Universitetlə birgə layihə həyata keçiriləcək
Ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədləri layihəsinin reallaşması istiqamətində ardıcıl və əhəmiyyətli işlər görülür. Yeni, müasir layihənin məqsədi 2030-cu ilədək yerli tərəfdaşların bilavasitə iştirakı ilə qarşıya qoyulan təhlükəsiz, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemlərinin fəaliyyətinin yaxşılaşdırılması, həssas təbəqəyə məxsus insanların - qadınların, uşaqların, əlillərin və yaşlıların ehtiyaclarına xüsusi diqqət yetirməklə ictimai nəqliyyatın genişləndirilməsi və yol hərəkəti təhlükəsizliyinin müasir səviyyədə təmin olunmasından ibarətdir.
Masallı rayonunda şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması məqsədilə Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb. Müqavilədə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulmuş vəzifələrin icrası sahəsində görüləcək işlər nəzərdə tutulur.
Müqaviləni Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev imzalayıb. İmzalanma mərasimində Azərbaycan Texniki Universitetinin Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib. Qeyd olunub ki, "Dövlət-universitet-sənaye" tandeminin bariz nümunəsi olan "Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması" üzrə layihə Masallı Rayon İcra Hakimiyyəti ilə universitet arasında ilk layihədir. Mərasimdə layihə üzrə müzakirələr, fikir mübadiləsi aparılıb. Layihə yerli mütəxəssislərlə universitet kollektivinin birgə iştirakı ilə həyata keçiriləcəkdir.
Əlil ailəsi təzə mənzilə köçüb
Adış Əlicanov Banbaşı kəndində yaşayır, təqaüdçüdür. Ailəsi 9 nəfərdən ibarətdir. Övladlarından Zaur və Mehman I qrup əlil, iki nəvəsi talassemiyalı xəstədir. Ailə uzun illər darısqal şəraitdə yaşayıb, geniş şəraiti olan mənzilə ehtiyacı olub.
Adış ailəsinin imkansız, çətin şəraitdə olduğunu nəzərə alıb, fərdi yaşayış evinin tikilməsi məqsədilə rayon rəhbərliyinə müraciət edib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Əlicanovlar ailəsinə baş çəkib, yaşayış şəraiti və maddi vəziyyəti ilə tanış olub. İcra başçısının təşəbbüsü ilə daxili imkanlar hesabına ailə üçün ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli fərdi ev tikilib. Üç otaq, zal, mətbəx, hamam və sanitar qovşaqdan ibarət ev tam təmirlidir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov əlil ailəsi ilə yeni inşa edilmiş mənzildə görüşüb, ailə üzvlərinə xeyir-dua verib, səmimi, xoş arzularını söyləyib.
Adış Əlicanov mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından razılığını, məmnunluğunu ifadə edərək, ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Kənd yollarına asfalt çəkilir
Rayonda avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması diqqət mərkəzindədir. 46 və 47 saylı Yol İstismarı İdarələri tərəfindən rayonun bir sıra kəndlərinə uzanan yolların 38 kilometrlik hissəsində təmir işləri görülüb. Hazırda yollara isti asfalt döşənir.
Ərazidə yaşayan sakinlər əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək qayğıya görə ölkəmizin Prezidenti cənab İlham Əliyevə dərin razılıq və minnətdarlıqlarını bildiriblər.
Mədəni irsə maraq artır
Masallı Tarix-Diyarşünaslıq Muzeyində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Növbəti tədbir Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnologiya Kollecinin tələbələrinin iştirakı ilə "Mədəni irsin nəsildən-nəsilə ötürülməsi" mövzusunda təşkil olunub.
Muzeyin direktoru, respublikanın Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva qədim adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin, xalqımızın maddi-mədəniyyət nümunələrinin qorunub gələcək nəsillərə çatdırılması sahəsində muzeydə görülən işlər barədə məlumat verib. Sonra muzeyin elmi