Qardaş Türkiyə Azərbaycanın müstəqilliyini 9 noyabr 1991-ci ildə tanıyıb. Azərbaycan və Türkiyə arasındakı diplomatik əlaqələr isə 14 yanvar 1992-ci ildə qurulub. Bu 31 ildə iki ölkə arasındakı münasibətlər böyük inkişaf yolu keçib.
Hazırda dünyada Azərbaycan və Türkiyə kimi dost, qardaş, yaxın müttəfiq olan dövlətlər yoxdur. Qardaş ölkə ilə münasibətlərin yüksək səviyyəyə çatdırılması ümummilli lider Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Bu gün bu ənənə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindəndir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri hər iki ölkə arasında dostluq bağlarının daha da möhkəmlənməsinə, xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunmasına xidmət edir. Əlaqələrin inkişaf etdirilməsində 2010-cu ildə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan ilə Türkiyənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir. İstər ikitərəfli, istərsə də çoxşaxəli beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini yaradan Azərbaycan və Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun inkişafına da mühüm töhfələr verir. Məhz bu enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib.
Azərbaycanın və Türkiyənin birgə həyata keçirdikləri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrdən digər xalqlar da faydalanır. Qeyd etmək lazımdır ki, İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında dostluq münasibətləri iki ölkəni müttəfiqlik zirvəsinə daşıyıb. Belə ki, Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdiriblər. Qarabağın işğaldan azad edilməsi üçün aparılan Vətən müharibəsində də Türkiyə "bir millət, iki dövlət" prinsipinə uyğun davranaraq Azərbaycana dəstək oldu. Türkiyənin göstərdiyi böyük siyasi və mənəvi dəstək nəticəsində Azərbaycan torpaqlarını işğalçılardan azad etdi. Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində tamamilə yeni səhifə açdı. Belə ki, hələ müharibənin başlanmasının ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın Azərbaycana açıq-aydın və birmənalı dəstəyini ifadə etməsi xarici qüvvələri də müdaxilədən çəkindirdi. Bu 44 gün müddətində qardaş Türkiyə hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Zəfər paradında iki qardaş rəhbərin tarixi çıxışı qələbəmizin möhtəşəmliyini bir daha dünyaya bəyan etdi.
15 iyun 2021-ci ildə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsi imzalandı. Bu sənəddə təsbit olunan strateji müttəfiqlik iki qardaş dövlət arasında bütün sahələrdə sıx əməkdaşlıq, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir. Bəyannaməyə əsasən, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində vacib amildir.
Xüsusi vurğulamaq lazımdır ki, bu il fevralın 6-da Türkiyənin cənubunda baş verən 7.9 bal gücündə dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ölkəmizdə dərin hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduq. Çünki oradakı canlar bizim öz canlarımız idi. Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu çətin zamanlarda da qardaşının köməyinə çatan ilk ölkə oldu. Ölkə başçısı İlham Əliyevin Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Prezident