Dünyada bir ilk: süni insan embrionu hazırlandı
Böyük Britaniyanın Kembric və ABŞ-ın Kaliforniya universitetinin alimləri ilk dəfə olaraq kişi və qadın hüceyrələri olmadan sintetik insan embrionları hazırlayıblar. Elm adamları bu üsulla sonsuzluq və genetik xəstəliklərin səbəblərini öyrənəcəklərinə ümid edirlər.
"The Guardian" qəzetinin məlumatına görə, alimlər kök hüceyrələri yenidən proqramlaşdıraraq insan embrionuna bənzər modellər istehsal ediblər. Amma buna baxmayaraq, klinik şəraitdə sintetik embrionların istifadəsi üçün qısamüddətli perspektivlər yoxdur. Çünki bu embrionların xəstənin bətninə yerləşdirilməsi mövcud qanunvericiliyə ziddir. Buna görə də embrionların ilkin mərhələdən sonra yetkinləşmə potensialının olub-olmadığı məlum deyil. Alimlər yalnız 14 gün qanuni limitə qədər laboratoriyada embrion yetişdirə bilərlər. Bu səbəbdən də hazırda təcrübələr dayandırılıb.
Onu da qeyd edək ki, elm adamları insan embrionlarını yaratmazdan əvvəl artıq öz texnologiyalarını siçan və meymunların kök hüceyrələrində sınaqdan keçirərək dünyada ilk sintetik embrion istehsal etməyə müvəffəq olmuşdular.
Beyni oxuyan alqoritm yaradılıb
Çinli elm adamları insanın beyin fəaliyyətini öyrənə bilmək baxımından önəmli bir ilkə imza atıblar. Belə ki, alimlər insanların beynindən keçənləri Mandarin Çincəsində (Çində ən çox danışılan ləhcə) ifadə etməyi bacarıblar.
Tədqiqatçılar Mandarin Çincəsində fərqli intonasiya və mənalarda deyilən kəlimələri səs tonunu tanıyan alqoritmlərə uyğunlaşdırıblar. Tədqiqatda beyin siqnallarını qeyd edən elektrofizioloji görüntüləmə növü olan "elektrokortikoqrafiya"dan istifadə edilib.
Beyin şişi əməliyyatı aparılan 5 xəstənin beyninə elektrodlar yerləşdirən tədqiqatçılar əməliyyat zamanı onlardan bir sözü fərqli tonlarda söyləmələrini istəyiblər. Tədqiqat zamanı elektrodlar beyin fəaliyyətini qeyd edərkən istifadə edilən model sayəsində beyin siqnallarındakı ton və hecalar deşifrə edilib.
Onu da qeyd edək ki, beyin-kompüter interfeysi texnologiyasındakı irəliləyişlər nəticəsində insanların beynindən keçənlər artıq ingilis və yapon dillərində qısa kəlimələrlə ifadə olunur.
Çinin Fudan, Tienjin və ŞanxayTech Universitetinin tədqiqatçılarının birgə apardığı araşdırmanın nəticələri "Science Advances" jurnalında dərc olunub.
"Xiaomi" ilk elektromobilini təqdim edəcək
"Xiaomi" şirkəti aktiv şəkildə yeniliklərə imza atmağa davam edir. Bu dəfə isə o öz ilk elektromobili üzərində çalışır. Gözləntilərə əsasən şirkətin ilk elektromobili bu il təqdim olunacaq. Onun satışına isə gələn ilin birinci yarısında start veriləcəyi planlaşdırılır.
Məlumata əsasən "Xiaomi"nin elektromobili test edilərkən yenidən avtomobil yollarında görünüb. Görünür, şirkət onun testlərini aktiv şəkildə davam etdirir. Elektromobilin təqdim edilmiş fotolarından da görmək olar ki, onun gövdəsi xüsusi qara örtüklə əhatə olunub. Lakin bununla belə elektromobilin gövdəsinin ümumi konturlarını və şarj girişini görmək mümkündür.
İlkin məlumatlara əsasən "Xiaomi"nin ilk elektromobili MS11 adlanacaq. Onu da qeyd etmək lazımdır ki, elektromobil idman avtomobillərinin dizaynına sahib olacaq və özündə LiDAR skanerini birləşdirəcək.
Süni zəka ilə bağlı qanun qəbul edilib
Avropa Parlamenti süni zəka ilə bağlı qanun qəbul edib. Qəbul edilmiş bu qanun üz tanınması üçün süni zəka əsaslı proqram təminatlarının istifadəsini məhdudlaşdıracaq. Bununla yanaşı, qanun ChatGPT çat-botu kimi süni zəka sistemlərinin tərtibatçılarından bu cür sistemlərin yaradılması zamanı istifadə edilən məlumatlar barəsində daha çox informasiyanın təqdim edilməsini tələb edəcək.
Məlumata görə, sözügedən qanunun yekun versiyası bu ilin sonuna kimi qəbul ediləcək. Yeni qanun ətrafında əsas müzakirə mövzularından biri də üz tanıma sistemlərinin istifadəsi olub. Avropa Parlamenti real zaman ərzində bu cür sistemlərin istifadəsinin qadağan olunmasının lehinə səs verib. Lakin bu mövzuda milli təhlükəsizlik və digər hüquq-mühafizə məqsədləri üçün istisnaların edilməsi barəsində suallar yaranıb.
Yeni qanunun bir hissəsi, həmçinin