Ölkələrin maraqlı Ramazan adətləri
Dünyada bir çox müsəlman ölkələri var. Bu ölkələrin əhalisi eyni dinə etiqad etsələr də, 11 ayın sultanı Ramazan ayını fərqli adət-ənənələrlə qarşılayırlar. Budur, ən diqqətçəkən Ramazan ənənələri...
Əgər bu müqqəddəs ayda Misirə yolunuz düşərsə, demək olar ki, ölkənin hər yerinin fanus adlanan dəbdəbəli fənərlər və rəngli kağızlarla bəzədildiyini görə bilərsiniz. Birlik-bərabərlik və xoşbəxtliyi simvolizə edən bu fənərləri misirlilər Ramazan ayında niyyətlərinin yerinə yetməsi üçün istifadə edirlər.
Yəməndə isə Ramazan ayında kişilərin gözlərinə sürmə çəkdiyini görsəniz, heç də təəccüblənməyin. Yəmən kişiləri əsrlərdir ki, Ramazan ayında Məhəmməd peyğəmbərin gözünə sürmə çəkmək ənənəsini davam etdirirlər. Məhz bu səbəbdən Yəməndə Ramazan ayı başlayanda məscidlərin həyətində tez-tez sürmə çəkənlərə rast gəlmək mümkündür.
Pakistanda da Ramazan bayramı təmtəraqla qeyd olunur. Hələ Ramazan ayı gəlməmiş məscidlər təmizlənir, bəzənir. Həmçinin, Ay Gecəsi adlanan Çaand Rat dövründə müsəlmanlar yeni ayı gözləmək üçün açıq ərazilərə toplaşırlar. Təzə ay görünəndə qadınlar Şəvval ayının gəlişini qeyd etmək üçün Mehndi adlandırdıqları xına ilə əllərinə gözəl rəsmlər çəkirlər. Pakistanda Ramazan süfrəsini Celibi adlı desert növü və Pakora adlanan yeməklər olmadan təsəvvür etmək olmaz.
Qırğızıstanda Ramazan ayında əsrlərdir davam edən bir ənənə vardır. "Ca Ramazan" adlanan bu ənənədə uşaqlar və gənclər Ramazan ayının 15-ci günündən sonra kütləvi şəkildə küçələrdə dolaşır, musiqi alətlərinin müşayiəti ilə müxtəlif ölkələrə məxsus dua, istək və niyyəti özündə əks etdirən bayatılar oxuyurlar.
İndoneziyada isə illərdir davam edən ən maraqlı ənənələrdən biri Padusandır. Padusan bir növ təmizləmə ritualıdır. İnsanlar çay, göl kimi yerlərdə yuyunur və təmizlənirlər. Bu yolla onlar Allaha daha yaxın olduqlarına inanırlar. Ölkədə hər il Ramazan ayında keçirilən başqa bir adət isə atəş futboludur. Bu ənənədə futbol topu əvəzinə yanan hind qozundan (kokos) istifadə olunduğu üçün oyun hava qaralandan sonra keçirilir.
Bu adətlər nə qədər bir-birindən fərqlənsə də hər biri Ramazan bayramına ayrı bir gözəllik və rəng qatır.
Barmaqlarımız xarakterimizdən xəbər verir
Aparılan araşdırmalar zamanı məlum olub ki, barmaqların ölçüsü ilə bəzi xasiyyət və sağlamlıq göstəriciləri arasında əlaqə var.
Alimlərin sözlərinə görə, ana bətnində olduğu zaman dölə kişi hormonu (testosteron) və ya qadın hormonları (estrogenlər) təsir edə bilər ki, bu da uşağın inkişafı, onun müxtəlif orqan və sistemlərinin formalaşmasında böyük əhəmiyyət kəsb edir. Uşaq doğulanda isə bu, onun xasiyyətində və sağlamlığında özünü büruzə verir.
Araşdırmalar göstərib ki, ana bətnində olarkən testosteronun (kişi hormonu) təsiri daha çox olduqda doğulan körpədə şəhadət barmağı adsız barmaqdan daha qısa, estrogenlərin (qadın hormonları) təsiri daha çox olduqda isə şəhadət barmağı adsız barmaqdan daha uzun olur. Psixoloqlar adsız barmağı şəhadət barmağından uzun olan insanların aqressiv olduqlarını deyirlər. Əksər hallarda öz məqsədlərinə çatan bu insanlar daha çox pul qazanırlar. Uşaq vaxtı belə insanlar hiperaktiv olur və bu səbəbdən məktəbdə problemlərlə üzləşirlər. Lakin dəqiq elmlərdə (riyaziyyat, fizika və s.) onlar çox yaxşı nəticələr əldə edirlər. Bu qrup insanlar stresə daha davamlı olur və vəziyyətdən tez çıxırlar.
Adsız barmağı şəhadət barmağından qısa olan insanlar isə daha sülhsevər və sakit olur, konfliktlərdən qaçır, az pul qazanırlar. Bu insanlarda 1-ci qrupla müqayisədə ürək-damar sistemi xəstəliklərinə, depressiyalara daha tez-tez təsadüf edilir. Bu insanlar humanitar fənlərə (dillər, tarix və s.) daha çox meyil göstərirlər.
Qeyri-adi