DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ENTONİ BLİNKEN NÖVBƏTİ DƏFƏ İSRAİLƏ SƏFƏR EDİB

ABŞ-ın dövlət katibi Entoni Blinken noyabrın 3-də İsrailə səfər edib. Dövlət katibi İsrailin baş naziri Benyamin Netanyahu və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Dövlət katibi mətbuat konfransında bildirib ki, İsrail rəsmiləri ilə danışıqlarında humanitar fasilədən daha çox yardımın göstərilməsinə imkan yaratmaq, girovların azad edilməsini təmin etmək və HƏMAS-ın müvəqqəti fasilədən öz xeyrinə istifadə etməsinin qarşısını almaqla bağlı müzakirələr aparıb.

İsrailin özünümüdafiə hüququnun olduğunu vurğulayan Entoni Blinken “bunu necə həyata keçirməyin daha önəmli olduğunu” da diqqətə çatdırıb. O, fələstinliləri müdafiə etməyin düzgün addım olduğunu, əksinə bunu etməməyin HƏMAS-ın əlinə fürsət verdiyini qeyd edib.

Blinken həmçinin bəyan edib ki, qətliamın israilli uşaqlara necə təsir etdiyini izləyəndə kədərləndiyi kimi, İsrailin bombaladığı binaların dağıntıları altından fələstinli uşaqların çıxarılmasını seyr edən zaman da kədərlənir.

ABŞ dövlət katibinin sözlərinə görə, HƏMAS fələstinlilərdən canlı qalxan kimi istifadə edir, döyüş texnikalarını və silahlarını yaşayış binalarına, məktəblərə, məscidlərə, xəstəxanalara yerləşdirir.

MACARISTAN TERRORÇULARIN Aİ ƏRAZİSİNƏ DAXİL OLMASINDAN NARAHATDIR

Macarıstana və digər Avropa İttifaqı ölkələrinə keçməyə çalışan qeyri-qanuni miqrantlar arasında “Əl-Qaidə” və “İŞİD” də daxil olmaqla bir sıra terror qruplarının yaraqlıları ola bilər. “Report” agentliyinin xəbərinə görə, bu barədə Macarıstanın kəşfiyyat xidmətinin Milli İnformasiya Mərkəzinin hazırladığı terrorla qeyri-qanuni miqrasiya arasında əlaqəyə dair hesabatda qeyd olunur.

Məlumata əsasən, oktyabrın 25-də mərkəzin rəhbəri, briqada generalı Zoltan Andras Kovaç tərəfindən imzalanan 10 səhifəlik sənəd ölkə parlamentinin saytında yerləşdirilib.

Macarıstanın hakim Vətəndaş Birliyi Partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib ki, araşdırma Brüsselin məsuliyyətsiz miqrasiya siyasətinin Avropanın təhlükəsizliyinə nə dərəcədə təhlükə yaratdığını, Asiya və Yaxın Şərqdən aralarında terrorçuların da ola biləcəyi qeyri-qanuni miqrantların axınına səbəb olduğunu açıq şəkildə göstərir.

ÇİN BMT-YƏ FƏLƏSTİN-İSRAİL PROBLEMİ İLƏ BAĞLI ÇAĞIRIŞ EDİB

Beynəlxalq ictimaiyyət İsrail-Fələstin probleminin həllini iki dövlət prinsipini əsas götürərək məsələnin hərtərəfli həllinə yardım etmək üçün daha çox səy göstərməlidir. “TASS” agentliyinin xəbərinə görə, bunu Çinin BMT-dəki nümayəndəsinin müavini Qen Şuan təşkilatın xüsusi komitəsinin iclasında bəyan edib.

Qen Şuanın sözlərinə görə, Çin mülki şəxslərə zərər vuran bütün hərəkətləri pisləyir və beynəlxalq hüququ pozan istənilən praktikaya qarşı çıxır. O, qeyd edib ki, ölkəsi vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün tərəfləri mümkün qədər tez atəşkəs əldə etməyə çağırır.

Çin rəsmisi bəyan edib ki, Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır, eləcə də mövcud böhranın həllində öz layiqli rolunu oynamalıdır.

“Çin BMT-nin yaradıcılarından biri və Təhlükəsizlik Şurasının daimi üzvü kimi hər zaman obyektiv və ədalətli mövqeyini qoruyub, regional və beynəlxalq problemlərin sülh yolu ilə həllində fəal rol oynamaq niyyətindədir”, - deyə Qen Şuan əlavə edib.

İOSİF STALİNİN MALİKANƏSİ HƏRRACDA SATILIB

İosif Stalinin Rusiyanın Moskva vilayətinin Mıtişi rayonunda yaşadığı “Lipki-Alekseevskoye” malikanəsi 403,5 milyon rubla satılıb. Məlumata görə, hərracda yeganə iştirakçı “Krasnodar MMC Consulting and Law” şirkəti olub, və şirkət əmlakı ilkin qiymətə də alıb.

Bildirilir ki, lotun qiymətinə həmçinin 38 hektar ərazi və ümumi sahəsi 3,8 min kv.m olan daşınmaz əmlak da daxildir.

Məlumata əsasən, sözügedən malikanə XIX əsrdə Moskva vilayətinin Mıtişi rayonunda inşa edilib. Qeyd edilir ki, İosif Stalin bu malikanədə 1932-1934-cü illərdə yaşayıb.

Sonrakı onilliklərdə obyekt dövlətə məxsus bağ evi kimi istifadə edilib. 1989-cu ildə isə bu ərazidə ağır xəstəlikləri olan uşaqlar üçün reabilitasiya mərkəzi yerləşdirilib. 2004-cü ildən isə bina rekonstruksiya işləri ilə əlaqədar bağlanmışdı.

ERMƏNİSTAN HÖKUMƏTİ RUSİYA İLƏ PROBLEMLƏRİ HƏLL ETMƏYƏ QƏRARLIDIR

Ermənistan Rusiya ilə problemləri konstruktiv şəraitdə həll etməkdə qərarlıdır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın iclasında bəyan edib.

XİN başçısının sözlərinə görə, Rusiya ilə münasibətlərdə müəyyən problemlər mövcuddur. O, əlavə edib ki, bəzi məsələlər Ermənistanın maraqlarına uyğun gəlmir və böyük ehtimalla Rusiyanın da münasibəti eynidir.

“Biz əminik ki, problemləri konstruktiv mühitdə anlamaq, onları həll etmək, qarşılıqlı dostluq və əməkdaşlıq ruhunda irəlilətməkdən başqa mövqeyimiz yoxdur”, - deyə Mirzoyan vurğulayıb.

Bununla yanaşı, nazir qeyd edib ki, bu proses təkcə bir tərəfdən asılı deyil. O bildirib ki, Ermənistan Rusiya ilə münasibətlərini inkişaf etdirməyə davam edəcək.

Məlumat üçün qeyd edək ki, son aylar ekspertlər Ermənistan-Rusiya münasibətlərinin ardıcıl pisləşməsinə diqqət çəkirlər.

Aİ ƏHALİNİN DEPRESSİYASI SƏBƏBİNDƏN HƏR İL 600 MİLYARD AVRO İTİRİR

Avropa İttifaqı əhalisinin Ukrayna müharibəsi və koronavirus pandemiyası səbəbindən depressiyalı psixik vəziyyəti hər il birliyə 600 milyard avroya başa gəlir. “Trend” agentliyinin xəbərinə görə, bu barədə “Polşa İqtisadiyyat İnstitutu” analitik mərkəzi məlumat yayıb.

“Avropa İttifaqının 27 ölkəsində

 və Böyük Britaniyada psixi sağlamlıqla bağlı problemlər ümumdaxili məhsulun 4,2 faizinə, yəni 600 milyard avroya başa gəlir. Bu itkilərin üçdəbirindən çoxu məşğulluq və məhsuldarlığın azalması ilə bağlıdır”, - deyə institutun açıqlamasında bildirilir.

Məlumata əsasən, psixika ilə bağlı pozğunluq təkcə Avropa İttifaqının deyil, bütün dünya iqtisadiyyatının probleminə çevrilib.

Eyni zamanda, Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2030-cu ilədək bu cür xəstəliklərin müalicəsi bütün qeyri-infeksion xəstəliklərlə mübarizə xərclərinin yarısını təşkil edəcək.

LATVİYADAN RUSİYA DÖVLƏT NÖMRƏ NİŞANLI AVTOMOBİLLƏRƏ QADAĞA

Latviyada Rusiya dölvət nömrə nişanlı avtomobillər 2024-cü il fevralın 14-dək qeydiyyata alınmazsa, onlar müsadirə ediləcək. “Report” agentliyinin məlumatına görə, Latviya Seymi Avropa İttifaqının sanksiyalarını həyata keçirmək və təhlükəsizlik risklərini azaltmaq üçün son oxunuşda yol hərəkəti qanununa düzəlişləri dəstəkləyib.

Verilən xəbərə əsasən, dəyişikliklər Rusiya avtomobillərinin müəyyən edilmiş müddətdə Latviyada qeydiyyata alınmadığı təqdirdə onların yolda hərəkətinə icazə vermir.

Eyni zamanda, vurğulanıb ki, avtomobil növbəti ilin fevral ayının 14-dən gec olmayaraq qeydiyyatdan keçirilməli və ya Latviyadan çıxarılmalıdır. Müddət bitdikdən sonra dövlət qeydiyyatı olmayan Rusiya avtomobili aşkar edilərsə, o, müsadirə olunaraq Ukraynaya təhvil veriləcək.

Sözügedən qadağa avtomobil 24 saat ərzində Latviya ərazisindən tranzit keçdikdə, eləcə də diplomatlar tərəfindən istifadə edildikdə tətbiq edilməyəcək. Bununla yanaşı, Latviyada qeydiyyatda olmayan Rusiya avtomobilindən icazəsiz istifadəyə görə də cərimə tətbiq edilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.