TÜRKİYƏdƏ DÜNYANIN İLK PUA DAŞIYAN GƏMİSİ İSTİFADƏYƏ VERİLİB
“Bayraktar TB3” pilotsuz uçuş aparatlarının ən son versiyaları ilə təchiz edilən “TCG Anadolu” desant gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib. “Report” agentliyinin məlumatına görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Dövlət başçısının sözlərinə görə, desant gəmisi dünyanın istənilən yerində hərbi və humanitar əməliyyatlarda istifadə oluna biləcək bütün imkanlara malikdir. Ərdoğan bildirib ki, “TCG Anadolu” gəmisi sayəsində Türkiyə texnologiyalar, sistemlər və mövcud vəziyyəti yerində dəyişən həllər sahəsində dünya liderlərindən birinə çevriləcək.
Eyni zamanda, Ərdoğan qeyd edib ki, uzunluğu 231 metr, eni 32 metr olan gəmi şəxsi heyəti bölgənin istənilən nöqtəsinə sürətlə çatdırmağa imkan verəcək. Gəmidə silah, döyüş idarəetmə, elektron döyüş, infraqırmızı axtarış və izləmə, elektro-optik axtarış, lazer xəbərdarlıq, torpedadan müdafiə, radar, rabitə, naviqasiya və məlumat paylama sistemləri mövcuddur.
“Gəmi 13 tank, 27 amfibiya zirehli transportyoru və 6 zirehli transportyor olmaqla ümumilikdə 94 nəqliyyat texnikası daşımaq üçün nəzərdə tutulub. Göyərtəyə 10 helikopter və 11 hücum PUA-sı yerləşə bilər. Gəminin təyyarə anqarı daha 19 helikopter və 30 pilotsuz uçuş aparatı üçün nəzərdə tutulub. Gəmiyə həmçinin 4 kater yerləşdirmək mümkündür”, - deyə prezident vurğulayıb.
ŞİMALİ KOREYA RƏSMİ SEULUN ZƏNGLƏRİNƏ CAVAB VERMİR
Şimali Koreya dörd gündür Cənubi Koreya hökumətinin transsərhəd əlaqə və hərbi qaynar xətt vasitəsilə edilən müntəzəm zənglərinə cavab vermir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Cənubi Koreyanın Birləşmə Nazirliyi açıqlayıb.
“Şimali Koreya cümə günündən bəri adi zənglərə cavab vermədiyi üçün gündəlik rabitə xəttini birtərəfli qaydada kəsmiş kimi görünür”, - deyə Birləşmə Nazirliyinin açıqlamasında qeyd olunur.
Cənubi Koreyanın Müdafiə Nazirliyi də hərbi rabitə kanalı vasitəsilə gündəlik iki dəfə edilən zənglərin dörd gün ardıcıl olaraq cavabsız qaldığını bəyan edib.
Eyni zamanda, Cənubi Koreya hakimiyyət orqanları bunun KXDR tərəfindəki texniki problemlərlə bağlı ola biləcəyini istisna etməyib.
Bəzi ekspertlər hesab edirlər ki, Pxenyan bununla ABŞ və Cənubi Koreyanın təlimlərinə, həmçinin Seulun KXDR-dəki insan haqları məsələsində siyasi təzyiqinə etiraz edir.
Qeyd edək ki, KXDR və Cənubi Koreya gündə iki dəfə, saat 09:00 və 17:00-da xüsusi rabitə xətti üzərindən əlaqə saxlayırlar.
LATVİYA BELARUSLA SƏRHƏDDƏ TEZLİKLƏ HASAR ÇƏKMƏYƏ BAŞLAYACAQ
Latviya aprel ayında Belarusla sərhədin bataqlıq ərazilərində hasar çəkməyə başlayacaq. Bu barədə “Report” agentliyinin məlumatına qeyd olunur.
Bildirilir ki, hasarın uzunluğu təxminən 64 kilometr təşkil edəcək. Açıqlamaya əsasən, artıq 85,8 kilometrlik quru zonalarda işlər yekunlaşıb.
Xatırladaq ki, Finlandiya da Rusiya ilə sərhəddə sədd tikməyə başlayıb. Tikinti işləri fevralın 27-də İmatra sərhəd-keçid məntəqəsi rayonunda start götürüb.
Məlumat üçün qeyd edək ki, Finlandiya Rusiya ilə 1300 kilometrlik sərhədə malikdir. İki-üç il ərzində sərhədin 10-20 faizində texniki nəzarət sistemləri ilə təchiz olunan səddin inşasını planlaşdırır.
ARXEOLOQLAR İSTANBULDA 1500 İLLİK YERALTI DƏHLİZ AŞKAR EDİBLƏR
İstanbul Böyükşəhər Bələdiyyəsinin Polyeuktos kilsəsinin qalıqları içərisində apardığı qazıntılar nəticəsində 1500 illik tarixə malik yeraltı dəhliz aşkar edilib. “Trend” agentliyinin məlumatına görə, hazırda Saraçhane Arxeologiya Parkında yerləşən kilsə ərazisində arxeoloji qazıntılar davam edir.
Eyni zamanda, bildirilir ki, yeraltı dəhlizin içərisində mərmərlə formaya salınmış, relyeflərlə bəzədilmiş mozaika və daş hörgüləri tapılıb.
Bələdiyyə sədrinin müavini Mahir Polat tikilinin İstanbulda zəlzələ tədqiqatları üçün dəyərli nümunə olduğunu vurğulayıb. O, həmçinin, Saraçhane