VİKTOR ORBAN UKRAYNA BÖHRANINI HƏLL ETMƏYİN YEGANƏ YOLUNU AÇIQLAYIB
Ukraynanın hazırkı münaqişədən qalib çıxa biləcəyi heç də inandırıcı görünmür. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib.
“Rəqəmləri, mövcud vəziyyəti və NATO-nun Ukraynaya qoşun yeritməyə hazır olmadığını nəzərə alsaq, aydın nəticə ondan ibarətdir ki, Ukrayna döyüş meydanında qalib gələ bilməz”, - deyə Viktor Orban “Bloomberg” agentliyinə müsahibəsində vurğulayıb.
Eyni zamanda, baş nazirin fikrincə, Ukrayna böhranını həll etməyin yeganə yolu Rusiya ilə ABŞ arasında razılaşmalara nail olmaqdır.
Qeyd edək ki, bu ərəfədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan hakimiyyəti Kiyevin hərəkətləri ilə bağlı Avropa İttifaqının Ukraynaya növbəti 500 milyon avro məbləğində maliyyə yardımı tranşının ayrılmasına mane olacaq.
Bununla yanaşı, bir neçə gün öncə Avropa diplomatiyasının rəhbəri Josep Borrell açıqlamasına görə, Ukraynaya yeni maliyyə yardımı tranşının və Rusiyaya qarşı növbəti sanksiyalar paketinin verilməsi təkcə Macarıstan üçün deyil, Aİ-nin digər ölkələri üçün də bir sıra suallar yaradır.
TÜRKİYƏDƏ YENİ NEFT VƏ QAZ YATAQLARI ÜÇÜN AXTARIŞLAR DAVAM EDƏCƏK
Türkiyədə yeni neft və qaz yataqları üçün 2023-cü ilin sonuna qədər kəşfiyyat xarakterli qazıntılar aparılacaq. “Trend” agentliyinin məlumatına əsasən, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında bəyan edib.
Eyni zamanda, nazir əlavə edib ki, ilin sonuna qədər Ordu şəhərində təbii qaz, Rizə şəhərində isə neft tapılma ehtimalı çox yüksəkdir.
Xatırladaq ki, mayın 2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.
Bununla yanaşı, aprelin 19-da Türkiyənin Qara dənizdə tapılan təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də Qara dəniz qazının istismara verilməsi mərasimində təbii qazın əhaliyə 1 ay ərzində ödənişsiz veriləcəyini bildirib.
BVF: DÜNYA GENİŞMİQYASLI DEDOLLARİZASİYA İLƏ ÜZLƏŞMƏYƏCƏK
Qlobal iqtisadiyyat genişmiqyaslı dedollarizasiya prosesi ilə üzləşməyəcək. “Röyters” agentliyinin xəbərinə görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva Qətər İqtisadi Forumunda çıxışı zamanı bəyan edib.
BVF direktorunun sözlərinə görə, dedollarizasiyanın bir müddət ərzində davam edib və hazırda dünya valyuta ehtiyatlarında ABŞ dollarının payı getdikcə azalır.
Bununla yanaşı, Kristalina Georgiyeva əlavə edib ki, əvvəllər valyuta ehtiyatlarının 70 faizini ABŞ dolları təşkil edirdisə, indi bu göstərici 60 faizə qədər azalıb. “Biz ehtiyatlarla bağlı göstəricinin sürətlə dəyişəcəyini gözləmirik”, - deyə BVF rəhbəri vurğulayıb.
İMPERATORUN SAATI HƏRRACDA 5,1 MİLYON DOLLARA SATILIB
Çinin sonuncu imperatoru Pu İyə (1906-1967) məxsus “Patek Philippe” saatı Honkonqda keçirilən hərracda 40 milyon Honkonq dollarına (təxminən 5,1 milyon ABŞ dolları) satılıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Bildirilir ki, söhbət 86 yaşı olan “Reference 96 Quantieme Lune” saatından gedir. Onların hərracda ümumi qiyməti komissiyalar daxil olmaqla 48,9 milyon Honkonq dolları (təxminən 6,27 milyon ABŞ dolları) təşkil edib.
Məlumata əsasən, lotu telefonla təklif verən anonim kolleksiyaçı alıb. Qəzetin yazdığına görə, o, sonuncu dəfə təklifi dərhal 10 milyon Honkonq dolları (təxminən 1,28 milyon ABŞ dolları) qaldırıb.
Verilən xəbərə görə, hərrac zamanı saatlarla yanaşı, imperatorun digər şəxsi əşyaları da satılıb: yelpik, qeyd kitabçası, həmçinin onun qohumlarından birinin rəsmləri.