Ölümsüzlüyə çox az qaldı...
Amerikalı futuroloq, kompüter alimi, "Google"un texniki direktoru Ray Kurzveil bəşəriyyətin nə zaman ölümsüzlük qazanacağına dair konkret vaxt qrafikini müəyyən edib. Alimin proqnozlarına görə, 2030-cu ilə qədər insanlar ölümsüzlük qazanacaq.
Ekspertin fikrincə, bu zamana qədər elm adamları nanorobotların bədənlərə implantasiya edilməsinə imkan verən, insan ömrünü hər il uzada biləcək texnologiyalar hazırlayacaqlar. Bununla da insanlar ölümsüz olacaqlar. O, bilavasitə həmin müddətə qədər süni intellektin insan zəkasına sahib olacağı fikrini də qeyd edib.
Alim həmçinin, yaxın gələcəkdə nanorobotların insanları təhlükəli xəstəliklərdən də qoruyacağını söyləyib. Kurzveilin fikrincə, 2030-cu ilə qədər süni intellekt (AI) inkişafının ən yüksək zirvəsinə çatacaq: "Bunun sayəsində insanların gözlənilən ömür müddəti ciddi şəkildə artacaq. Düşünürəm ki, zamanla süni intellekt insanla eyni səviyyəyə çatacaq".
Futuroloqun sözlərinə görə, yeddi ildən sonra insanın süni intellektlə birləşmə prosesi başlayacaq və 2045-ci ilə qədər kiborqlar nəsli yaradılacaq.
Yeri gəlmişkən qeyd edək ki, alimin daha əvvəl verdiyi proqnozların 85 faizi gerçəkləşib. Texnologiya ilə bağlı proqnozlar verməkdə olduqca yaxşı bir təcrübəyə sahib olan Kurzveil 1990-cı ildə kompüterin 2000-ci ilə qədər şahmat üzrə dünya çempionlarını məğlub edəcəyini və həmçinin simsiz texnologiya, smartfonlara keçid dövrünü düzgün proqnozlaşdırmışdı.
Onun budəfəki proqnozunun isə doğru olub-olmayacağını ancaq zaman göstərəcək. Xoşbəxtlikdən o gün çox da uzaq deyil...
Sən demə, beynimiz...
Yeni Zellandiyanın Otaqo Universitetinin tədqiqatçıları beynimizlə bağlı maraqlı bir faktı ortaya çıxarıblar. Belə ki, araşdırma zamanı alimlər insanlarla arıların beyinlərinin fəaliyyətində oxşarlıq aşkar ediblər.
Tədqiqatın nəticələri göstərib ki, arıların beynində müəyyən edilmiş alfa ritmin xüsusiyyətləri insanların beyni ilə eynidir. Alimlərin qənaətinə görə, arıların beyninin fəaliyyəti daha dərindən araşdırılarsa insan beyninin alfa ritmlə əlaqəli olan koqnitiv funksiyaları daha yaxşı öyrənilə bilər. Söhbət diqqət və yaddaş bacarığından gedir.
"İnsanlar üzərində təcrübələr aparmaq həm avadanlıq təminatı baxımından baha başa gəlir, həm də çox vaxt aparır. Üstəlik, insan beynindəki ayrı-ayrı identifikasiya edilmiş neyronları yığa bilmirik. Arıların beynini araşdıraraq biz bu əngəlləri aşa bilərik. Ola bilsin ki, gələcəkdə bu bilikləri insan beyninin araşdırılması və müalicəsində tətbiq edək", - deyə tədqiqat rəhbəri Pol Jijka bildirib.
Tədqiqat bal arıları üzərində aparılıb. Elm adamları arıların beyninin aktivliyini ölçmək üçün elektrod vasitəsilə onları müxtəlif qoxularla şirnikləndiriblər. Məlum olub ki, arılar eynən insanlar kimi qoxuları qidalarla assosiasiya etməyi bacarırlar.
Elmi ixtiralara səbəb olan yuxular
Ta qədimdən daim yuxularını yozan insanlar onlardan məna çıxarmağa çalışıblar. Çox qəribədir ki, bəzi elm adamlarının gördüyü yuxular onların kəşflərinin, yeni elmi ixtiraların səbəbi olub. Gəlin, onlardan bir neçəsinə nəzər yetirək...
Böyük alim Dmitri İvanoviç Mendeleyev elementlərin dövri sistemini hazırlayarkən, onların sıralanması mərhələsində böyük çətinliklərlə üzləşir. Onları necə sıralayacağını bilməyən alim günlərin birində fikirli halda laboratoriyasında elə masanın üstündəcə yuxuya gedir və yuxuda bütün elementlərin sıra ilə düzüldüyünü görür. Oyandıqdan sonra isə bütün elementlərin cədvəldə lazım olan yerdə olduğunu anlayır və hamısını dərhal qeyd dəftərinə yazaraq, sadəcə bir elementin yerini dəyişir.
Kvant mexanikasının atası sayılan Niels Bohr atomun quruluşu üzərində baş sındırdığı bir gecə yuxusunda atom nüvəsi və ətrafında dönən elektronları görür. O ana qədər atomun quruluşu ilə bağlı proqnozları tutmayan alim planetin Günəş ətrafında fırlandığı kimi, elektronların da atom nüvəsinin ətrafında döndüyünü gördükdən sonra artıq nəyin arxasınca getməyin lazım olduğunu anlayır və hədəfinə doğru irəliləyir. Beləliklə,