AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Gündəm

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Anadolu Agentliyi" Ceyhun Bayramov: Biz Ermənistana ədalətli və davamlı sülh təklifimizi bir daha təqdim edirik

"Biz Ermənistana ədalətli və davamlı sülh təklifimizi bir daha təqdim edirik". Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Fransanın təşəbbüsü ilə Qarabağdakı hadisələri müzakirə etmək üçün təşkil olunan iclasında deyib.

C.Bayramov həmçinin Azərbaycan ərazisində keçirilən lokal antiterror tədbirlərinin beynəlxalq və humanitar hüquqa tam uyğun olduğunu da diqqətə çatdırıb.

Lokal antiterror tədbirlərinin başa çatdığını və Qarabağda ermənilərin reinteqrasiya prosesinin başlandığını bildirən nazir qeyd edib ki, Yevlaxda Azərbaycan mərkəzi hakimiyyətinin  rəsmiləri ilə Qarabağın erməni əhalisinin nümayəndələri görüşüblər.

Ceyhun Bayramov bildirib ki, Ermənistan Azərbaycanın dinc əhaliyə hücum etdiyi təəssüratını yaratmağa çalışıb, lakin antiterror tədbirləri yalnız qanunsuz silahlı qüvvələrin tərk-silah edilməsinə yönəlib. Son 3 ildə Ermənistanın separatçı birləşmələrə maddi-texniki və maliyyə dəstəyi göstərdiyini deyən nazir görüş iştirakçılarının diqqətinə Azərbaycan ərazisində yerləşdirilmiş erməni hərbi texnikasının fotolarını təqdim edib.

"The Jerusalem Post": Təslim olan döyüşçülərə amnistiya nəzərdə tutulur

İsrailin məşhur "The Jerusalem Post" xəbər saytı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin "Reuters"ə verdiyi açıqlama barədə məlumat yayımlayıb. Məlumatda Azərbaycanın silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutduğu qeyd olunub. Hikmət Hacıyev bildirib ki, hətta keçmiş döyüşçülərə də bunun tətbiq edilməsi mümkündür: "Hazırda biz görürük ki, bəzi ayrı-ayrı ordu qrupları və zabitlər bizimlə razılaşmayacaqlarını və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan ediblər".  Prezidentin köməkçisi, həmçinin Qarabağ ermənilərinin humanitar yardım istədiklərini və yardımın bölgəyə çatdırıldığını bildirib. Hikmət Hacıyev Azərbaycanın Qarabağ ermənilərinin sülh yolu ilə reinteqrasiyasını istədiyini də diqqətə çatdırıb.

"TASS": Azərbaycan Qarabağda öz suverenliyini bərpa etdi

Birgünlük lokal xarakterli antiterror tədbirləri Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin təslim olmasına kifayət etdi.

Bu barədə Rusiyanın "TASS" xəbər agentliyi yazı dərc edib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti geniş işıqlandırılıb.

Agentliyin materiallarında Prezident İlham Əliyevin antiterror tədbirlərindən sonra regionda vəziyyətin dəyişəcəyi, kriminal rejimin süqutundan sonra gərginlik mənbəyinin keçmişdə qalacağı barədə fikirləri yer alıb. Həmçinin dövlət başçısının Azərbaycan Ordusunun qarşıya qoyulan vəzifəni peşəkarlıqla yerinə yetirməsi, qəhrəmanlıq və şücaət göstərməsi barədə dedikləri diqqətə çatdırılıb. Eyni zamanda, Prezident İlham Əliyevin hərbçilərə dinc əhalinin zərbə altına düşməməsi və qorunmasına dair tapşırıq verməsi önə çəkilib.

Nəşr xatırladıb ki, Azərbaycan antiterror tədbirlərinə genişmiqyaslı təxribatlardan sonra başlayıb və erməni qoşunlarını öz ərazisindən çıxarıb.

"Timpul": Azərbaycanın Qarabağda antiterror tədbirləri

Moldova nəşri bildirir ki, Azərbaycan 24 saat ərzində Qarabağda antiterror tədbirləri ilə qarşıya qoyduğu bütün məqsədlərə nail olub və öz suverenliyini bərpa edib. Verilən məlumatda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti də yer alıb.

"Sputnik": Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xətti ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhali üçün ərzaq məhsullarının göndərilməsi həyata keçirilib

"Sputnik" bildirib ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları, gigiyenik vasitələr və eləcə də iki çörək dolu maşın Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edib. Yük karvanı hazırda açıq olan Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə çatdırılıb. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanıb".

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev qeyd edib ki, Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar dəstək veriləcək.

"Respublika"