ABŞ TÜRKİYƏ PREZİDENTİNİN FİNLANDİYA İLƏ BAĞLI QƏRARINI ALQIŞLAYIB
ABŞ Finlandiyanın NATO-ya üzvlük müraciətinin Türkiyə parlamentində ratifikasiya prosesinə başlamaq qərarını alqışlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlama yayıb.
“Birləşmiş Ştatlar prezident Rəcəb Tayyib Ərdoğanın Finlandiyanın NATO-ya üzvlük protokolunu parlamentə göndərəcəyi barədə açıqlamasını alqışlayır və bu prosesin ən qısa zamanda yekunlaşmasını gözləyir”, - deyə ABŞ rəsmisi vurğulayıb.
Eyni zamanda, Türkiyənin İsveçin NATO-ya üzvlüyünü də təsdiq etməsini istədiklərini qeyd edən Ceyk Sallivan Macarıstanı həm Finlandiya, həm də İsveç üçün təsdiq prosesini gecikdirmədən tamamlamağa çağırıb.
Bununla yanaşı, ABŞ rəsmisi Finlandiya və İsveçin NATO dəyərlərini bölüşən, Avropanın təhlükəsizliyinə töhfə verən güclü tərəfdaşlar olduğunu bildirib: “ABŞ hesab edir ki, hər iki ölkə ən qısa vaxtda NATO-ya üzv olmalıdır”.
RUSİYA TƏXRİBATA GÖRƏ DANİMARKADAN CAVAB GÖZLƏYİR
Danimarka tərəfinin “Şimal axını” qaz boru kəmərlərinə xələl gətirən təxribatı birgə araşdırmaqdan imtinasına baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyi Kopenhagendən suallara cavab gözləyir. “Sputnik” informasiya aəentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Mariya Zaxarovanın sözlərinə görə, yalnız Rusiya nümayəndələrinin iştirakı ilə aparılan beynəlxalq araşdırma təxribatın səbəbləri və sifarişçiləri haqqında etibarlı məlumatlar təqdim edə bilər.
Bununla yanaşı, Rusiya XİN-i Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenin Rusiya tərəfinə “Şimal axını 1” və “Şimal axını 2”də təxribatın təhqiqatında iştirakına icazə verməkdən imtinanı ehtiva edən bəyanatına diqqət çəkib.
“Danimarka tərəfinin təxribatı birgə araşdırmaqdan imtina etməsinə baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyi əvvəllər verilən suallara Kopenhagendən cavab axtarmağa davam edəcək. “Başını quma soxmaqla” bu məsələ uğur qazanmayacaq", - deyə qurumun saytında yerləşdirilən açıqlamada qeyd olunur.
AVSTRALİYA ABŞ-dan 900 MİLYON DOLLAR DƏYƏRİNDƏ RAKET ALACAQ
ABŞ Dövlət Departamenti Avstraliyanın 220-dək uzaqmənzilli “Tomahawk” qanadlı raketləri tələbini təsdiqləyib. “Report”un verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Beləliklə, Avstraliya Böyük Britaniyadan sonra bu tip Amerika raketlərini alan ikinci ölkə olacaq. Texniki qulluq və maddi-texniki dəstək də daxil olmaqla, saziş Avstraliyaya 895 milyon dollara başa gələcək.
“Satış Avstraliyanın ABŞ-ın dəniz və digər müttəfiq qüvvələri ilə qarşılıqlı əlaqəsini, eləcə də maraq doğuran missiyalarda iştirak etmək imkanlarını təkmilləşdirəcək”, - deyə məlumatda bildirilir.
Bununla yanaşı, sazişə əsasən, ABŞ-ın Avstraliyaya ən azı üç “Virciniya” sinifli sualtı qayıq satacağı bildirilir. Bundan əlavə, Avstraliya və Britaniya Hind-Sakit okean regionunda müttəfiqlərinin imkanlarını gücləndirmək üçün öz yeni nüvə sualtı qayıqları donanmasını yaradacaqlar. Avstraliyanın müdafiə naziri Pet Konroy silahların zəruri çəkindirmə vasitəsi olduğunu vurğulayıb.
UKRAYNAYA SİLAH TƏDARÜKÜ FRANSAYA GÖRƏ LƏNGİYƏ BİLƏR
Fransa hakimiyyəti Kiyevə ağır silah tədarükü məsələsinin həllini “ləngidə” bilər. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bunu fransız siyasətçi və Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo bildirib.
“Hər şey mümkündür. Lakin düşünürəm ki, bu, Fransa hökuməti üçün getdikcə çətinləşən məsələyə çevrilir. Belə ki, fransızlar, ictimai rəy sorğularından da göründüyü kimi, getdikcə daha çox danışıqlara və Ukraynaya silah tədarükünün dayandırılmasına tərəfdardırlar”, - deyə Florian Filippo əlavə edib.
Bununla yanaşı, fransalı siyasətçi vurğulayıb ki, hazırda pensiya islahatları ilə bağlı problemlər və ölkənin səhiyyə sistemindəki böhran səbəbindən hökumətin Ukraynaya silah və pul göndərməsi çətin