ABŞ PREZIDENTINDƏN İRANIN NEFT SƏNAYESINƏ NÖVBƏTİ ZƏRBƏ
ABŞ prezidenti Cozef Bayden İranın neft məhsullarının alışını azaltmaq üçün digər ölkələrdə kifayət qədər neft və neft məhsulları ehtiyatının olduğunu bildirən sirkulyar (aidiyyəti qurumlara göndərilən məktub-red) təqdim edib. Bu barədə “Report” agentliyinin verdiyi xəbərdə qeyd olunur. Məlumata əsasən, Cozef Bayden 2012-ci ilin Milli Müdafiə Aktına uyğun olaraq qlobal neft bazarına təsir etmədən İran neft məhsullarının alışını azaltmaq üçün hazırlanan hesabatlarla bağlı maliyyə, energetika nazirliklərinə və Dövlət Departamentinə sirkulyar göndərib.
Bildirilir ki, ABŞ lideri bu vəziyyəti yaxından izləməyə davam edəcəyini vurğulayıb.
Birləşmiş Ştatlar 2012-ci ildən İrana qarşı həyata keçirilən tədbirlər çərçivəsində bu ölkənin neft məhsullarının beynəlxalq bazara tədarükünü mümkün qədər azaltmağa çalışır.
GÜRCÜSTANIN BAŞ NAZİRi RUSİYA PREZİDENTİNİN QƏRARINI ALQIŞLAYIB
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiyanın birbaşa uçuşları bərpa etməsini və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsini alqışlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş nazir bunun müsbət addım olduğunu diqqətə çatdırıb. “Rusiyada bir milyon etnik gürcü, bizim həmvətənlərimiz var. Onların hərəkətini asanlaşdırmaq vacibdir”, - deyə Qaribaşvili vurğulayıb. Eyni zamanda, baş nazir qeyd edib ki, hazırda bir sıra böyük dövlətlərin, eləcə də Azərbaycan və Ermənistanın Rusiya ilə birbaşa hava əlaqəsi mövcuddur.
“Superdövlət olan Çin, bizim dostumuz və qonşumuz, NATO üzvü olan və Aİ namizədi statusuna malik Türkiyə, eləcə də BƏƏ, ABŞ-ın əsas strateji tərəfdaşlarından biri olan və mənim üçün bir sıra istiqamətlərdə nümunə olan İsrailin Rusiya ilə birbaşa uçuşları var”, - deyə Qaribaşvili bildirib.
Qeyd edək ki, rəsmi Vaşinqton daha əvvəl Gürcüstanı Rusiyayla birbaşa aviaəlaqənin bərpa olunacağı təqdirdə sanksiyaların tətbiqiylə hədələyib.
SUDANDA MÜNAQİŞƏ TƏRƏFLƏRİ ARASINDA BƏYANNAMƏ İMZALANIB
Sudanda bir aya yaxındır davam edən qarşıdurmanı dayandırmaq üçün ordu qüvvələri ilə xüsusi təyinatlılar arasında Ciddə Bəyannaməsi imzalanıb. “TRT” telekanalının verdiyi xəbərə görə, bəyannamə ABŞ və Səudiyyə Ərəbistanının böhranının həlli üçün tərəflər arasında başlatdığı danışıqlar nəticəsində imzalanıb.
Bəyannamədə Sudan ordusu və xüsusi təyinatlıların dinc əhaliyə zərər verəcək hər hansı hücumdan çəkinəcəyi bildirilir və Sudan xalqının maraqlarının hər iki tərəf üçün prioritet olduğu vurğulanır. Eyni zamanda, Bəyannamədə Sudandakı bütün mülki şəxslərdən qarşıdurmanı və mühasirəyə alınan əraziləri tərk etmələri, təxliyələrə icazə vermələri və tərəflərin humanitar əsaslarla elan etdiyi atəşkəs rejiminə riayət etmələri qeyd olunur.
Bununla yanaşı, bildirilir ki, bəyannamə mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar yardım aksiyalarını asanlaşdırmaq məqsədi daşıyır. Həmçinin hər iki tərəf Sudanın suverenliyini, birliyini və ərazi bütövlüyünü qorumaq əzmində olduqlarını vurğulayıblar.
PERUDA ÖLÜMCÜL VİRUSA YOLUXANLARIN SAYI 73 MİN NƏFƏRİ ÖTÜB
Cənubi Amerika ölkəsi olan Peruda dəngə qızdırmasına yoluxanların sayı 73 mini keçib, 80 nəfər isə həyatını itirib. “Teleqraf.com”un xəbərinə görə, Perunun səhiyyə naziri Rosa Qutierrez dəngə qızdırması ilə mübarizə üçün 10 milyon dollar büdcə ayırdıqlarını bildirib.
Məlumata əsasən, ölkə hökuməti xəstəlik səbəbindən bir neçə rayonda fövqəladə vəziyyət rejimini daha 4 ay müddətinə uzadıb.
Ölkədə dəngə qızdırması hallarının artması ilə əlaqədar fevralın 25-də 13 bölgədə səhiyyə ilə bağlı fövqəladə vəziyyət elan edilmişdi. Qeyd edək ki, dəngə virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül hərarətə səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər. Yoluxma əsasən iyun, sentyabr, dekabr və mart aylarında artır.
RUSİYA ORDUSU BAXMUTDA BİR SIRA MÖVQELƏRİNDƏN GERI ÇƏKILIB
Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Rusiya qoşunları ilə döyüşlər zamanı Baxmut və Soledar yaxınlığındakı bir sıra mövqelərdən Rusiya qoşunlarını sıxışdıra bilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “RBC-Ukraina” məlumat yayıb