Ronald Reyqan
Ronald Reyqan... D.Eyzenhauerdən sonra iki dəfə tam müddətə hakimiyyətdə olmuş bu ABŞ prezidenti Ağ Evin "20 illik lənət"inin öhdəsindən gəlməsi ilə yaddaşlarda qalıb. Bu lənətə görə sonu sıfırla bitən ildə prezident seçilən şəxs prezidentlik müddəti başa çatmadan həlak olmalı idi. Aktyorluqdan dövlət başçısına qədər ucalan Reyqan Ağ Evdə keçirdiyi illər ərzində davamlı olaraq özünü bir akvarium balığı kimi hiss etdiyini söyləyirdi...
İllinoys ştatının Tampiko şəhərciyində irland əsilli ailədə dünyaya gələn Reyqanın atası ayaqqabı ticarəti ilə məşğul olub. Atanın qazancı ailəni dolandırmağa çatmadığında Ronald ilk yeniyetməlik çağlarından işləməyə məcbur olub. Hələ orta məktəbdə oxuduğu illərdə (14 yaşında ikən) tikintidə işləyib. Növbəti 6 il ərzində isə kurort zonasındakı çimərlikdə xilasetmə stansiyasında çalışıb. Sonralar yaxşı idmançı olması ona yarımtəqaüd almaq şərtilə Yurik kollecində təhsilini davam etdirməyə imkan yaradır. Bu ərəfədə özünü dolandırmaq məqsədilə qabyuyan, üzgüçülük müəllimi, qadınlar yataqxanasında aşpaz kimi çalışır. Çətin şəraiti onun təhsilə ciddi yanaşmasına mane olur.
Bir müddət radiostansiyada futbol şərhçisi olan Reyqan çox keçmir ki, kino şirkəti tərəfindən sınaq çəkilişlərinə dəvət alır. Uğurlu keçən sınaqdan sonra şirkət onunla müqavilə imzalayır. İlk əvvəl ikinci dərəcəli filmlərə çəkilir. Getdikcə kino aləmində tanınan Reyqan 29 yaşında ikən kinoaktirisa Ceyn Uaymenlə ailə qurur. Lakin nikah uğursuz olmuş və onlar səkkiz il birgə yaşadıqdan sonra ayrılmışlar. Gələcək prezident ikinci dəfə Nensi Devislə evlənmişdir.
Reyqanın siyasətə gəlişinin kökündə isə tez-tez televiziya verilişlərində etdiyi təbliğat-təşviqat xarakterli çıxışları durur. Çox keçmir ki, respublikaçılar partiyasının üzvü olur. Daha sonralar isə Kaliforniya qubernatoru kimi fəaliyyət göstərən Reyqanın prezidentliyə namizədliyi irəli sürülür. Seçkilərdə bütün mərhələləri uğurla keçən siyasətçi prezident seçilir.
Karterdən sonra hakimiyyətə gələn Reyqanın taleyinə 4 sovet lideri (Brejnev, Andropov, Çernenko, Qorbaçov) ilə "işləmək" yazılıb. Reyqan bu xəstə liderlərin içində yalnız nisbətən gənc Mixail Qorbaçovla münasibət qura bilib. O birilər dövlətdən çox öz canlarının hayında olublar. Maraqlıdır ki, bu iki liderin bəşəriyyət qarşısında xidmətləri (nüvə müharibəsinin qarşısını almaq sahəsində) eyni olsa da, öz ölkəsində Reyqanı ən yaxşı prezidentlərdən biri sayırlar, Qorbaçovu isə öz ölkəsində "xain" kimi lənətləyirlər. Bəlkə də bu ondan irəli gəlirdi ki, Reyqan-Qorbaçov "dostluğu" nəticəsində ABŞ güclənmiş, SSRİ dağılmışdı.
Prezident senzuradan kənar zarafatları ilə də yadda qalıb. Belə ki, onun zarafatı SSRİ-nin silahlı qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirib. Bir dəfə Reyqan radio vasitəsilə növbəti ənənəvi müraciəti üçün mikrafon qarşısına keçəndə zənn edib ki, qurğular hələ işə salınmayıb. O, zaraftayana məşq edirmiş kimi müraciətini belə başlayıb: "Mənim həmvətənlərim, bu gün sizə böyük sevinc hissi ilə məlumat vermək istəyirəm ki, imzaladığım sərəncamla Rusiyanın əbədi olaraq qanunsuz dövlət olduğunu elan etmişəm. 5 dəqiqədən sonra Rusiyanın bombalanmasına başlanılacaq". Bu "müraciət" operatorların səhlənkarlığı ucbatından birbaşa efirdə yayımlanıb. Reyqanın bu zarafatı saniyələr ərzində SSRİ-də silahlı qüvvələri döyüş hazırlığına gətirib.
Ömrünün son on ilini Alzheymer xəstəliyindən əziyyət çəkən prezident, bütövlüklə yaddaşını itirmişdir. 93 il ömür sürən Reyqan ağciyər iltihabı səbəbindən vəfat etmişdir.
Sidoni-Qabriel Kolett
Fransanın ən cəsur qadınlarının siyahısı tərtib edilsəydi yəqin ki, ilk pillələrdən birini mütləq Sidoni-Qabriel Kolett tutardı. Açıq-saçıqlığı və qalmaqallı həyatı ilə diqqəti cəlb edən bu yazıçı, ənənəvi davranış modellərinə meydan oxuyan, əxlaq normalarına zidd olan obrazlar yaratmaqdan çəkinməyib, proqressiv qadın kimi adını tarixə yazıb