PRİQOJİN HƏRBİ HƏRƏKƏTLƏRİ DAYANDIRMAQ HAQDA QƏRAR QƏBUL EDİB
“Vaqner” xüsusi hərbi şirkətin başçısı Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Belarus mətbuatı məlumat yayıb.
Yevgeni Priqojin açıqlamasında deyib: “Moskvaya 200 kilometr məsafəyə qədər gəldik və bir əsgərimizin belə qanı axmadı. Lakin Bundan sonra qan tökülə bilər. Biz isə bunu istəmirik. “Vaqner” kolonunu geri çevirib düşərgəmizə qayıdırıq”.
Bundan əvvəl Lukaşenkonun Yevgeni Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. Məlumatı Belarus prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.
Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.
Eyni zamanda xəbər verilir ki, “Vaqner” qruplaşmasının iyunun 24-də həyata keçirdiyi əməliyyatı nəticəsində Rusiya Müdafiə Nazirliyinə məxsus 6 helikopter və bir “AN-26” tipli hərbi nəqliyyat təyyarəsi vurulub.
MİT “İNTERPOL”UN QIRMIZI SİYAHISINDA OLAN TERRORÇUNU MƏHV EDİB
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) “İnterpol” tərəfindən qırmızı kateqoriyada axtarılan PKK/KCK terror təşkilatının “icra məclis üzvü” Əbdürrəhman Çadırcını Suriyanın şimalındakı Kamışlıda zərərsizləşdirib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Verilən xəbərə görə, PKK/KCK-nın “icra şurası”nda olan, “Esad Faraşin”, Avropada məsul səviyyədə fəaliyyət göstərdiyi zaman isə “Assad Europe” kod adlarından istifadə edən terrorçu MİT-in də hədəf siyahısında idi.
Axtarışda olan terrorçular siyahısında qırmızı kateqoriyada olan və “İnterpol” tərəfindən təqib edilən Ə.Çadırcının Suriyada olduğunu öyrənən MİT bu ölkənin şimalındakı Kamışlı şəhərində araşdırma aparıb. Terrorçu MİT-in təşkil etdiyi əməliyyatla zərərsizləşdirilib.
Qeyd edilir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin terrorçulara qarşı əməliyyatları davam etdikcə PKK-dan qaçışlar davam edir. Nazirliyin sosial media hesabında paylaşılıb: “İraqın şimalındakı sığınacaqlarından qaçan daha 4 PKK terrorçusu Habur və Silopi sərhəd məntəqəmizdə təslim oldu. Terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə sığınmaqdır”.
GÜRCÜSTAN RUSİYA İLƏ SƏRHƏDİ BAĞLAMAYACAQ
Gürcüstan Rusiya ilə sərhədi bağlamaq niyyətində deyil. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.
“İctimaiyyətin artan marağını nəzərə alaraq bildiririk ki, Daryal sərhəd-keçid məntəqəsində vəziyyət sakitdir, keçid məntəqəsi həmişəki rejimdə fəaliyyət göstərir”, - deyə DİN-in məlumatında vurğulanır.
Bununla yanaşı, Daxili İşlər Nazirliyindən verilən açıqlamaya əsasən, heç bir istiqamətə sərnişin və ya avtonəqliyyat vasitələrinin axını müşahidə olunmur.
Qeyd edək ki, iyunun 24- də Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyada baş verən hadisələrlə əlaqədar ölkə sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb. Salome Zurabişvili baş nazir İrakli Qaribaşviliyə təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırmağı tapşırıb.
ABŞ KƏŞFİYYATI: “COVID-19” BİOLOJİ SİLAH KİMİ HAZIRLANMAYIB
ABŞ kəşfiyyatında Çinin Uhan Virusologiya İnstitutunda baş verən hadisənin koronavirus pandemiyasına səbəb olduğuna dair heç bir sübut yoxdur. Bu barədə Amerika kəşfiyyat xidmətlərinin ABŞ Konqresinə göndərilmiş hesabatında bildirilir.
Məlumata görə, sənədin məxfilikdən çıxarılan variantı ölkənin milli kəşfiyyat direktorunun ofisi tərəfindən ixtisarlarla açıqlanıb.
Həmçinin sənəddə qeyd olunur ki, ABŞ kəşfiyyat cəmiyyətinin bütün departamentlərinin qiymətləndirməsinə əsasən “SARS-CoV-2” virusu bioloji silah kimi hazırlanmayıb.
Bundan əlavə, qiymətləndirmələrə görə, bir sıra Uhan Virusologiya İnstitutunun alimləri ənənəvi laboratoriya üsullarından istifadə edərək koronavirusların genetik formalarını öyrəniblər.