Yevlax rayonunun Gülövşə kəndində şəhid Rəhimov Təbriz Rəhim oğlunun doğum günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları şəhidin ailə üzvlərinə başsağlığı verib, ruhuna dualar oxuyublar.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev və ŞİHB aparatının məsul şəxsləri, Milli Məclisin Yevlaxdan seçilmiş deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, "Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının Tanıtma" İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədri Mədəd Süleymanov, şəhidin ailə üzvləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhidin döyüş yoldaşları, kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, şəhid Təbriz Rəhimov 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklər göstərmişdir. Müharibədən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmətinə davam edən Təbriz Rəhimov Ermənistan ordusunun sentyabr ayının 12-si və 13-də Azərbaycan Respublikasının Qərb istiqamətində sərhəd boyu törətdiyi təxribatların qarşısının alınması zamanı Zəngilan rayonunda qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Prezidentinin sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Yaşadığı küçəyə şəhidin adı verilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Vətən müharibəsi veteranı, ehtiyatda olan kapitan Xaliq Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində erməni ordusunu darmadağın edərək qazandığı Qələbənin tarixi əhəmiyyətindən söhbət açıb. Bu tarixi Qələbənin əldə olunmasında yevlaxlı gənclərin də həmvətənləri ilə çiyin-çiyinə vuruşduqlarını və Vətən torpaqlarının düşmən işğalından azad olunması naminə canlarından keçdiklərini vurğulayıb. Bu qəhrəmanlığın nəsillərə əbədi örnək olduğunu, hər bir gənci bu nümunəyə layiq olmaq üçün Vətəninə, xalqına və dövlətinə sədaqətlə xidmət etməyə çağırıb.
Şəhid ailələrinin üzvləri Azərbaycan oğullarının Vətənə sədaqətindən, torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə necə ürəklə yollanmalarından, onların qısa, lakin şərəfli ömür yolundan danışmış və təki Vətən sağ olsun - demişlər. Eyni zamanda şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Anım mərasimində çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, "Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının Tanıtma" İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədr müavini Vətən müharibəsi iştirakçısı, yazıçı, jurnalist Natiq Əlisoy şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
Daha sonra, şəhidin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi keçirilib. Tədbirdə Gülövşə kənd tam orta məktəbinin şagirdləri və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.
Zabit XƏLİLOV,
"Respublika".