ƏRDOĞAN SENTYABRIN 8-də RUSİYAYA SƏFƏR EDƏCƏK
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Rusiyaya səfər edəcək. Bu barədə “Report” agentliyi Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Verilən xəbərə görə, Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək.
Eyni zamanda, Rusiyanın “TASS” agentliyinin məlumatına görə, liderlər Soçidə bir araya gələcəklər. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da bu məlumatı təsdiqləyib.
Bildirilir ki, prezidentlərin Ukraynadakı müharibəni, xüsusilə “Taxıl sazişi”nin bərpasını müzakirə edəcəkləri gözlənilir.
Xatırladaq ki, daha əvvəl Türkiyə liderinin sentyabrın ayın 4-də Rusiyaya gedəcəyi və Soçidə Vladimir Putinlə bir araya gələcəyi bildirilmişdi.
ALMANİYA KANSLERİNİN SİYASİ KARYERASI BİTƏ BİLƏR
Almaniya kansleri Olaf Şoltz “Cum-Ex” işində yalan danışmaqda təqsirli bilinərsə, onun siyasi karyerası bitəcək. “Teleqraf.com”un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın müxalifət partiyası olan Xristian Demokratik İttifaqının (CDU) lideri Fridrix Mertz bildirib.
Partiya liderinin sözlərinə görə, Olaf Şoltzun susması Almaniyanın reputasiyasına xələl gətirir, bu səbəbdən də o, təcili olaraq bu işə münasibət bildirməlidir.
“Əgər kanslerin “Warburq” bankı ilə bağlı vergi qalmaqalı ilə əlaqədar yalan danışdığı sübuta yetirilərsə, siyasi nöqteyi-nəzərdən bu, onun sonunu gətirəcək”, - deyə siyasətçi vurğulayıb.
Xatırladaq ki, Olaf Şoltz 2017-ci ildə Avropa maliyyə elitasının nümayəndələrinin iştirakı ilə müəyyən edilmiş, səhm dividendləri üzrə vergilərin qaytarılması kimi büdcədən on milyardlarla avro alan saxtakarlıq sxemində şübhəli bilinir. Bu sxemdən Almaniya iqtisadiyyatına dəyən zərər 10 milyard avro olaraq qiymətləndirilir.
LİVİYALI NAZİR İSRAİLLİ HƏMKARI İLƏ GÖRÜŞƏ GÖRƏ VƏZİFƏSİNDƏN AZAD OLUNUB
Liviyanın Milli Birlik Hökumətinin baş naziri Abdel Hamid Dbeyba xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nəcla Manquşu israilli həmkarı Eli Koenlə görüşünə görə tutduğu vəzifədən uzaqlaşdırıb. Bu barədə xəbəri “Röyters” agentliyi yayıb.
Agentlik xəbər verir ki, iki ölkənin xarici işlər nazirlərinin son görüşü ilə bağlı bəyanatlar fonunda Liviyada kiçik etiraz aksiyaları keçirilib. Hazırda Nəcla Manquş barəsində araşdırmanın aparıldığı qeyd edilir.
Eyni zamanda, “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Eli Koen ötən həftə Romada İtaliyanın xarici işlər naziri Antonio Tayaninin köməyi ilə Nəcla Manquşla gizli görüş keçirib. Qəzet qeyd edir ki, bu, İsrail və Liviya xarici işlər nazirləri arasında ilk danışıqlardır.
Bildirilir ki, Koen və Manquş Liviya ilə İsrail arasında mövcud olan tarixi əlaqələri, həmçinin ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər. Danışıqlar zamanı yəhudi dövlətinin Ərəb Respublikasına humanitar yardım göstərməsi də müzakirə olunub.
POLŞADA DOQQUZ NƏFƏR YOLUXUCU XƏSTƏLİKDƏN VƏFAT EDİB
Polşanın Jeşuv şəhərində legionellyoza yoluxan doqquzuncu xəstə dünyasını dəyişib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə bazar ertəsi “Polsat” telekanalı məlumat yayıb.
Bildirilir ki, 91 yaşlı qadın Jeşuv şəhərindəki ağciyər xəstələrikləri mərkəzinə bir neçə gün əvvəl legionellyoz diaqnozu ilə daxil olub. Bundan əvvəlki hallarda olduğu kimi, xəstəlik xroniki xəstəliklər fonunda inkişaf edib.
“Hazırda Jeşuvda legionellyoz diaqnozu ilə 19 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır”, - deyə Jeşuv şəhərində yerləşən Universitet klinik xəstəxanasının nümayəndəsi Ancey Sroka telekanala açıqlamasında vurğulayıb.
Qeyd edək ki, legioner xəstəliyi və ya legionellyoz ağır infeksion xəstəlik olub, intoksikasiya, tənəffüs, sidik-ifrazat və mərkəzi sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur. Xəstəlik ilk dəfə ABŞ-ın “Fort Breqq” hərbi bazasında aşkarlanıb və adını da buradan götürüb.
Məlumata əsasən, indiyədək Polşada 143 legionellyozla yoluxma hadisəsi qeydə alınıb. Onlardan 91-i Jeşuv şəhəri və ətraf ərazilərin payına düşür.
ZELENSKİ BAŞ QƏRARGAHIN ICLASINI KEÇIRIB
Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargahının növbəti iclasını keçirib. “Report” agentliyinin Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, iclasda cəbhədəki vəziyyət və Ukrayna Hərbi Hava Qüvvələrinin yeni təyyarələrə keçidi müzakirə edilib.
Bununla yanaşı, iclas iştirakçıları hücum əməliyyatları, cəbhənin silah və digər lazımi təchizatlarla təmin olunması ilə bağlı məsələlərə maksimum diqqət yetiriblər.
Həmçinin iclas zamanı müzakirə olunan mövzulardan biri də Ukrayna qoşunlarının perspektivli təyyarə növlərinə keçid proqramının hazırlanması olub.
Ukrayna prezidenti vurğulayıb ki, hərbi-həkim komissiyalarının təftişi ilə bağlı hesabata Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iclasında baxılması planlaşdırılır.
Eyni zamanda, iclasda mühüm enerji infrastrukturunun mühafizəsi planının icrası və Ukraynanın qarşıdan gələn qışa hazırlığı müzakirə edilib.
YUNANISTAN XİN BAŞÇISININ gözlƏnilƏN TÜRKİYƏ SƏFƏRİ ÖLKƏSİNDƏ GÜNDƏM OLDU
Yunanıstan xarici işlər naziri Qeorqios Qerapetritisin sentyabrın əvvəlində baş tutacaq Türkiyə səfəri və həmkarı Hakan Fidanla təması yunan mediasının gündəminə çevrilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bundan öncə Yunanıstan Xarici İşlər Nazirliyi səfərlə bağlı açıqlama verib. Açıqlamada Yunanıstan xarici işlər nazirinin sentyabrın 5-də Türkiyəyə işgüzar səfərə gələcəyi və türk həmkarı ilə görüşəcəyi bildirilib.
“Proto Thema” qəzeti Hakan Fidan və Qeorqios Qerapetritis arasında keçiriləcək görüşün dönüş nöqtələrinin müəyyən edilməsi baxımından önəmli olacağını yazıb.
Məqalədə prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstan baş naziri Kiriakos Mitsotakisin oktyabr ayında Salonikidə görüşə biləcəyi də iddia edilib. Bu kontekstdə Qerapetritis-Fidan görüşünün böyük önəm kəsb etdiyi vurğulanıb. Həmçinin bu görüşün birbaşa diplomatik kanalın açıq saxlanılması üçün mühüm irəliləyişin olacağı bildirilib.
Bununla yanaşı, “To Vima” nəşrinin iddiasına görə, bu səfər qarşıdakı iki ay ərzində yüksək səviyyəli Türkiyə-Yunanıstan təmasları üçün zəmin hazırlamaq məqsədi daşıyır.
DƏHŞƏTLİ YANGINLARDAN ZƏRƏR GÖRMƏYƏN “MÖCÜZƏ EV”
ABŞ-ın Havay ştatında bir çox binanın tamamilə dağılmasına səbəb olan yanğınlardan zərər görməyən möcüzə ev dünya mətbuatının diqqətini çəkib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Havay adalarında avqustun 9-dan bəri davam edən yanğınlar nəticəsində 114 nəfər həlak olub, 2700-dən çox tikili zədələnib və ya tamamilə dağılıb.
Məlumata əsasən, Maui adasında külə çevrilən şəhərlərdən biri olan Lahainada bir ev sözügedən sahil zolağında toxunulmaz qalan yeganə tikili olub.
Evin sahibləri olan Millikin ailəsi tamamilə taxtadan inşa edilmiş evdə bir müddət öncə bəzi dəyişikliklər etdiklərini bildiriblər. Onlar dam örtüyünə metal material əlavə edib, zərərverici həşəratlardan qorunmaq üçün evin ətrafındakı yaşıllıqları kəsib və daşlar düzüblər. Bu dəyişikliklər evin şiddətli alovdan qorunmasına səbəb olub.
Yerli sakinlər Millikin ailəsinin evini “möcüzə evi” adlandırıblar.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.