NASA Saturnun peykinə robot ilan göndərəcək
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Saturnun peyklərindən biri Enceladusu tədqiq etmək üçün əraziyə ilan formasında çoxfunksiyalı nəhəng robot göndərməyi planlaşdırır.
Yerdən kənarda həyat izlərini axtarmaq üçün ən vacib yerlərdən biri Saturnun peyki Enceladusdur və onun buz qabığının altında okean olduğu təxmin edilir. Peyk buzla örtülü olduğundan Günəş sistemini ən yaxşı əks etdirən obyektlərdən biri hesab edilir. Elə bu səbəbdən də mütəxəssislər robotu məhz ilan formasında hazırlayıblar.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, Saturnun peykində həyat əlamətlərini axtaracaq olan robot NASA-nın JPL robototexnika laboratoriyası tərəfindən hazırlanıb. "Exobiology Extant Life Surveyor" (EELS) adlandırılan ilanabənzər texnoloji cihaz mobil robot platformasıdır. Metaldan hazırlanmış çoxfunksiyalı robot kanyonlara (dərin dar dərə) dırmaşmaq, enmək, qazma funksiyasını yerinə yetirmək və suda üzmək qabiliyyətinə malikdir. Robotun buz kanyonuna düşməsinin qarşısını almaq üçün isə quyruq hissəsinə qarmaq quraşdırılıb. Getdiyi peykdə okeana çatmaq üçün robot bir növ özünü idarə edə bilən perforator (kəsici alət) rolunu oynayacaq.
Agentlikdən verilən məlumata görə, missiyanın 2023-cü ilin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulur.
"Google"dan daha bir yenilik
"Google" şirkəti daha bir yeniliyə imza atıb. Belə ki, maşın tərcüməsi (machine translation) texnologiyasını yeni səviyyəyə yüksəldən şirkət, bu yaxınlarda Google I/O 2023 konfransı çərçivəsində "Universal translator" adlı proqramını təqdim edib.
Bu texnologiyanın əsasında qurulan süni zəka sistemi hər hansısa videodakı insanın nitqini tərcümə etməklə yanaşı, onun artikulyasiyasını (fonetikada nitq səslərinin formalaşmasında ayrı-ayrı tələffüz orqanlarının işinin məcmusu) tərcümə olunmuş dilə adaptasiya edə bilir. Başqa sözlə desək, insanın dodaq hərəkətləri onun danışdığı sözlərlə sinxronlaşdırılır.
Texnologiyanın çalışma prinsipi bir neçə mərhələdən ibarətdir. İlk öncə sistem videoda çıxış edən şəxsin nitqini tanıyır və onu mətn formatına köçürür. Daha sonra isə mətn lazımi dilə tərcümə edilir və həmin mətndən danışıq nitqi tərtib olunur. Bununla belə tərtib edilən danışıq nitqi ilkin versiyanın səs tembrini və emosional çalarını özündə qoruyub saxlayır. Daha sonra isə sistem ilkin versiyada danışan şəxsin dodaq hərəkətləri, mimika və jestlərini tərcümə edilmiş danışıq nitqi ilə sinxronlaşdırır. Bu texnologiyanın bir çox tətbiq sahəsi ola bilər. Lakin bununla belə bu cür texnologiyanın dələduzlar tərəfindən də istifadə edilməsi mümkündür. Bu səbəbdən də "Google" yeni texnologiyasını yalnız etibarlı partnyorlarının köməkliyi ilə yaymağı və onun vasitəsilə ərsəyə gəlmiş videolara xüsusi işarələri əlavə etməyi planlaşdırır. Həmin işarələrlə istifadəçilər videonun məhz süni zəka vasitəsilə ərsəyə gəldiyini anlaya biləcəklər.
Kosmosda nəhəng partlayış baş verib
Kosmik fəzada bu günə qədər görünməmiş ən böyük partlayış qeydə alınıb. Günəş sisteminin ölçüsündən 100 dəfə böyük olduğu təxmin edilən püskürmənin superkütləli qara dəlik tərəfindən udulan qazdan əmələ gəldiyi güman edilir.
Hazırda elm adamları partlayışın harada və hansı səbəbdən baş verdiyini araşdırırlar. Bununla belə, hadisənin səbəbinin superkütləli qara dəliyin udduğu nəhəng qaz buludu olduğu düşünülür. Həmçinin parlaq partlayışın 3 ildən çox davam etdiyi və təxminən 8 milyard işıq ili uzaqlıqda baş verdiyi təxmin edilir.
Alimlər düşünürlər ki, "AT2021lwx" kimi tanınan partlayış kainatın təxminən altı milyard il yaşı olduğu zaman baş verib. Southampton Universitetinin astronomları isə partlayışın günəşdən minlərlə dəfə böyük olan və superkütləli qara dəlik tərəfindən təhrif olunmuş nəhəng qaz buludunun nəticəsində baş verdiyinə inanırlar. Tədqiqatçılar belə hadisələrin nadir hallarda baş verdiyini və daha əvvəl bu miqyasda partlayış görmədiklərini deyirlər.