Yas mərasimlərində niyə qara geyinilir?
Adətən yas mərasimlərinə gedərkən insanların çoxu qara rəngli geyimlərə üstünlük verir. Heç düşünmüsünüzmü niyə məhz bu rəngdən istifadə edilir? Yəqin çoxlarınız düşünürsünüz ki, bunun səbəbi qara rəngin bədbəxtliyi və ya ölümü simvolizə etməsidir. Əslində, bu, qismən doğru olsa da, yeganə səbəb deyil...
İşığı və bütün rəngləri özünə çəkən qara rəng adətən gücü, ehtirası, nəcibliyi, tənhalığı, sirri və sadəliyi simvolizə etsə də, bəzən itkinin, üsyanın da rəmzi hesab edilir. Dəfn mərasimlərində qara rəngdən istifadə edilməsinin səbəblərindən biri də elə budur. Lakin hüzr mərasimlərində ağ, sarı, qırmızı və digər rənglərə üstünlük verən mədəniyyətlər də var. Belə ki, Hindistan və Çində saflığı simvolizə etdiyi üçün yas mərasimlərində ağ rəngə üstünlük verilir. Cənubi Afrika və Qana Respublikasında dəfndə qırmızı, Taylandda bənövşəyi, Myanmada sarı, İranda isə mavi rəngli libas geyinilir.
Yas mərasimlərində qara rəngə üstünlük verilməsinin digər bir səbəbi də var. Bu dəbin yaranmasının tarixi 1837-1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının kraliçası I Viktoriyanın dövrünə təsadüf edir. Belə ki, kraliça həyat yoldaşı şahzadə Albertin ölümündən sonra 40 il yas saxladığı dövrdə qara rəngli libaslar geyinərək bunu bir dəb halına salır. Yeri gəlmişkən qeyd edək ki, həmin dövrdə qara rəngli geyimləri ancaq zadəganlar geyinirdi. Beləcə, həmin ölkədə ərlərinin ölümündən sonra dul qalan qadınlar 6 ay və ya 1 il müddətində qara geyinməyə başladılar.
Sənaye İnqilabından sonra isə boya sexlərinin inkişafı ilə əlaqədar boya istehsalı daha da ucuzlaşır və xüsusilə, 1900-cü illərdə qara paltarlar kütləvi şəkildə istehsal olunmağa başlayır. Bu isə qara geyimin hər kəs üçün əlçatanlığını təmin edir. Bununla da sadə insanlar belə, dəfn və yas mərasimlərində qara rəngli geyimlərə üstünlük verirlər.
Sən demə, bir gözümüzü bağlayanda…
İtaliya və almaniyalı alimlər iddia edirlər ki, bir gözü bağlı olanda insanlar daha yaxşı eşidə bilirlər. Elm adamlarının fikrincə, bu yolla bəzi hiss orqanları digərlərinin funksiyasının pisləşməsini kompensasiya edir.
Tədqiqat zamanı 20 könüllü üzərində təcrübə aparılıb. Bir gözü bağlanan iştirakçılardan yanıb-sönən işığa baxmaları, həmçinin səs siqnallarını dinləmələri istənilib. Bu zaman beyindəki aktivlik elektroensefaloqramma vasitəsilə millisaniyə dəqiqliyi ilə qeydə alınıb. Araşdırmanın nəticələri gözləri bağlı olan iştirakçıların beyninin qapalı gözdən gələn vizual məlumatlara qarşı daha həssas olduğunu göstərib. Bundan əlavə, beynin də eşitmə məlumatlarını daha çox qəbul etməyə başladığı müəyyən edilib. Alimlər iştirakçıların gözlərindən lenti açdıqdan sonra vizual və eşitmə məlumatlarına cavab olaraq sinir fəaliyyətinin dərhal müsbət mənada dəyişdiyini müşahidə ediblər. Tədqiqatçılar, hətta bunun kiçik bir görmə pozğunluğunun görmə və eşitmə arasında tarazlığa təsir etdiyinin göstəricisi olduğunu bildirib.
Yaz ki, tanıyım səni…
Elə insanlar var, yazı yazarkən hərfləri sanki muncuq kimi ipə düzür, elələri də var ki, xətləri yazıdan başqa hər şeyə bənzəyir. Hətta bu cür yazılara el arasında "ilan-qurbağa" xətti də deyilir. Əslində, yazı şəklimiz haqqımızda bir çox məlumat verə bilər. Eynilə bədən dilimiz kimi, xəttimiz də xarakterimiz və hətta ciddi tibbi problemlərimizlə bağlı ipucları verir.
Əgər hərfləri böyük yazırsınızsa, bu sosial, özünə inamlı olduğunuzu göstərir. Diqqəti üzərinizə çəkmək sizin üçün o qədər də əhəmiyyətli deyil. Əgər yazdığınız hərflər kiçikdirsə, bəlkə bir az özünə qapalısınız. Diqqətli, hətta bir az da utancaqsınız. Detallara əhəmiyyət verir, insanların yanında özünüzü rahat hiss edə bilmək üçün ilk olaraq onları müşahidə edirsiniz. Sözlər arasında böyük boşluqlar qoyursunuzsa, güvən problemi yaşamış ola bilərsiniz. Təkliyi sevir