TÜRKIYƏ VƏ RUSIYA ARASINDA RAZILAŞMA
Berlində baş tutan Liviya zirvə görüşündə ölkədə olan əcnəbi hərbçilərin çıxarılması haqda müzakirələr aparılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Liviyada bir-birinə qarşı duran tərəfləri dəstəkləyən Türkiyə və Rusiyanın əcnəbi əsgərlərin mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutan razılaşma əldə etdiyi iddia olunur.
Türkiyə daxil olmaqla bir sıra ölkənin qatıldığı müzakirələrdə atəşkəsin bir hissəsi olaraq xarici hərbçilərin və muzdlu döyüşçülərin Liviyadan çıxarılması və dekabrda keçiriləcək seçkilərlə bağlı təhlükəsizliyin təmin olunmasını hədəfləyirdi.
ABŞ Dövlət Departamentinin yüksək çinli diplomatı bildirib ki, Liviyada qarşı tərəfləri dəstəkləyən Türkiyə və Rusiya xarici və muzdlu hərbçilərin hər iki tərəfdən geri çəkilməsini təmin edəcək anlaşma əldə edib.
PENTAQON RƏHBƏRI YENI MÜHARIBƏ EHTIMALLARI HAQQINDA DANIŞIB
Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələrin işləri üzrə Komitəsində çıxış edərkən Brləşmiş Ştatların müdafiə büdcəsi üzrə təkliflərin hazırlığı zamanı yeni müharibə ehtimallarının nəzərə alındığını bildirib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Pentaqonun saytı məlumat yayıb.
Nazir Çin Xalq Respublikasına qarşı mübarizəni gücləndirməyə, regional müttəfiqlər və tərəfdaşlar şəbəkəsini canlandırmağa, eləcə də yeni əməliyyat konsepsiyalarının inkişafını sürətləndirməyə yönəlmiş daxili təlimat verdiyini qeyd edib.
Bununla yanaşı, Lloyd Ostin büdcənin tərtib edilməsi zamanı prioritet məsələlər kimi Rusiya tərəfindən xüsusilə kiberməkanda qarşıdurmanın nəzərə alındığını qeyd edib. O bildirib ki, kibertəhlükəsizlik, kiberəməliyyatlar, kibertəhlükəsizliyin tədqiqatına və inkişafına 10 milyard ABŞ dolları ayrılması nəzərdə tutulub.
Eyni zamanda, Pentaqon rəhbəri həmçinin kosmos, raket əleyhinə müdafiə ilə büdcənin Şimali Koreya və İran kimi ölkələrin artan ballistik raket imkanlarına qarşı durmağa kömək edəcəyini vurğulayıb.
ÜST UŞAQLARI “COVID-19”A QARŞI PEYVƏND ETMƏYƏ ÇAĞIRDI
Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə uşaqları peyvənd etməyə çağırıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə ÜST-ün saytında yerləşdirilən tövsiyələrdə qeyd edilir.
Açıqlamada bildirilir ki, uşaqlar və yeniyetmələr böyüklərlə müqayisədə koronavirusu daha yüngül formada keçirirlər.
“Uşaqlar və yeniyetmələr koronavirusu ağır keçirmə riski daha yüksək olan qrupda olmadıqları üçün yaşlı, xroniki xəstəlikləri olan insanlar və səhiyyə işçilərindən sonra peyvənd edilməlidirlər”, - deyə açıqlamada vurğulanır.
Qeyd edək ki, bir müddət öncə ÜST “COVID-19” peyvəndlərinin uşaqlara təsiri barədə yetərli məlumatın olmadığını bildirmişdi və bu səbəbdən uşaqların peyvənd edilməsini tövsiyə etmirdi.
ÇÖRÇILLIN ÇƏKDIYI RƏSM ƏSƏRI 1,8 MILYON DOLLARA SATILIB
Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçillin çəkdiyi rəsm əsəri Nyu-Yorkda keçirilən auksionda 1,8 milyon ABŞ dollarına satılıb. “Report”un verdiyi xəbərə görə, bu barədə “Phillips” auksion evinin saytında məlumat dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, rəsm əsəri 1921-ci ilin yayında çəkilib. Şəkildə kiçik ingilis şəhərciyinin yaxınlığında meşə mənzərəsi təsvir olunub.
Məlumata əsasən, bu rəsm əsəri əvvəllər yunan iş adamı Aristotel Onassisin kolleksiyasında saxlanılırmış.
Xatırladaq ki, mart ayında U.Çörçillin başqa bir əsəri “Christie’s” auksion evində 11,6 milyon ABŞ dollarına satılmışdı.
ABŞ-IN RUSIYADAKI SƏFIRI MOSKVAYA QAYIDIB
ABŞ səfiri Con Sallivan Moskvaya qayıdıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, ABŞ diplomatı Rusiya hökumətilə strateji sabitlik mövzusunda dialoqun inkişafı üçün çalışmağı səbirsizliklə gözlədiyini bəyan edib.
“ABŞ-ın Rusiyadakı xarici siyasət maraqlarını inkişaf etdirmək üçün təcrübəli və etibarlı diplomatik heyətlə işləməyə davam etmək üçün Moskvaya qayıtmağıma şadam. Məqsədimizə çatmaq üçün Rusiya hökumətindəki həmkarlarımızla ABŞ və Rusiya arasında sabit və proqnozlaşdırılan münasibətlər qurmaq üzərində əməkdaşlığı səbirsizliklə gözləyirəm”, - deyə səfir vurğulayıb.
Con Sallivan Rusiya və ABŞ-ın birgə maraqlarına cavab verən sahələrdə əməkdaşlıq etməli, fikir ayrılığı olan məsələlərdə isə açıq dialoq aparılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, iyunun 16-da Cenevrədə Vladimir Putin və Cozef Bayden arasında baş tutan görüşdə liderlər səfirləri Vaşinqtona və Moskvaya qaytarmaq barədə razılığa gəliblər. Rusiya diplomatı Anatoli Antonov artıq iyunun 20-də Vaşinqtona qayıdıb.
LIVANDA YANACAQ BÖHRANI DAVAM EDIR
Livanda 145 yanacaqdoldurma məntəqəsi ölkədəki yanacaq böhranı səbəbindən fəaliyyətini dayandırıb. “APA”nın məlumatına görə, məntəqə sahibləri bu addımı işçilərinə edilən fiziki hücumların qarşısını almaq məqsədilə atdıqlarını bildiriblər.
Verilən xəbərə əsasən, Livan mediasında və sosial şəbəkələrdə yanacaqdoldurma məntəqəsinin işçilərinin avtomobilləri yanacaqla təmin etməkdən imtina etməsindən sonra kütləvi davaları, eləcə də silahlı qarşıdurmaları əks etdirən videolar yayılıb.
Livanda bir neçə aydır ki, yanacaq çatışmazlığı hökm sürür. Benzin qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələri yalnız günortaya qədər işləyir. Bir avtomobilə maksimum 25 litrə qədər yanacaq verilir. Bu səbəbdən məntəqələrin qarşısında uzun tıxaclar yaranır.
“TALIBAN” ƏFQANISTANIN IRI ŞƏHƏRLƏRINƏ HÜCUMA HAZIRLAŞIR
“Taliban” hərəkatının qiyamçıları may ayından başlayan hücum əməliyyatında Əfqanıstanın onlarca rayonunu nəzarət altına alıblar və ehtimal ki, bir sıra əyalətlərin paytaxtlarının tutulması üzrə əməliyyatlar hazırlayır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Debora Layons bəyan edib.
Xüsusi nümayəndə BMT Təhlükəsizlik Şurasında bildirib ki, may ayından başlayan intensiv hücum əməliyyatı nəticəsində Əfqanıstanda 50-dən çox rayon “taliblər”in nəzarəti altına keçib.
BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi dünya ictimaiyyətini “taliblər”ə onların Əfqanıstan hakimiyyəti ilə problemlərin həllini döyüş meydanında deyil, danışıqlarda axtarmaları üçün təsir göstərməyə çağırıb.
“AUDI” BENZINLƏ IŞLƏYƏN AVTOMOBILLƏRIN ISTEHSALINI DAYANDIRIR
“Audi AG” şirkəti benzin mühərrikli avtomobillərin istehsalını tam dayandırmaq niyyətindədir. “Report”un verdiyi xəbərə görə, şirkətin son bu cür modeli “Q8” 2026-cı ildə təqdim olunacaq. Bununla da mövcud benzin mühərrikli avtomobillər ömrünü başa vuranadək işləyəcək və sonra elektrik avtomobil istehsalına başlanılacaq.
Belə ki, “A3”, “A4”, “A5”, “A6” sedanları, həmçinin “Q” seriyalı bütün SUV-lər planlı yenilənmə zamanı elektrikləşdiriləcək. Bu zaman keçid variantı kimi hibrid versiyası istehsalına başlamadan birbaşa elektromobil versiyası istehsalına keçiləcək.
Xatırladaq ki, bir müddət öncə “Audi” və “FAW” şirkətlərinin, Çinin Çanqçun şəhəri administrasiyası arasında birgə elektromobil istehsalına başlamaq barədə saziş imzalandığı bildirilmişdi.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.