Birinci Dünya müharibəsi davam edərkən Osmanlı dövləti ilə Antanta arasında dəniz və quru döyüşləri baş verdi. İttifaq ölkələri Osmanlının paytaxtı İstanbulu ələ keçirmək məqsədilə Çanaqqala boğazına girdilər. Boğazları tutmaqla ingilis və fransız donanmalarının məqsədi Almaniya ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək və İstanbulu ələ keçirməklə Osmanlı Türkiyəsinin Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi. İstanbulu ələ keçirməyin ən real yolu isə Çanaqqala boğazı idi.
1914-cü il noyabrın 3-də ingilis və fransız qüvvələri boğaza yaxınlaşdılar. İngilislər Seddülbahir və Ərtoğrul qalalarını, fransızlar isə Anadolu yaxtasında Qumqala və Orhaniyə qalalarını topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2-də boğaza girdi və 750 metr irəlidə yerləşən "Mesudiye" zirehli gəmisinə mərmi ataraq gəmini batırdı. Britaniya hökuməti 1915-ci il yanvarın 28-də Osmanlı ilə döyüş qərarı verdi və bu qərara Paris də qoşuldu. Fevralın 19-da düşmən döyüş gəmiləri amansız bombardmanla xeyli irəlilədi, martın 18-də isə şiddətli döyüşlər başladı. Mecidiyye və Hamidiyyə istehkamları ardıcıl atəşə tutuldu.
Osmanlının tənəzzülündən yararlanmağa çalışan Avropa dövlətlərinin məqsədi Anadolunu türklərdən təmizləmək idi. Amma xeyli əraz itirmiş türk xalqı əzmkar mübarizəyə qalxdı və düşmənləri geri oturtmağı bacardı. Bu dövrdə Mustafa Kamal Paşaya Anafartalar cəbhəsində ordu qruplarından birinə rəhbərlik etmək tapşırılmışdı. Həmin dövrdə cəbhədə vəziyyət ağır olaraq qalırdı. Lakin düşmən Osmanlı əsgərlərinin müqavimətini qıraraq İstanbulu və boğazları tutmaq niyyətini həyata keçirə bilmədi. Qumqala, Beşike, Bolayır, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayır və Anafartalarda gedən döyüşlərdə hər iki tərəf çoxlu sayda itkilər verdi. Dənizdən hücumla Çanaqqalanı ələ keçirə bilməyəcəyini anlayan düşmən taktikanı dəyişərək Mustafa Kamal Paşanın dediyi kimi, Seddülbahirdən quruya qoşun çıxardı. Bir növ Çanaqqala boğazını gəmilərlə keçə bilməyəcəklərini anlayan İngilis, Fransız, Avstraliya və Yeni Zelandiya əsgərləri 25 aprel 1915-ci ildə quruya çıxmağa başladılar. Çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayı olduqca az idi. Bu zaman Mustafa Kamal Qocaçiməndə, Conkbayırda döyüşürdü. Ağır döyüşlər gedərkən əsgərlərin mərmilərinin bitdiyini görən Mustafa Kamal onlara süngülərini tüfənglərinə keçirməyi əmr etdi və əsrlər boyu türk millətinin yaddaşından silinməyəcək bu sözləri dedi: "Mən sizə hücum əmri vermirəm. Mən sizə ölməyi əmr edirəm". Beləliklə, tarixin ən böyük səngər müharibəsi başladı. Tezliklə dekabrın 20-də Anafartalar və Arıburnu cəbhəsi, 1916-cı il yanvarın 8-9-da Seddülbahir düşmənlərdən azad edildi. Qələbə arzusu ilə quruya girən birləşmiş düşmən ordusu 1916-cı ilin qışında məğlubiyyətə uğrayaraq döyüş meydanını tərk etməli oldu. Bir sözlə, pis silahlanmış, lakin son dərəcə döyüşkən və əzmkar olan türklər o dövrün ən son hərbi texnikadan istifadə edən avropalıları geri oturtdu.
Bu şanlı döyüşdə azərbaycanlı oğulların da iştirak etdiyinə dair məlumatlar var. Doğrudur, həmin dövrdə millət amili əsas rol oynamadığından zaman-zaman azərbaycanlıların savaşda iştirak edib-etmədiyi müzakirə olunur. Amma Çanaqqala savaşının qəbiristanlığında azərbaycanlıların məzarlarının olması həmvətənlərimizin iştirakını təsdiqləyir. Sadəcə bu yaxınlıq millət yox, din birliyindən qaynaqlanırdı. Çünki o zamanlar Osmanlı sultanı təkcə Türkiyənin yox, Məkkə və Mədinənin də xəlifəsi sayılırdı. Onun bütün müsəlmanlara müraciət edərək cihada dəvət etmək imkanı var idi. Çanaqqala döyüşü də müsəlman cəmiyyətinə çağırışın bir təzahürü idi. İstənilən halda, motivindən asılı olmayaraq azərbaycanlıların Çanaqqala döyüşlərinə töhfə verməsi danılmaz həqiqətdir.
Ümumilikdə, bu döyüşdə Osmanlı Türkiyəsi 253 min şəhid verdi. Bununla belə, Çanaqqalada türk əsgərlərinin göstərdiyi mətinlik və cəsarət düşmən generallarını və siyasi xadimlərini belə heyrətə gətirmişdi. İngiltərənin baş naziri Uinston Çörçill "Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış güclər qarşısında bir qala kimi dayanmışdılar", ingilis generalı