Dostlarınız nə qədər çox olarsa...
Harvard Universitetinin tədqiqatçıları 85 illik araşdırmadan sonra xoşbəxtliyin sirrini tapıblar. 2 minə yaxın insan haqqında olan məlumatları analiz edən elm adamları xoşbəxtliyin sirrinin sosiallaşmaqda olduğunu söyləyirlər.
Saysız-hesabsız sorğu, müsahibə, sağlamlıq müayinələri, bank, xəstəxana və həbsxana məlumatlarının nəticələrini araşdıran elm adamları belə qənaətə gəliblər ki, xoşbəxtliyin sirri nə pulda, nə də ki, hər hansı bir cəhətdən üstünlükdədir. Elm adamları həyatda xoşbəxtliyə səbəb olan ən mühüm amilin qurulan yaxın münasibətlərdə olduğunu görürlər. Alimlərin fikrincə, insanların ətrafında nə qədər çox güvənə biləcəyi dost-tanışları olarsa, onlar bir o qədər çox sağlam və uğurlu həyat sürərlər.
Araşdırmada ortaya çıxan əsas məqam odur ki, insanların sosial olması onları maddi durum və ya ağıla gələn digər əsas faktorlardan daha çox xoşbəxt edir. Bəzi xəstəliklərin genetik səbəblərdən yarandığını, pis maddi durumun insanların hüzurunu pozduğunu bilsək də, araşdırma bunların insanların əhvalına az təsir etdiyini ortaya qoyur. Məsələn, tədqiqatın nəticələri göstərir ki, yüksək xolesterolu olan və ya hipertoniya diaqnozu qoyulmuş bir insanın yaxın və səmimi dostları varsa, o, yaşıdlarından daha uzun və sağlam yaşayır. Bir sözlə, xoşbəxtliyə gedən yol dostluq və yoldaşlıqdan keçir. Ona görə də xoşbəxt olmaq istəyirsinizsə, çoxlu dostlar qazanın. Nə qədər çox dostunuz olarsa, bir o qədər çox xoşbəxt olarsınız.
İnformasiya "Sözcü" veb saytında yayımlanıb.
Dejavü nədir?
Yəqin ki, çoxlarınız ömründə bir dəfə də olsa özünüzü hansısa hadisəni daha əvvəl yaşamış və yaxud ilk dəfə getdiyiniz bir yerdə daha əvvəl olmuş kimi hiss etmisiniz. Bu hissin adı dejavü adlanır. Bəs bu hal hansı səbəbdən yaranır? Bu psixoloji bir xəstəlikdirmi?
Dejavü fransız terminidir, "deja" (artıq) və "voir" (görmək) sözlərindən əmələ gəlib, "əvvəlcədən görülmüş" mənasını verir. Dejavü insanın qəflətən, gözlənilmədən o anı daha əvvəl yaşamış hiss etməsidir. Araşdırmalar nəticəsində məlum olub ki, dünyada insanların 90 faizi həyatı boyu ən azı beş dəfə dejavü yaşayır. Dejavünü çox zaman reinkarnasiya (ruhun bir bədəndən digərinə keçməsi) və halusinasiya (real olmayan bir şeyi gerçəklik kimi görmək) ilə əlaqələndirməyə çalışsalar da, tədqiqatlar nəticəsində məlum olub ki, beyinin bir çox bölgəsi bu hissin yaranmasına böyük təsir göstərir. Bəzi alimlər dejavünün mistik güc, yəni reinkarnasiya nəticəsində ortaya çıxdığını iddia edirlər.
Uzun illər psixiatrlar bu halı "basdırılmış duyğuların yenidən oyanışı" kimi qəbul ediblər. Onların fikrincə, bu, sinir böhranı nəticəsində meydana gələn yanılma halıdır. Hətta bəzi insanlar "dejavü"nün əvvəlki həyatla əlaqədar olduğunu da düşünürlər. Belə insanlara görə, sanki onlar dünyaya ikinci dəfə gəlir və hər hansı anı təkrar yaşayırlar. Dejavü üzərində uzun illər araşdırmalar aparılsa da, bu hal hələ də elmə naməlum olaraq qalır.
Quş südü həqiqətən mövcuddurmu?
Adətən süfrənin zənginliyini təsvir etdiyimiz zaman "süfrədə quş südündən başqa hər nə desən var idi" ifadəsini işlədirik. Çoxlarımız elə düşünürük ki, quşlar məməli olmadığından onların südü olmur. Lakin bu, əslində belə deyil...
İndiyə qədər aparılan araşdırmalar zamanı məlum olub ki, flaminqo, göyərçin və pinqvinlər balalarını yumurtadan çıxdıqdan sonra 15 gün ərzində bədənlərinin ifraz etdiyi xüsusi maddə ilə bəsləyirlər. Quşların laktasiya dövründə yaranan bu maddəyə quş südü deyilir.
Göyərçin və pinqvinlərdə bu maddə sarımtıl kəsmiyə, flaminqolarda isə qırmızı rəngdə olduğundan qana bənzəyir. Həddən artıq qidalandırıcı tərkibə malik olan quş südü enzimlər, karotinoidlər, B vitaminləri ilə zəngindir. Quş südü birbaşa bala quşun qaraciyərində, dərisində və tüklərində toplanır. Bu maddə bala quşların tez böyümələrinə və immunitetlərinin güclənməsinə yardım edir. İnsanlar üçün də çox faydalıdır. Onu da qeyd edək ki, bu süd yalnız sözügedən quş növlərində mövcuddur.
Stresdən qorunmaq üçün bunları edin
İngiltərədə keçirilən sorğu zamanı diqqətçəkən nəticələr ortaya çıxıb. Məlum olub ki, gün ərzində görülən bəzi işlər stresin qarşısını ala bilər.
Sorğuda iştirak edənlərin böyük əksəriyyəti gündəlik işlərə vaxt ayırmaqla stresdən uzaq olduqlarını söyləyib. Təxminən 2000 nəfərin iştirak etdiyi sorğuda insanların 31 faizinin bağçılıqla məşğul olduğu, 28 faizinin isə yuyulmuş çamaşırları asmaqla stresə qalib gəldikləri məlum olub. Sorğu iştirakçılarının 18 faizi isə ev təmizliyi ilə məşğul olmağın əhvali-ruhiyyələrinə müsbət təsir etdiyini söyləyib. İştirakçılar arasında ən çox yayılmış "fəaliyyət" növü isə çay və ya qəhvə hazırlamaq olub. Bu, sorğuda iştirak edənlərin 49 faizini təşkil edib.
"Gündəlik işlər beyində sevinc hormonu kimi də tanınan endorfinin sərbəst buraxılmasına səbəb olur ki, bu da narahatçılığın azalması və əhvali-ruhiyyənin yüksəlməsinə gətirib çıxarır", - deyə psixoloq dr. Lisa Dorn qeyd edib.
Qeyd edək ki, endorfin bədəndə ağrının azalması üçün beyin neyronları tərəfindən ifraz olunan maddədir. O, hipofiz vəzisindən sintez edilən beta-lipotrofin maddəsinin sayəsində yaranır və ağrını azaltmaq üçün sinirləri keyidir.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".