Qərbi Azərbaycana Qayıdış tarixi ədaləti bərpa edəcək
Digər xəbərlər

Qərbi Azərbaycana Qayıdış tarixi ədaləti bərpa edəcək

Qərbi Azərbaycan İcması bu gün Avropa ölkələri ilə sıx dialoq aparır. İcmanın yaranması tarixi səbəbdən doğan sosial sifarişlərdən hesab olunur. Prezident İlham Əliyevin İcmanın binasının açılışında iştirak etməsi, orada konseptual baxımdan əhəmiyyətli fikirlər söyləməsi və məhz Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu fikirlərin əsasını təşkil etməsi məsələnin tarixi və mənəvi önəmini bir daha təsdiqləyir. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayımlaması da əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir. Bu, həmçinin icmanın beynəlxalq səviyyədə tanınmasını təmin etməklə yanaşı, haqq səsimizin dünyada yayılmasına da öz töhfəsini verir.

Xüsusi vurğulamaq lazımdır ki, Qayıdış Konsepsiyasının vacib başlıqlar altında yayımlanması birbaşa Ermənistana qarşı ictimai fikrin formalaşdırılmasında xüsusi rola malikdir. Çünki Konsepsiya da tarixi, əzəli torpaqlarında yaşayan soydaşlarımızın zaman-zaman imperialist qüvvələrin apardığı siyasət və erməni vandallığı nəticəsində öz yurd yerlərindən qovulması, didərgin salınması, deportasiyalara məruz qalması barədə məlumat verilir.

Hazırda Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə uğurlu dialoq xətti soydaşlarımızın düşmən tərəfindən tapdalanan hüquqlarının bərpasında da müstəsna əhəmiyyət kəsb edir. İcmanın bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər göndərərək həmin qurumları Qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması,  bununla bağlı monitorinqlərin aparılmasına çağırması bu istiqamətdə atılan uğurlu addımlardandır. Qərbi Azərbaycan İcmasının Avropa İttifaqından bu məsələyə müdaxilə etməsini istəməsi əlamətdar hadisədir. Çünki Aİ iyunun 12-də icmanın müraciətinə cavab verərək bildirib ki, bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququ dəstəklənir.

Bundan başqa, Avropa İttifaqı tərəfindən qayıdış məsələsinin sülh prosesi çərçivəsində əhəmiyyəti də vurğulanıb. Aİ-nin həmvətənlərimizin öz yurd yerlərinə qayıtmaq hüququnun təmin edilməsi istiqamətində atdığı addımlar onu deməyə əsas verir ki, haqq işimizə gün keçdikcə beynəlxalq dəstək artır. Bu isə Qərbi Azərbaycan İcmasının uğurlu fəaliyyəti kimi xarakterizə olunur. Daha bir vacib məqam Avropanın humanizm və beynəlxalq hüquq çərçivəsində soydaşlarımızın tez bir zamanda yurd-yuvalarına qayıdışını təmin etmək marağında olmasıdır. Bu isə İcmanın Avropadakı nüfuzunun göstəricisidir.

Xatırladaq ki, bu il iyulun 28-də Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar. Sözügedən müraciətdə 1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması, onların vaxtilə öz ata-baba yurdları olmuş ərazilərdən izlərinin silinməsi öz əksini tapıb. Bundan başqa, qəbiristanlıqlarımızın, müqəddəs yerlərimizin nümayişkaranə şəkildə dağıdılması, mədəni irsimizin təhqir olunması da dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Deportasiya illərinə nəzər yetirsək, Ermənistanın vəhşiliyinin sərhəd tanımadığını görmək mümkündür. Həmin dövrdə haylar soydaşlarımıza qarşı çoxsaylı qırğınlar törətmiş, günahsız insanların həyatına son qoymuşlar. İtkin düşmüş 4000 nəfərin taleyi hələ də bəlli deyil. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətlər erməni vəhşiliyinin beynəlxalq aləmdə qiymətləndirilməsi baxımından da vacibdir. Belə ki, Azərbaycanın haqlı mövqeyi, ölkəmizin yürütdüyü uğurlu siyasət bir daha beynəlxalq müstəvidə öz əksini tapır. Azərbaycanın haqq səsini dünyaya çatdırması selektiv yanaşmanın qarşısını almağa da töhfə verəcək.

Nurlan ABDALOV,

"Respublika".