Son vaxtlar Xaçmaz şəhərinin siması xeyli dəyişib. Burada tikinti-quruculuq işlərinin miqyası artıb. Şəhərdə yeni çoxmərtəbəli binalar ucaldılmış, park, xiyaban və yaşıllıq zolaqları salınmış, bir çox küçələrə asfalt örtük çəkilmiş, küçə, meydan və parkların işıqlandırma sistemi yenilənmişdir. Görülən işlər barədə məlumat verən rayon icra hakimiyyəti başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Emin Ağayev deyir: 43 min nəfər əhalinin yaşadığı şəhərimiz ildən-ilə böyüyür, gözəlləşir. Son dövrlərdə şəhərimizdə bir sıra abadlıq-quruculuq işləri aparılmışdır. On üç küçəyə yeni asfalt örtük döşənmiş, təmir işləri görülmüşdür. Əhalinin və nəqliyyatın rahat hərəkəti üçün şəhərin baş küçəsi olan 2 kilometr uzunluğunda N.Nərimanov prospektinin hər iki tərəfinə tava daşları döşənmişdir. Qeyd edim ki, burada işlər artıq başa çatmaq üzrədir.
Məlumdur ki, şəhər təsərrüfatında çox vacib sahələrdən biri də işıqlandırma sistemidir. Şəhərimizdə bu sahədə yeniliklər çoxdur. Bakı prospekti, Bayraq meydanı, Çənlibel parkı, "Heydər bulağı", "İlham bulağı" və digər ərazilərdə işıqlanma sistemi yenidən qurulmuş, kabel xətləri təzələnmişdir. Şəhərin "Quba yolu" adlanan ərazisində də işıq dirəkləri tamamilə yenilənmiş, küçəyə yaşıllıqlardan ibarət istinad divarı çəkilmişdir. Köhnə çoxmərtəbəli binaların təmir olunması, müasir görkəmə salınması istiqamətində də xeyli iş görülüb. N.Nərimanov prospektində, Natavan, H.Z.Tağıyev küçələrində çoxmərtəbəli yaşayış binalarının dam örtüyü əsaslı təmir edilmişdir. Yaxın vaxtlarda Heydər Əliyev prospektindəki 30 saylı binanın əsaslı təmiri də nəzərdə tutulmuşdur. Şəhərin arxitekturasına xələl gətirən sahibkarlıq subyektlərinə məxsus ticarət, ictimai iaşə və digər binaların fasad hissələri şəhərin arxitekturasına uyğun təmir olunmuşdur. Ümumiyyətlə, şəhərdə tikinti aparılarkən tərəfimizdən şəhərsalma qaydalarına əməl edilməsinə ciddi nəzarət olunur.
Şəhərin park, meydan və yaşıllıq zolaqlarında təmizlik, təmir-bərpa işləri aparılır, ağacəkmə kampaniyaları həyata keçirilir. Cari il ərzində təkcə Bakı prospektində 1500-dən çox müxtəlif növ həmişəyaşıl ağaclar əkilmişdir. N.Nərimanov prospektinin yuxarı hissəsində qoyulmuş Ulu Öndərin böyük portreti ətrafında 80 kubmetr sahəsi olan qazon salınmış, burada müxtəlif növ ağac və bəzək kolları əkilmişdir. Hazırda şəhərin park, meydan və yaşıllıq zolaqlarında xəstəlik və zərərvericilərə qarşı aqrotexniki tədbirlər həyata keçirilir, ağaclar budanır və qurumuşları yenisi ilə əvəz olunur. Yaxın günlərdə şəhərdə payız ağacəkmə kampaniyasına start veriləcəkdir. Qarşıda görüləsi işlərimiz çoxdur. Şəhərimizin daha müasir və daha gözəl görkəm alması üçün tərəfimizdən zəruri tədbirlər davamlı olacaqdır.
Ziyafəddin BAYRAMOV,
"Respublika".