Bu yaşdan sonra artıq çəkinin də xeyri var imiş...
Britaniyalı elm adamları artıq çəki ilə bağlı indiyə qədər olan inancı təkzib ediblər. Belə ki, alimlər yaşlı insanlarda bir qədər artıq çəkili olmağın müsbət tərəflərini ortaya çıxarıblar. Onlar iddia edir ki, 65 yaşdan yuxarı insanlarda orta dərəcədə artıq çəki sümükləri gücləndirməyə və ciddi xəstəliklərdən qorumağa kömək edə bilər.
Mütəxəssislərin fikrincə, qocalma zamanı maddələr mübadiləsinin ləngiməsi piy yataqlarının yığılmasına gətirib çıxarır ki, bu da məşhur inancın əksinə olaraq fayda verə bilər. Araşdırmaya görə, yağ ehtiyatları, yaşlı nəslin iştahının zəifləməsinə səbəb olur ki, bu da onların həddindən artıq çəki problemi ilə üzləşməsinin qarşısını alır. Bundan əlavə, artıq yağ tədarükü müəyyən xəstəliklərdən qorumaqla bərabər, onların orqanizmində lazımi enerji və qida maddələrini təmin edir.
Həmçinin orta yağ təbəqəsi sümükləri travma nəticəsində zədələnmədən qoruyur. Belə ki, əlavə yağ təbəqəsi hərəkətliliyi və tarazlığı qorumaq üçün vacib olan əzələ itkisinin qarşısını almaqda böyük rol oynayır. Bu səbəbdən də mütəxəssislər yaşlı kişi və qadınlara bədən yağının müəyyən faizini saxlamasını tövsiyə edirlər. Bu kişilər üçün 13-24, qadınlar üçün isə 24-35 faizdir.
Suyu belə içmək təhlükəlidir
Çoxlarımız elə düşünürük ki, suyu nə qədər çox qaynadarsaq bir o qədər yaxşı dezinfeksiya etmiş olarıq. Lakin yeni araşdırmanın nəticələri göstərir ki, dəfələrlə qaynadılmış su insan sağlamlığı üçün çox təhlükəlidir.
Elm adamları müəyyən ediblər ki, suyun təmizlənməsi üçün bir dəfə qaynadılması kifayət edir. Ancaq su ikinci dəfə qaynadıldıqda bədəndə təhlükəli amilə çevrilə bilər. Alimlər iddia edir ki, bu cür su orqanizmdə xərçəngin inkişaf riskini artıran təhlükəli birləşmələr yaradır. Təkrar qaynama suda ilkin olaraq patogenləri öldürmək üçün əlavə edilən arsenik də yaradır ki, bu da onun tərkibindəki maddələrin konsentrasiyasını artırmaqla zəhərlənməyə səbəb ola bilər. Bundan əlavə, suda mövcud olan flüor təkrar qaynadıqdan sonra ftoridlərə çevrilərək qadınlarda sonsuzluq və uşaqların zehni inkişafdan qalma riskini artırır. Həmçinin suyun tərkibində olan nitratlar ikinci dəfə qaynamanın təsiri ilə nitrozaminlərə çevrilərək xərçəngin inkişafına yol açır.
Vaxtından əvvəl qocalmaq istəmirsinizsə...
Günümüzün ən çox istifadə olunan qidalarından biri də mayonezdir. Xüsusilə, "fast food" qidaların tərkibini (dönər, burger, kartof çubuqları və s.) onsuz təsəvvür etmək çətindir. Məhsulun əsas tərkib hissəsi yumurta olduğu üçün çoxlarına elə gəlir ki, onun sağlamlığa zərəri yoxdur. Lakin qida mütəxəssisləri mayonezdə olan doymamış yağ turşularının insanlarda yaşlanmanın sürətini artırdığını söyləyirlər.
Aparılan araşdırmalara görə, müntəzəm olaraq mayonezli qidalara üstünlük verənlərdə xroniki iltihab yaranır və bu da ən yaxşı halda tez qocalmaya səbəb olur. Məlumdur ki, mayonezlərin tərkibində çox miqdarda bitki yağı olur. Daha çox günəbaxan yağı istifadə edilir ki, onun da tərkibində araxid və linol turşuları var. Həmin turşular normadan artıq qəbul edilərsə, orqanizmdə iltihabi prosesləri aktivləşdirir və bu da gələcəkdə ürək-damar sistemindən tutmuş xərçəngə kimi bir çox təhlükəli xəstəliklərə yol aça bilər. Üstəlik mayonezin tərkibində yumurta sarısından çox istifadə olunduğundan qanda xolesterinin səviyyəsini artırır, damarlarda tıxanmalara səbəb olur. Qidaya əlavə olunan duz, şəkər isə piylənmə və qan təzyiqinin artmasına yol açır. Ona görə də mütəxəssislər xüsusilə marketlərdə satılan mayonezlərdən bacardıqca az istifadə etməyi, daha çox evdə hazırlananlara üstünlük verməyi tövsiyə edirlər.
Zəngli saatdan istifadə edənlərin nəzərinə
Virciniya Universitetində aparılan araşdırma zamanı məlum olub ki, zəngli saat səsinə qəfil oyanmaq arterial təzyiqi anidən qaldırır. Alimlər müəyyən ediblər ki, yatan insan, xüsusilə də yaşlılar qəfildən zəngli saat siqnalına səksənib oyandıqda, bu, onların ürək-damar sisteminə neqativ təsir edərək, hətta infarkt və insultla nəticələnə bilər.
Təcrübələr göstərib ki, təbii yolla oyanan insanların təzyiqi zəngli saatdan istifadə edənlərə nisbətən 74 faiz daha stabil olur. Belə ki, yüksək zəng səsinə oyandıqda qan təzyiqində qısamüddətli dalğavari sıçrayış baş verir. Bu isə yaşlı, xəstə insanlarda qəfil ölümlə nəticələnə bilər. Alimlər izah edirlər ki, zəng səsi səbəbindən simpatik sinir sistemi oyanır, nəticədə qan dövranında baş verən dəyişiklik ürəyin fəaliyyətini pozur. Bu halda damarlar sıxılmağa başlayır, beyin oksigensiz qala bilir.
Xüsusilə də insan gec yatıbsa, xroniki yuxusuzluq problemi varsa, ona qəfil zəng səsinə oyanmaq olmaz. Yaşlı insanların isə nəinki zəng səsinə ümumiyyətlə, yataqdan qəfil qalxması, sıçraması onların orqanizmində balansın pozulması ilə hipertoniyaya səbəb ola bilər.
Alimlər müəyyən ediblər ki, qaranlıq olan otaqda, orqanizmdə hər şeyin öz normasında getdiyi halda anidən zəngin çalması insanda ürək döyüntüsü ritmini dəyişir. Bu, davamlı olduğu halda bəzi insanlarda panik atak tipli vəziyyət də yarada bilər. Həmçinin, stresə də səbəb olan bu hal zamanla bir çox xəstəliklərin inkişafına gətirib çıxarır.
Hazırladı: Elenora HƏSƏNOVA,
"Respublika".