Politoloq: Mina xəritələrinin Azərbaycana verilməməsi beynəlxalq konvensiyaya ziddir
Siyasət

Politoloq: Mina xəritələrinin Azərbaycana verilməməsi beynəlxalq konvensiyaya ziddir

“Beynəlxalq ictimaiyyət dəfələrlə öz qeyri-ədalətli mövqeyini Azərbaycana və soydaşlarımıza  qarşı nümayiş etdirmişdir. Hələ 30 illik işğal dövründə dəfələrlə erməni hərbçiləri snayper silahları ilə atəş açaraq  azərbaycanlı mülki əhalini öldürsə də beynəlxalq birlik buna biganə qalıb. Məsələn, elə müharibəyə qədər ki, dövdə  iki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsini qeyd edə bilərik. Və yaxud da öz kəndində oynayan, daha bir digər azərbaycanlı körpənin ermənilərin çaya bilərəkdən göndərdiyi oyuncaq bomba nəticəsində ölməsi də bir başqa erməni vəhşiliyidir. Bütün bunlar dəfələrlə məhz erməni əsgərləri tərəfindən həyata keçirilmişdir. 44 günlük müharibə dövründə də ermənilər müharibə meydanından uzaq olan yaşayış məskənlərinə raketlərlə zərbələr endirib. Hətta separatçı rejimin rəhbəri Arutyunyan  bu atəşlərin birinin arxasında şəxsən özünün dayandığını etiraf etmişdi. Sual olunur ki, həmin vaxt dünya birliyi harada idi? Bəs dünya birliyi niyə 44 günlük müharibədən sonra, yəni müharibənin bitməsindən sonra minalanmış ərazilərin xəritəsini verməyən Ermənistanla bağlı bəyanat vermədi?”

Bu fikirləri “Respublika”ya açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib. O, bildirib ki, bəzi xarici qurumların və dövlət rəsmilərinin Azərbaycanla bağlı qərəzli mövqe tutması ədalətli yanaşma deyil və burada hər hansısa bir bəyanat olcaqsa bu da mütləq Ermənistan əleyhinə olmalıdır:

 “Mina xəritələrinin Azərbaycana verilməməsi də beynəlxalq konvensiyaya ziddir. Yeri gəlmişkən, bu çox ciddi məsələdir. Çünki burada artıq hədəf əsgərlər, hərbçilər deyil, mülki əhali olur. Bu konvensiyalara görə mütləq şəkildə xəritələr Azərbaycana verilməlidir. Son hadisələrlə bağlı onu da qeyd edə bilərik ki, Azərbaycan bu gün Laçın yolunda heç bir humanitar təxribatla məşğul deyil. Onlara humanitar yüklərin daşınması üçün  Ağdam-Xankəndi yolu təklif edilib. İstəsəydilər, bu yoldan istifadə edərdilər və xəbər verildiyi kimi artıq bununla bağlı razılıq da var idi. Lakin separatçılar son anda öz fikirlərindən geri döndülər. Əgər hər hansısa xarici dairələr kimisə  günahlandırmaq istəyirsə bu hələ də Azərbaycan ərazisində separatizmlə məşğul olanlardır.  Yəni, bir siyasətçi, jurnalist  Qarabağın dağlıq hissəsində mülki erməni əhalisinin halını fikirləşirsə,  onlar o zaman ilk növbədə separatçılığı, terrorçuluğu  Azərbaycan torpaqlarından  yox etməyə çalışmalıdırlar. Bu iki üstəgəl iki kimi çox aydındır və ona görə də müəyyən qəzet yazarlarının, jurnalistlərin, siyasətçilərin və ictimai xadimlərin Azərbaycana qarşı dünyanın müxtəlif ölkələrində səsləndirdikləri bəyanatların bizim üçün heç bir mənəvi çəkisi yoxdur.”,- deyə politoloq bildirib.

Zaur Məmmədov Ermənistanın "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" adı altında əsassız iddialarla BMT Təhlükəsizlik Şurasına müraciət etməsilə sülh prosesinə mane olduğunu və siyasətlərini dəyişməyəcəyi təqdirdə rəsmi Bakının adekvat addımlar atacağını da vurğulayıb:

”Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciət etməsi də bir daha onu göstərir ki, 2023-cü ildə Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamayacaq və yaxın aylar ərzində nəinki sülh müqaviləsi, delimitasiya və demarkasiya, eləcə də Zəngəzur dəhlizi ilə bağlı da irəliləyişlərdən söhbət gedə bilməz. Amma Ermənistan və onun arxasında olan  ermənipərəst qüvvələr atdıqları bu addımlarıyla bir məsələni qulaqlarına sırğa etsinlər. Bu məsələ də ondan ibarətdir ki, əgər Paşinyan Azərbaycanla bağlı öz siyasətini dəyişməyəcəksə, o zaman rəsmi Bakıda onlara qarşı adekvat addımlar atacaqdır. İlkin mərhələdə əlbəttə ki, öz ərazimiz olan Qarabağın dağlıq hissəsində nə lazımdırsa ediləcək. Bundan sonra isə artıq tarixi Azərbaycan torpaqları ilə bağlı da lazım qərarlar veriləcək. Bu gün Ermənistan delimitasiya və demarkasiyasından danışır. Öz ölkəsinin sərhədlərinin 29800 kvadratkilometr olduğunu bildirir. Amma Nikol Paşinyanın  bu rəqəmləri haradan tapmasıda çox maraqlıdır. Çünki 1991-ci ildə Ermənistan  SSRİ-nin tərkibindən çıxarkən o, nə Ermənistan SSRİ-nin nədə kı, Ararat respublikasının varisi olduğunu bildirib. Məlumdur ki, Ararat respublikasının ərazisi 9000 kvadratkilometr idi və hal-hazırda  paşinyanın israr etdiyi 1976 və 1991-ci il xəritələrində heç bir hüquqi əsası yoxdur. Ona görə hüquqi əsası yoxdur ki, 1920-ci il 28 aprel dövrünə qədər coğrafiyaya nəzər salmaq lazımdır və lazım gələrsə delimitasiya- demarkasiya məsələsində bu cür müxtəlif xəritələrdən istifadə edilə bilər. Yəni, hal-hazırda Paşinyan tərəziyə artıq Qarabağı yox, Ermənistan dövlətinin ərazilərini qoyubdu və bu böyük şahmat taxtasında ermənilərin darmadağın edilməsi ilə vaxtı gələndə nəticələnəcək.”,- deyə politoloq əlavə edib.

Musa Bağırlı,

“Respublika”.