Çayı qaynar içənlər oxusun
Elə insanlar var ki, çay fincanda tüstülənməsə onu içmirlər. Amma çayı qaynar halda içməyin nə qədər ziyanlı olduğunu bilsələr yəqin ki, bu vərdişlərindən vaz keçərlər. Belə ki, aparılan yeni araşdırmalar qəhvə və çay kimi içkilərin həddindən artıq qaynar şəkildə içilməsinin olduqca zərərli olduğunu ortaya çıxarıb.
Tehran Tibb Universitetinin alimləri alkoqollu içkilər və tütün məmulatları kimi qaynar çayın da yemək borusu xərçənginə səbəb olduğunu iddia edirlər. Tədqiqatçılar müəyyən ediblər ki, qaynar içkilər boğaz toxumalarını zədələyir və bununla da xərçəngə yoluxma riskini artırır. Orta Şərq ölkələrində boğaz xərçəngi nisbətinin bu qədər yüksək olması qaynar çaydan istifadə ilə əlaqələndirilir. Çünki bu ölkələrdə siqaret və alkoqollu içkilərdən çox qaynar çaya üstünlük verilir.
Elm adamları araşdırma üçün 300 xərçəng xəstəsi və 571 nəfər xərçəngə tutulma riski yüksək olan insanın çay içmə vərdişlərini tədqiq edib. Araşdırmaya könüllü cəlb edilən insanların demək olar ki, hamısı müntəzəm olaraq qara çaydan istifadə edənlər olub. Tədqiqat nəticəsində qaynar halda fincana süzülən və bir neçə dəqiqə ərzində içilən çayın xərçəng riskini 5 dəfə artırdığı müəyyən edilib. Alimlər qaynar içki istehlakının nə üçün xərçəngə səbəb olduğunu istiliyin dərəcəsinin yüksək olması ilə əlaqələndirirlər.
Araşdırmanın nəticələri "British Medical Journal" tibbi jurnalda dərc olunub.
Beyin xərçəngini aşkar edən yeni test
İngiltərəli elm adamları tibb dünyasında bir ilkə imza atıblar. Belə ki, Nottingham Trent və Sheffield Universitetinin tədqiqatçıları beyin şişlərini aşkar etmək üçün ilk dəfə barmaq sancma testi hazırlayıblar.
Hər il dünyada 300 mindən çox insana beyin xərçəngi diaqnozu qoyulur və müalicə nisbətləri son bir neçə ildə artsa da, təkrarlanma riski qalmaqdadır. Məlumat üçün qeyd edək ki, beyin xərçəngi kəllədəki hüceyrələr nəzarətsiz şəkildə böyüyərək çoxaldıqda baş verir. Beyin toxumasında anormal böyüyən hüceyrələr kütlə və ya şiş əmələ gətirir və kəllə sümüyünə təzyiq göstərməyə başlayır. Bu vəziyyət kəllədaxili təzyiqin artmasına səbəb olaraq müxtəlif nevroloji və epileptik pozuntular üçün şərait yaradır.
Müalicədən sonra şişlərin gözlənilmədən yenidən geri qayıtması onların erkən aşkarlanmasını çətinləşdirir. Tədqiqatçılar barmaq sancması ilə işləyən yeni testlərin dünyada on minlərlə insanın ömrünü uzadacağını iddia edirlər. Alimlər bu testin həmçinin MRT müayinələrinə ehtiyacı azaldaraq bəzi kliniki təyinatlara sərfəli alternativ təqdim etməklə səhiyyə sistemlərinin yükünü əhəmiyyətli dərəcədə azalda biləcəyinə ümid edirlər.
İmmunitetimizi gücləndirir, gözlərimizə nur verir...
Ən sevilən sitrus meyvələrindən biri olan naringinin faydaları saymaqla bitməyəcək qədər çoxdur. Tərkibində C, A, B vitaminləri, kalsium, lif, potasium, dəmir və fosfor olan naringi sağlamlıq mənbəyidir. İmmunitet sistemini gücləndirməkdən tutmuş, xərçəng riskini azaltmağa qədər bir çox faydaları var.
Bu meyvə immuniteti gücləndirməklə yanaşı, hüceyrələrdə zədələnmə prosesini dayandırır. Tərkibindəki fitokimyəvi maddələr sayəsində orqanizmə antikanserogen təsir göstərərək xərçəng şişlərinin böyüməsinin qarşısını alır.
C vitamininin gündəlik dəyərinin üçdəbirini ehtiva edən və sərbəst radikallara qarşı aktiv mübarizə aparan antioksidantlarla zəngin olan naringi dərini cavanlaşdırır. Eyni zamanda dişlərə və diş ətinə də faydalı təsir göstərir. Naringi aşağı qlisemik indeksə malik bir meyvə olduğu üçün qan şəkərini tənzimləyir. Bu meyvənin az bilinən faydalarından biri də qanda pis yağları azaltmağa kömək etməsidir. Antioksidantlarla zəngin olan naringi istehlakının xolesterolu aşağı saldığı məlumdur. Eyni zamanda ürək xəstəliyinə də yaxşı təsir edir. Meyvənin həmçinin yüksək kalium və aşağı natrium tərkibi isə qan təzyiqini tarazlayır. O, A vitamini və karotenoidlərlə zəngin olduğundan gözü sarı ləkə xəstəliyindən qoruyur. Həmçinin gözdəki təzyiqi azaldaraq göz sağlamlığına qoruyucu təsir göstərir. B12 vitamini ilə zəngin olan naringi saçın strukturunu gücləndirərək saç tökülməsinin qarşısını alır və ağarma prosesini ləngidir.
Unutmayaq ki, hər meyvə və tərəvəzdə olduğu kimi, naringi istehlakında da diqqətli olmaq lazımdır. Bir dəfəyə 2 porsiyadan artıq naringi yemək sağlamlığa mənfi təsir edə bilər. Qeyd edək ki, həddindən artıq meyvə istehlakı qan şəkərini yüksəldir. Bu da qarın və qaraciyər ətrafında piylənməyə səbəb olur.
Gen terapiyası xolesterolu aşağı salacaq
Elm adamları xolesterolla mübarizənin yeni üsulunu tapıblar. "Hürriyyət" qəzetində yayımlanan məlumata görə ABŞ-ın "Verve Therapeutics" adlı biokimya şirkətinin mütəxəssisləri xolesterolu aşağı salmaq üçün yeni gen terapiyası hazırlayıblar.
Yeni metodla xolesterinin yüksəlməsinə səbəb olan gen təsirsiz hala gətirilir. Beləliklə, xolesterolda yüzdə 50-yə qədər azalma əldə olunur. Mütəxəssislər bu nəticənin ürək xəstəlikləri ilə mübarizədə əhəmiyyətli rol oynayacağına ümid edirlər.
Tədqiqatlar təxminən on il əvvəl pis xolesterin olaraq da bilinən LDL xolesterol səviyyəsinin azalmasına səbəb olan bir gen mutasiyasının aşkarlanması ilə başlayıb. Təcrübələr çərçivəsində xəstələrə xolesterolun yüksəlməsinə səbəb olan "PCSK9" adlı genin funksionallığını aradan qaldırmaq üçün geni dəyişdirən dərman verilib. Dərman xolesterolun sintez mərkəzi olan qaraciyər hüceyrələrinə nüfuz edərək öz funksiyasını göstərib. Təcrübələr ABŞ-da cəmi 10 xəstə üzərində aparılsa da, ekspertlər klinik sınaq nəticələrinin yüksək potensial imkanlarına malik olduğunu bildirib.
Hazırladı: Elenora HƏSƏNOVA,
"Respublika".