Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Mirzə İbrahimov

Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatımızın böyük dayağı, dramaturq və ictimai xadim Mirzə İbrahimov... "Gələcək gün", "Böyük dayaq", "Kəndçi qız", "Pərvanə" kimi irihəcmli əsərləri ilə oxucularının qəlbində taxt quran bu yazıçımız çox maraqlı, eyni zamanda da keşməkeşli bir həyat yolu keçib. Həyat onu o qədər çətin sınaqlardan keçirdi ki, bir vaxtlar nökər olmağına, hətta Xalq yazıçısı adını almağından daha çox sevinmişdi...

Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olan yazıçı valideynlərini hələ uşaq yaşlarında itirib. 3 yaşı olanda anası dünyasını dəyişib. Atası onu və böyük qardaşını götürüb Bakıya yollansa belə burada da faciənin ardı kəsilməyib. Belə ki, o neft buruqlarındakı fontanda atasını itirib. Bu faciədən böyük sarsıntı keçirən gələcək yazıçının onda vur-tut 7 yaşı var idi. Lakin onun başına gələn faciə zənciri bununla da bitmək bilməyib. Qısa müddət sonra isə qardaşını itirib. Kimsəsiz qalan balaca Mirzə dayısının himayəsində böyüyüb. Yaşamaq üçün özgə qapılarında çalışan Mirzə İbrahimov bir bəyin yanında nökər olub. Bəyin qoyunlarını otarırmış... Bəyin bir oğlu, üç qızı varmış. Mirzə onların həyətindəki balaca əl damında, betonun üstündə ac-susuz yatırmış. Bəyin balaca qızı öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib ona verirmiş.

Aradan uzun illər keçir. Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işləyirmiş. Bir gün katibə deyir ki, yanına çadralı bir xanım gəlib, qucağında da uşaq. Mirzə İbrahimov qadını qəbul edir və gözlərinə inana bilmir: bu, bir vaxt ona pendir-çörək verən bəyin balaca qızı idi. Qız dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb məhv olub. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Bu hadisə ən ağır illərdə, 40-cı illərdə baş verir. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir.

Özü danışırmış ki, balaca və zəif olduğum üçün heç kim məni nökər də götürmürdü. Zabratdakı bəy razılaşanda o qədər sevinmişdim ki, heç Xalq yazıçısı adını alanda, ən yüksək vəzifələrə təyin olunanda belə bu qədər sevinməmişdim...

Mirzə İbrahimov ilk azərbaycanlı pianoçu xanım Sara Pirimova ilə evlənib. Deyilənə görə, Sara xanım bu evlilik təklifinə uzun müddət razılıq verməyib. Elçiliyi Səməd Vurğun edib. O deyirmiş ki, "bəsdir də, ay Sara bacı, yazıçını bu qədər incitmə". Sara xanımın barmağına nişan üzüyünü isə Nigar Rəfibəyli taxıb. Onlar Rəsul Rza ailəsi ilə də yaxın olublar.

Bu xatirəni yazıçının yeganə qızı Sevda İbrahimova danışır: "Anamı çox sevirdi. O rəhmətə gedəndən sonra bağdakı yatağını yığışdırmağa qoymadı. Hər gedəndə o çarpayının üstünə qızılgüllər səpərdi".

Mirzə İbrahimov Mirzə Cəlildən sonra Arazı keçən, "o taya ana dili aparan", Təbrizdə ana dilində qəzet nəşr edən ikinci ədibimiz olub. Hətta cənublu olduğuna və güneydəki fəaliyyətinə görə, onun həbsi üçün iş də açılıbmış.

Mirzə İbrahimov evdə deyirmiş ki, yazılarımın qonorarı bizə bəs edir, maaşımı yetim uşaqlar üçün uşaq evlərinə köçürürəm. Elə bunun qarşılığı idi ki, dəfn günü Mirzə İbrahimovu məzara qoyanda bir qadının səsi gəlir: "Umer naş papa!". Mirzə İbrahimovun qızı maraqlanıb ki, bu kimdir. Qadın deyib ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq göndərərdi. Biz onu "ata" deyə çağırardıq.

Ömrünün sonlarında əlindən "Qurani-Kərim" düşməyən yazıçının ən böyük arzusu qızını Cənubi Azərbaycandakı kəndlərinə aparmaq olub. Lakin çox arzulasa da, buna imkan olmayıb. Dövlət xətti ilə Cənubi Azərbaycana getsə də, doğulduğu Sərab kəndinə heç vaxt gedə bilmir. Vəfat edəndən sonra (82 yaşında) qızı ora gedir və Sərabdan torpaq gətirib atasının qəbrinə səpir...

Albrext Dürer

"Əsl incəsənət təbiətin özündə gizlənib, kim onu tapsa, o da sahibi olacaq". Belə demişdi özünəməxsus yanaşmaları və düşüncələri ilə fərqlənən məşhur alman rəssamı, riyaziyyatçısı və qrafiki Albrext Dürer... Bəlkə də özünü İsa Məsihin simasında çəkməsinin səbəblərindən biri də elə bu idi... Lakin onu bu yola sövq edən səbəb hələ də çözülməyən sirr olaraq qalır...

Albrext XV əsrin əvvəllərində Nürnberq yaxınlığında on səkkiz uşaqdan ibarət kasıb bir ailədə doğulub. İzdihamlı ailənin başçısı olan ata dolanışıq üçün gündə on səkkiz saata yaxın işləyirdi. On səkkiz uşaqdan ikisi - Albrext və Albert çıxılmaz vəziyyətlərinə baxmayaraq, hər kəsdən gizlicə ürəklərində bir arzu böyüdürdülər - hər ikisi də rəssam olmaq istəyirdi. Ancaq yoxsul atalarının onları şəhərdəki rəssamlıq akademiyasına göndərə bilməyəcəyini də çox yaxşı bilirdilər. Gecə-gündüz aralarında davam edən müzakirələrdən sonra iki qardaş razılaşır və püşk atmaq qərarı verirlər. Püşkdə uduzan mədəndə işləyəcək və akademiyaya qəbul olacaq qardaşına maddi yardım edəcəkdi. Qalib gələn qardaş dörd il sonra - məzun olduqdan sonra rəsmlərini satacaq, ya da lazım olsa, mədəndə işləyərək o biri qardaşının təhsil almasına kömək edəcəkdi. Bir səhər öz aralarında sikkə ilə atılan püşkün qalibi Albrext olur və Nürnberqdəki rəssamlıq akademiyasına qəbul olunur. Qardaşı Albert isə mədəndə işləməyə başlayır. Dörd il təhsili üçün qardaşına pul göndərir. Albrextin sadə qələm və yağlı boya ilə çəkilmiş rəsmləri akademiyada demək olar ki, hamını heyran qoyur. Və bu yolla da məzun olmadan xeyli pul qazanmağa başlayır.

Rəssam tələbəlik illərində atasının dostu olan musiqiçi Hans Freyin qızı Aqnesa Frey ilə evlənir. Lakin uzun müddət övlad həsrəti ilə yaşayan cütlüyün aralarında yaranan anlaşılmazlıqlar onların izdivacının bitməsinə səbəb olur.

Sənətkarın "İsa Məsihin rəsmi" kimi tanınan avtoportreti hələ də müzakirə mövzusudur. Müəllifin özünü "Tanrının oğlu" timsalında canlandırmasına sövq edən səbəblərin sirr olaraq qalmasına baxmayaraq, bir sıra çox maraqlı versiyalar mövcuddur. Bəziləri sənətkarın sadəcə Məsihi təqlid etdiyini düşünür. Rəsmi daha mübahisəli edən detal, əsərdə sənətkarın Yaradan kimi ali rolunun elan edilməsidir. Bu baxış şəkildəki yazıda təsdiqlənir və belə tərcümə olunur: "Mən, nürnberqli Albrext Dürer iyirmi səkkiz yaşımda özümü uyğun rənglərdə çəkdim". Başqa bir təfsirdə (dini şərh) isə əsərin müəllifinin bununla yaradıcı istedadların Tanrının özü tərəfindən verildiyini simvolizə etdiyi deyilir. Müasirlərinin sərt reaksiyasına baxmayaraq, bu obraz İsa Məsihin sonrakı bir çox obrazını yaratmaq üçün model kimi istifadə edildi. Bir çox sənətşünas iddia edir ki, əvvəllər kimsə avtoportretin Düreri təsvir etdiyini düşünməyib və onun İsa Məsih olduğunu düşünüb. Başqa bir maraqlı fərziyyəyə görə isə rəssam Tanrının özünün bir ikonoqrafik prototipi olacağını düşünərək bu əsəri yaradıb və şübhəsiz ki, istəyinə müvəffəq olub.

Rəssam uzun sürən xəstəlikdən sonra 56 yaşında doğulduğu Nürnberqdə vəfat edib.

Dilan Tomas

Öz dövrünə görə Uelsin tanınmış şairi, dramaturq və publisisti Dilan Tomas... Bir dəfəyə 18 "rumka" viski içməyi ilə öyünən bu məşhur şəxsiyyət gənc yaşda elə bu əməlinin də qurbanı olub...

Onun atası da məşhur yazıçı imiş. Dilan hələ məktəb illərindən şeir yazmağa başlamış, 16 yaşı tamam olanda isə məktəbi atıb jurnalist kimi fəaliyyət göstərmişdir. Gənc yaşlarında Keytlin Maknamar adlı qızla ailə quran şairin bu izdivacdan 3 övladı dünyaya gəlmişdir. Sonralar ailəsi ilə birlikdə ABŞ-a, Manhettenə köçən şair içkiyə qurşanmış, gecə klublarının daimi sakininə çevrilmişdir. Tanışlarının dediyinə görə, o, dəhşətli dərəcədə çox içirmiş. Hətta şair bu əməlinə görə fəxr də edirmiş. Sonuncu dəfə Manhettenin "Ağ At" (White horse) adlanan kafesində tünd viskidən bacardığı qədər çox içən şair huşunu itirərək yerə yıxılmış, tez bir zamanda xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdır. "Əyyaş - səndən çox içdiyi üçün sevmədiyin insandır", - sözünün müəllifi olan Tomas beləcə 39 yaşında həddindən artıq viski içdikdən sonra həyatını itirmişdir. Tanışlarının dediyinə görə, Dilan hər yerdə qürurla deyərmiş ki, "bir dəfəyə 18 porsiya qatqısız viski içmişəm, məncə bu rekorddur".

ABŞ-da vəfat edən şairin meyitini gəmi ilə Uelsə gətirib Lohan şəhərindəki kilsənin qəbiristanlığında basdırırlar. Həyat yoldaşı Keytlinin dediyinə görə, Dilanin tabutunu gəmiyə qaldırmamışdan əvvəl bir neçə dənizçi bunu görür və şairin tabutunun ətrafında əyləşib deyib gülə-gülə "poker" (məşhur kart oyunu) oynamağa başlayırlar. Şairin həyat yoldaşı buna etiraz etmir və ətrafdakılara deyir: "Əminəm ki, bu cür dəfn olunmaq Dilanın da xoşuna gələrdi". Onun bu cür dəfn mərasimi, hətta bəzi fotolarda da öz əksini tapıb. Onu da qeyd edək ki, həmin hadisədən sonra İngiltərədə bu cür dəfn mərasimləri bir müddət dəb halına düşərək yayılmağa da başlayır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".