oxunuşda qəbul ediləcəyini qeyd edib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, sonuncu məsələ Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı haqqındadır. O, qeyd edib ki, Milli Məclisin 23 deputatı Qərbi Azərbaycan İcmasının nümayəndələridir. Sahibə Qafarova nəzərə çatdırıb ki, onlar Bəyanat hazırlayıblar və Bəyanatı Milli Məclisdə səsləndirmək xahişi ilə parlamentin sədri kimi ona müraciət ediblər. Sədr Bəyanatı səsləndirmək üçün Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərova söz verib.

Sonra Əziz Ələkbərov İcmanın Bəyanatını oxuyub.

İclasda Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı nəzərə alınıb.

Bununla da Milli Məclisin keçirilən plenar iclası başa çatıb.