DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MAHMUD ABBAS: HƏMAS XALQIMIZIN TƏMSİLÇİSİ DEYİL

HƏMAS-ın hərəkətləri və siyasəti Fələstin xalqının maraqlarını əks etdirmir. “Report” agentliyinin “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin prezidenti Mahmud Abbas venesuelalı həmkarı ilə telefon danışığı zamanı bildirib.

Eyni zamanda, Mahmud Abbas Fələstin Azadlıq Təşkilatını öz xalqının yeganə qanuni təmsilçisi olduğunu diqqətə çatdırıb.

Agentliyin məlumatına əsasən, prezident hər iki tərəfdən dinc sakinlərin öldürülməsini qəbuledilməz hesab edib və hər iki tərəfdən mülki şəxslərin, əsirlərin və saxlanılanların azad edilməsinə çağırış edib.

Qeyd edək ki, Mahmud Abbas Fələstin dövlətinin birinci prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir.

GÜRCÜSTAN KONSTİTUSİYA MƏHKƏMƏSİ ZURABİŞVİLİNİN İMPİÇMENTİNİ TƏSDİQLƏYİB

Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin impiçmentinə dair tələbi təmin edib. “Trend” agentliyinin verdiyi xəbərə əsasən, bu barədə məhkəmənin sədri Merab Turava məlumat yayıb.

Bildirilir ki, Konstitusiya Məhkəməsinin 6 üzvü impiçment qərarını dəstəkləyib, üçü isə qərara qarşı çıxıb.

Məlumata görə, Gürcüstan parlamenti iki həftəlik müddət ərzində prezidentin impiçment qaydasında vəzifədən kənarlaşdırılması məsələsini nəzərdən keçirərək səsverməyə qoymalıdır. İmpiçment barədə qərarı parlamentin ən azı 100 deputatı dəstəkləməlidir.

Xatırladaq ki, ötən ay Gürcüstanın “Gürcü arzusu” hakim partiyası prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunu başladıb.

Qeyd edək ki, impiçment barədə qərara səbəb ölkə başçısının konstitusiyanı pozaraq Avropaya səfərləri hakimiyyətlə razılaşdırmamasıdır.

DÜNYADA 1 MİLYARDDAN ÇOX İNSAN YOXSULLUQLA MÜBARİZƏ APARIR

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) 110 ölkədə 1,1 milyard insanın yoxsulluqla mübarizə apardığını açıqlayıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Qeyd edək ki, 1992-ci il dekabrın 22-də yoxsulluqla mübarizə ilə bağlı qəbul edilən qərarla BMT 17 oktyabrı Ümumdünya Yoxsulluqla Mübarizə Günü elan edib. Bu kontekstdə BMT təşkil etdiyi tədbirlərlə beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etməyə çalışır.

Verilən xəbərə əsasən, dünyadakı hər 6 yoxsul insandan 5-i Qara Afrika və ya Cənubi Asiyada yaşayır. Bölgələr üzrə bölgüyə nəzər saldıqda, Qara Afrika bölgəsində yaşayanların 47,8 faizinin yoxsulluqla mübarizə apardığı halda, Cənubi Asiyada bu nisbətin 34,9 faiz olduğunu görmək mümkündür.

UNDP-nin məlumatlarına görə, dünyada yoxsulluq səviyyəsinin artımını azaltmaq və gündə 3,65 dollardan az pulla yaşayan milyonlarla insanı yoxsulluqdan çıxarmaq 14 milyard dollardan bir qədər çox vəsaitlə mümkündür.

ABŞ ÇİNƏ ÇİP İXRACI İLƏ BAĞLI MƏHDUDİYYƏTLƏR TƏTBİQ EDƏ BİLƏR

ABŞ administrasiyası süni intellekt çiplərinin və onların istehsalı üçün avadanlıqların Çinə ixracına dair yeni nəzarət tədbirlərini elan etməyə hazırlaşır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Axios” nəşri ABŞ prezidenti Cozef Baydenin administrasiyasındakı yaxın mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, yeni məhdudiyyətlərin ixraca nəzarət boşluqlarını bağlayacağı və bir qədər güclü olan çiplərə tətbiq ediləcəyi gözlənilir.

Bundan əlavə, gözlənilən tədbirlər qabaqcıl yarımkeçiricilərin istehsalı üçün istifadə olunan avadanlıqların ixracını məhdudlaşdıraraq ABŞ ixracını Yaponiya və Hollandiya tərəfindən qoyulan qaydalara uyğunlaşdıracaq.

Xatırladaq ki, ötən il ABŞ Çinə yüksək texnologiyalı çiplərin və onların istehsalı üçün avadanlıqların tədarükünə genişmiqyaslı ixrac məhdudiyyətləri tətbiq edib. Lakin bu məhdudiyyətlərdə qadağalardan yan keçmək üçün boşluqların olduğu bildirilir.

VLADİMİR PUTİN: QƏRBİN TƏŞVİQ ETDİYİ DÜNYA NİZAMI CƏFƏNGİYYATDIR

“Qərb dövlətlərinin guya qaydalara əsaslanaraq təbliğ etdiyi dünya nizamı cəfəngiyyatdır, çünki bu qaydaları heç kim görməyib və onlarla razılaşmayıb”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Çin mətbuatına müsahibəsində bəyan edib.

“Bu qaydaları heç görmüsünüz? Xeyr, çünki onları heç kim yazmayıb və heç kim heç kimlə razılaşdırmayıb. Heç kimin görmədiyi qaydalara söykənən nizamdan necə danışmaq olar? Sağlam düşüncə nöqteyi-nəzərindən bu cəfəngiyatdır”, - deyə dövlət başçısı qeyd edib.

Prezident əlavə edib ki, Qərb zaman-zaman özünə sərfəli qaydalar irəli sürür. Bu isə, Putinin fikrincə, özlərini həmişə birinci dərəcəli insanlar hesab edən Qərb ölkələrinin müstəmləkəçi yanaşmasını ortaya qoyur.

Bu ölkələr, eyni zamanda sivilizasiyanın faydalarını başqa dövlətlərə də gətirdiklərini iddia edirlər. Məsələn, ABŞ-ın siyasi elitasının öz eksklüzivliyini bəyan etməsində Putin müstəmləkəçi düşüncənin əsaslarını görüb.

POLŞADA ÜMUMXALQ REFERENDUMU BAŞ TUTMADI

Polşada oktyabrın 15-də parlament seçkiləri ilə birgə keçirilən referendum baş tutmayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə yerli “Rzeczpospolita” qəzeti bildirib.

Məlumata əsasən, referendumda seçicilərin 40 faizi iştirak edib. Bu say isə referendumun baş tutmaması deməkdir. Polşanın seçki ekspertləri bildiriblər ki, ümumxalq səsverməsində seçicilərin yarıdan çoxu iştirak edəcəyi halda onun nəticələri məcburi xarakterlidir.

Bildirilir ki, referendumda dörd məsələyə cavab verilməli imiş: dövlətin xarici şirkətlərdəki hesablarının satılması, pensiya yaşının artırılması, Belarusla dövlət sərhədində tikilmiş divarın sökülməsi, qanunsuz miqrantların ölkəyə qəbul edilməsi.

Eyni zamanda, qeyd edilib ki, Polşada təkrar referendum gözlənilmir.

Xatırladaq ki, oktyabrın 15-də Polşada parlament seçkiləri də keçirilib. Ali qanunverici orqana seçkilərdə iştirak edən seçiciyə referendumla da bağlı bülleten verilirmiş. Seçicilərin bu siyasi kampaniya ilə bağlı bülleteni qəbul etmədikləri də vurğulanır.

AVROPA İTTİFAQININ QAZ EHTİYATLARI TARİXİ MAKSİMUMA ÇATIB

Avropa İttifaqında (Aİ) ümumi qaz ehtiyatları bütün tarixi ərzində mütləq maksimuma çatıb. “Trend” agentliyinin xəbərinə görə, bu nəticəyə “Gas Infrastructure Europe”un məlumatlarına əsasən gəlinib.

Bildirilir ki, hazırda Avropanın yeraltı qaz anbarları 97,89 faiz doludur ki, burada 107,75 milyard kubmetr qaz var. Avropa ölkələri hələ avqustun ortalarında öz yeraltı anbarlarını isitmə mövsümü üçün nəzərdə tutulan 90 faizə qədər qazla doldurublar. Daha əvvəl Avropa Komissiyası belə göstəricilərə yalnız noyabr ayına qədər nail olunacağını gözləyirdi.

Məlumata əsasən, bundan əvvəl Aİ-nin yeraltı qaz anbarlarının mütləq maksimum doluluğu 28 oktyabr 2019-cu ildə müşahidə edilib ki, bu da 97,84 faiz təşkil edib.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi daha əvvəl Avropanın öz qaz anbarlarını, demək olar ki, 100 faizə qədər doldura biləcəyini bildirmişdi. Lakin vurğulamışdı ki, hətta yüksək həcmdə ehtiyatlar belə, qış soyuq keçəcəyi və Rusiyadan qaz nəqli tamamilə dayandırılacağı halda bazarda qeyri-sabitliyə səbəb ola bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.