Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.
AZƏRTAC-ın müxbiri bildirir ki, görüşü açan tədbirin moderatoru, Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms dedi:
- Zati-aliləri, Prezident Əliyev.
İqtisadiyyat naziri, cənab səfir, xanımlar və cənablar.
Almaniyanın Şərqi Biznes Assosiasiyasının adından Zati-alilərini burada - Berlində səmimi-qəlbdən salamlamaq istəyirəm. Lakin hesab edirəm ki, bunu bütöv alman biznes cəmiyyəti adından da deyə bilərəm. Azərbaycan və alman biznesləri arasında iqtisadi əməkdaşlıq haqqında bu gün bu müzakirənin tərəfimizdən aparılması həqiqətən də bizim üçün şərəfdir və bizdə məmnunluq hissi doğurur. Şəxsən məndə bu tədbir xüsusi məmnunluq hissi doğurur, çünki biz sadəcə üç həftə bundan öncə Münxen Təhlükəsizlik Konfransında görüşmüşdük və çox şadam ki, bu gün müzakirələrimizi konkret layihələr haqqında daha konkret səpkidə apara bilərik.
Həmçinin bu gün bu vacib müzakirəyə bir çox alman şirkətləri qoşulduğu üçün də onlara minnətdaram. Burada müxtəlif sektorları təmsil edən, demək olar ki, otuz şirkətin nümayəndələri toplaşıblar. Həmçinin Federativ Hökumətin nümayəndələrini, İqtisadiyyat və İqlim Müdafiəsi Nazirliyindən cənab Rayxenbexeri, xanım Alarixi burada salamlamaqdan məmnunluq hissi keçirirəm. Sizi də salamlayıram. Biz aşağıdakı gündəliyi təklif etmişik. Qısa açılış çıxışımdan sonra Prezident Əliyev Azərbaycanın iqtisadi inkişafı üzrə planlar haqqında strateji icmalı bizimlə paylaşacaq və xüsusilə ikitərəfli əməkdaşlığımız çərçivəsində alman biznesləri üçün imkan və fürsətlər haqqında məlumat verəcək.
Sonra biz dəyirmi masa müzakirəsini təşkil edəcəyik. Biz sizin şirkətlərinizi klasterlər üzrə yığmışıq. Beləliklə, bizim beş klasterimiz var. Birincisi enerji, sonra logistika və infrastruktur, üçüncü sənaye, dördüncü kənd təsərrüfatı və beşinci klaster maliyyə, texniki qaydalar və assosiasiyalardır. Hər birinizdən şirkətiniz, Azərbaycanda planlarınız və layihələriniz barədə qısa məlumat verməyi xahiş edirəm. Xahiş edirəm çıxışınız iki və ya üç dəqiqədən artıq olmasın. Əks halda mən nəzakətsiz davranmaq məcburiyyətində qalaraq sözünüzü kəsməli olacağam. Çünki hər bir klasterdən sonra Prezident öz qeydlərini və bəlkə də sizin konkret təkliflərinizə dair reaksiyasını bildirəcək. Vaxta əməl etməyimiz vacibdir. Həmçinin xahiş edirəm çıxışlarınızda mümkün qədər konkret olun. Bugünkü müzakirənin ən yaxşı nəticəsi o olardı ki, bizdə təqib olunmalı məsələlərin uzun bir siyahısı olsun. Hesab edirəm ki, bu, çox vacibdir. Beləliklə, bu, mənim qısa açılış çıxışım idi. İndi isə sözü böyük məmnuniyyətlə Zati-aliləri Prezident Əliyevə verirəm.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Təşəkkür edirəm. Çox sağ olun, cənab Harms.
Xanımlar və cənablar, bu görüşdə iştirak etdiyiniz üçün sizə də təşəkkürümü bildirirəm. Cənab Harmsın vurğuladığı kimi biz üç həftə bundan əvvəl Münxendə görüşmüşdük. Beləliklə, bu, bir aydan az müddətdə mənim Almaniyaya ikinci səfərimdir. Bu dəfə mən Almaniyaya Kansler Olaf Şoltsun dəvəti ilə gəlmişəm. Sabah mənim Prezidentlə və Kanslerlə görüşlərim olacaq və əlbəttə, biz siyasi gündəliyə aid məsələlərlə birlikdə, sözsüz ki, ticari və iqtisadi əlaqələrimizin genişlənməsi imkanlarını da müzakirə edəcəyik.
Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Biz, əslində, beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik və yeni kreditlər götürməyi planlaşdırırıq. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik.
Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi. İndi hədəfə nail olunduğundan biz borclanma strategiyamıza yenidən başlayırıq. Biz artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələrə başlamışıq. Lakin infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur. Biz nisbətən bu yaxınlarda qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq.
Cənab Harms qeyd etdiyi kimi, enerji ilə də bağlı klaster olacaq. Bununla bağlı bir neçə söz deyim. Bu yaxınlarda - bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik.
İki ildən çox bundan əvvəldən etibarən bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Biz xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq. Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, çünki təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var.
Müzakirələrimizin tərkib hissəsi olacaq başqa bir məsələ nəqliyyat və logistikadır. Biz enerji satışından əldə etdiyimiz vəsaiti, yəni, neft və qaz gəlirlərini nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işləmişik. Hazırda buna demək olar ki, nail olunub. Buna, demək olar ki, bizdə olan və faktiki surətdə infrastrukturumuzun tamamilə əhatə etdiyi proqnoza əsasən nail olunub. Lakin indi yenə də Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb.
Bir sözlə, biz çox ürəkdən çalışırıq və əlavə maliyyə vəsaitlərini ayırırıq ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əlbəttə ki, bütün bunlar icra olunmalıdır. Təbii ki, ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar. Əsas perspektiv planlarımıza gəldikdə, əlbəttə ki, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib. Beləliklə, biz “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start vermişik. Biz proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bir sözlə, bu, böyük proqramdır və onun icrası böyük vəsaitlər tələb edəcək. Biz tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırırıq. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək.
Eyni zamanda, bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ola bilsin, biz bu mövzunu görüşümüz zamanı daha geniş şəkildə müzakirə edə bilərik. Lakin deyə bilərəm ki, Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Beləliklə, hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq. Bəlkə burada mən çıxışımı yekunlaşdırım ki, müzakirələrimiz üçün çox vaxtımız olsun. Sağ olun.
Moderator Mixael Harms: Cənab Prezident, aydın strateji istiqamətləri təsvir etdiyinizə görə çox sağ olun. Təəssürat bağışlayan rəqəmləri qeyd etdiyinizə görə minnətdaram. Bu, çox maraqlıdır və gördüm ki, bir çox iştirakçı bunları qeyd edir, çünki bizim üçün çox aydın perspektivlər açılır. Gəlin, enerji sahəsi ilə başlayaq. Əvvəlcə mən “Siemens Energy” şirkətinin nümayəndəsi, cənab Vaysa söz verəcəyəm. Sonra “Uniper” şirkətindən cənab Peter Hohaus çıxış edəcək. “S.E.T.” şirkətindən cənab Dohna, “Notus Energy” şirkətindən cənab Pallut, daha sonra cənab Kasapoğlu və doktor Falk. Masa üzərində mikrofonlar qoyulub, onlardan istifadə edin.
“Siemens Energy” şirkətinin təmsilçisi Kristian Vays: Sağ olun. Zati-aliləri, Prezident Əliyev. Xanımlar və cənablar. Əvvəlcə, dəvətə görə çox sağ olun. Mühüm tədbirdir. Adım Kristian Vaysdır. Mən “Siemens Energy” şirkətini təmsil edirəm. Mən enerji sahəsində kommersiya əməliyyatlarına görə Avropa və Mərkəzi Asiya regionları üzrə cavabdehəm. Bizim 90 ölkədə 19 min əməkdaşımız var. Biz, həmçinin Azərbaycanda işləyirik. Orada quraşdırılmış enerji güc avadanlıqlarına xidmət göstəririk. Məmnunluqla qeyd etdim ki, iqtisadiyyatınız güclü dərəcədə artır və Siz alman və digər xarici şirkətlərlə əməkdaşlığı təşviq edirsiniz. Konkret layihələrdən danışsaq, biz artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstəririk. Sumqayıtdakı 500 meqavatlıq Enerji Stansiyası layihəsində iştirakımızdan fərəhlənirik.
Yerli elektrik şəbəkəsinin və elektrik enerjisinin ötürülməsi üçün yarımstansiyaların istismarı, xüsusən də Qarabağ regionunda potensialın qiymətləndirilməsi sahəsində yerli tərəfdaşlarla birgə səylər göstəririk. Yeri gəlmişkən, bu halda Türkiyə və Avropa istiqamətində Qafqaz ölkələrindən elektrik enerjisinin ötürülməsi xətlərinin gücləndirilməsi də nəzərdə tutulur. Bununla yüksək gərginlikli xətlərin tam əlaqəsi təmin edilə bilər. Beləliklə, Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin ötürülməsinə imkanlar yarada bilərik. Sonuncu, lakin mühüm məsələ ondan ibarətdir ki, biz BP kimi tərəfdaşımızla birgə Səngəçalda elektrikləşdirmə layihəsinin icrası ilə bağlı öhdəliyi öz üzərimizə götürməyə və dəstək verməyə hazırıq. Dekarbonlaşdırma strategiyası çərçivəsində Azərbaycanın növbəti inkişafını təmin etmək məqsədilə Sizin göstərişləriniz və planınıza uyğun birbaşa və ya dolayı yolla karbohidrogenlərin havaya atılmasının qarşısını almaq üçün tam müasir konsepsiyanı tərtib etmək işinə artıq cəlb olunmuşuq. Biz düşünürük ki, məhz həmin konkret üç sahədə töhfə verə bilərik. Bir daha bildirmək istəyirəm ki, Azərbaycanda işləyirik və ölkənin uğuruna inanırıq. Lakin inanıram ki, biz daha çox işlər görə bilərik. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
“Uniper” şirkətinin təmsilçisi Peter Hohaus: Hörmətli cənab Prezident, xanımlar və cənablar.
Mən “Uniper” şirkətini təmsil edirəm. Bu gün Sizinlə bu fikir mübadiləsini aparmaqdan çox məmnunuq. Mən “Uniper” şirkətini Berlində təmsil edirəm, çünki mən Sizin təbii qaz üzrə etibarlı tərəfdaş olduğunuzu təsdiq edə bilərəm. Məhz bu sahəni birinci mövzu kimi qeyd etmək istərdim. “Uniper” şirkəti olaraq, iki istiqamət üzrə işləyirik: istehlakçılar üçün təchizatın təhlükəsizliyi və ikincisi, enerji sisteminin dekarbonlaşdırılmasıdır. Təbii ki, biz Sizin şirkətiniz SOCAR ilə 2006-cı ildən etibarən tərəfdaşlıq qurmuşuq. 2013-cü ildə uzunmüddətli müqavilə imzalamışıq və 2019-cu ilin sonundan başlayaraq şirkətiniz bizim üçün Cənub Qaz Dəhlizində etibarlı təbii qaz təchizatçısıdır. Bu səbəbdən düşünürük ki, hazırkı şəraiti nəzərə alaraq, bizim şaxələndirmə strategiyamız dəyişib. Almaniyada hesab edirlər ki, Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsi baş tutsa, yaxşı olardı. Yəni, ötürmə qabiliyyəti 20 milyard kubmetrə qədər artsın, çünki “Uniper” şirkəti olaraq biz həmin marşrutla daha çox təbii qazın təchiz olunmasında çox maraqlıyıq. Buna görə yaxşı olardı ki, hər iki hökumət həll olunmalı qalan məsələlərə diqqət yetirsin və maliyyələşmə sahəsində addımlar atılsın, icazələrin verilməsi prosedurları sürətləndirilsin. Buraya, əlbəttə ki, tənzimləyici qaydaları da əlavə edirəm.
İkinci addım ondan ibarətdir ki, biz artıq enerji səmərəliliyi sahəsində SOCAR ilə birgə işlər görmüşük. Birinci layihə Sumqayıtda SOCAR-ın “Azərikimya” kompleksində həyata keçirilib. Orada biz Azərbaycanda tam inteqrasiya edilmiş ilk istilik enerji stansiyasını tikib təhvil verdik. Bu layihənin daha da genişləndirilməsi üçün əlavə imkan var, çünki “Uniper” şirkəti dekarbonlaşdırmaya 2035-ci ildə kömürdən tamamilə imtina edərək enerjinin istehsalına tam sadiqdir. Bu səbəbdən növbəti enerji keçidi üçün biz SOCAR ilə artıq birgə işçi qrupu yaratmışıq ki, ölkənizdə yaşıl hidrogenin potensialını araşdıraq. Biz Çilov adasında artıq kiçik külək enerjisi stansiyasını istismara vermişik. Gələn illərdə bərpaolunan enerji potensialının çox yüksək olduğunu görürük və bilirik. Enerjinin ənənəvi sahəsində, yəni, təbii qaz və neft sektorunda qalmamaqdan ötrü hökumətlərimizin dəstəkləməli olduğu ümumi ikitərəfli əməkdaşlıq üçün qeyd etdiklərim növbəti iş sahəsi ola bilər. Zati-alinizin qeyd etdiyi kimi, bu, ölkənizdə, həmçinin şaxələndirmə üçün çox vacibdir və biz bu sahəyə töhfə verməyi arzulayırıq. Çox sağ olun.
Moderator Mixael Harms: Sağ olun. Buyurun, cənab Dohna.
“SCT Energy” şirkətinin təmsilçisi Dohna York: Hörmətli cənab Prezident, giriş sözünüzə görə təşəkkür edirəm. Çox maraqlı çıxış oldu. Biz kifayət qədər kiçik və o qədər də tanınmayan alman şirkətiyik. Bu, bir ailəyə məxsus və Hamburqda yerləşən şirkətdir. Bununla belə, biz enerji, xüsusən də neft və qaz sənayesi sahəsində 40 ildən artıqdır ki, fəaliyyət göstəririk. Atdığımız ilk addımlardan və gördüyümüz işlərdən biri Azərbaycanla bağlı olmuşdur. Həmin vaxt şirkətə mən rəhbərlik etmirdim, hələ məktəbdə təhsil alırdım. Ailəmizin digər üzvləri 1990-cı və 2000-ci illərdə SOCAR-dan olan tərəfdaşlarla çalışırdılar. Elə həmin vaxtdan biz SOCAR ilə münasibətlərimizi qoruyub saxlamışıq. Bu, xüsusən neft və qaz sektoruna aiddir. Bununla belə, Sizin ölkəniz ənənəvi enerji mənbələrindən yeni mənbələrə keçid etdiyi kimi, biz də ötən il və inişil keçid proseslərinə qoşulduq. Ekspert biliklərimizin daşımalar və nəqliyyat sahəsinə aid olmasına baxmayaraq, biz ticarət şirkəti kimi fəaliyyət göstəririk. Bu səbəbdən biz nəinki Almaniyada, eləcə də digər ölkələrdə, Qara və Aralıq dənizləri regionlarında fəalıq. Biz Albaniyada böyük işlər görürük və bu ölkə TAP boru kəmərində əsas iştirakçılardan biridir. Məndən əvvəl çıxış etmiş natiqlərdən fərqli olaraq, biz o qədər strateji və siyasi layihələrlə məşğul olmasaq da, yenə də ümidvarıq ki, Sizinlə və Azərbaycandan, SOCAR-dan olan həmkarlarımızla müzakirə etmək istədiyimiz daşımalar sahəsində bəzi ideya və layihələrimiz maraqlı olardı. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Moderator Mixael Harms: Sağ olun. Buyurun, Matthias Pallutt.
Potsdamda yerləşən “Lotus Energy” şirkətinin təmsilçisi Matthias Pallutt: Çox sağ olun. Biz bərpaolunan enerji sahəsində layihələri tərtib edən şirkətik. Bu, əsasən, külək və günəş enerjisi layihələridir. Biz fəaliyyətə 2001-ci ildə Almaniyada başladıq və sonra qısa müddət ərzində digər ölkələrə keçdik. Ölkələr sırasında təkcə Avropa dövlətləri deyil, o cümlədən Latın Amerika ölkələri də var. Biz Azərbaycanda da fəaliyyətə başlamışıq. Ötən il bizim torpaq mülkiyyətçiləri, elektrik enerjisini alan tərəflərlə və investorlarla çox perspektivli danışıqlarımız oldu. Hələ ki, konkret biznes təklifini tapmamışıq.
Bildirmək istəyirəm ki, ölkənizdə nəhəng sərvətlər var. Bu, təkcə neft və qaz deyil. Siz də qeyd etdiyiniz kimi, buraya günəş və külək enerjisi də aiddir. Lakin əsaslı biznes təklifinə gəldikdə, biz adətən qarşımıza bir neçə sual qoyuruq. Bilirəm ki, təbii sərvətlərə gəldikdə, enerji istehsalı kifayət qədər çoxdur. Lakin enerjinin qiyməti, investorların sərmayə qoyacağı sahələr və faizlər kimi digər məsələlərə toxunduqda suallar qalır. Hesab edirəm ki, layihə tərtibatçısı kimi, biz hər kəsin üzləşdiyi eyni problemləri görürük. Burada söhbət faiz dərəcələrinin kəskin artmasından gedir. Düşünürəm ki, bu cür məsələlər sərmayələri məhdudlaşdıra bilər. Mənim üçün bilmək maraqlıdır ki, Sizin ölkənizdə bərpaolunan enerji layihələrinin gücləndirilməsində strategiyanız nədən ibarətdir? Çox sağ olun.
Moderator Mixael Harms: Sağ olun, cənab Pallutt. Cənab Kasapoğlu, söz sizindir.
“Edison Technologies and Engineering Group”un baş icraçı direktoru Edison Kasapoğlu: Cənab Prezident, çox sağ olun. Sizin məqsədləriniz və təqdim etdiyiniz hazırkı planlarınız çox böyük təəssürat bağışlayır. Qarşınıza qoyduğunuz planlar həqiqətən əla planlardır.
Bizim şirkət enerji bazarında 2004-cü ildən etibarən fəaliyyət göstərir. Dünyadakı digər mühəndis tərəfdaşlarımızla biz əsasən böyük hökumət layihələrinə dəstək veririk. Bu gün mən, cənab Prezident, üç məsələni qeyd etmək istərdim və ümidvaram ki, həmin məsələlərə cavabınızı eşidəcəyəm. Birinci məsələ ondan ibarətdir ki, cənab Putin Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılaşmanı təsdiqlədikdən sonra biz 2018-ci ilin avqustunda “Erlikid”, “Sinopec Engineering” və “Manesman” şirkətləri ilə Türkmənistandan Azərbaycan vasitəsilə Avropaya çəkiləcək qaz boru kəməri üzərində işləməyə başladıq. İşlər müəyyən dərəcəyə qədər icra olundu. Lakin əfsuslar olsun ki, biz növbəti mərhələyə çıxa bilmədik. Burada, cənab Prezident, mən Sizdən “Transxəzər” boru kəməri barədə soruşmaq istərdim. Bu layihə yenidən bərpa oluna bilərmi? Həmin vaxt, yəni, 2018-ci ilin avqust ayında, qeyd etdiyim kimi, mətbuatda hətta konsorsiumla birgə məlumat verilmişdi ki, biz həmin layihədə əməkdaşlıq üçün tam şəbəkə yaratmışıq. Bu layihənin maliyyələşdirilməsini dəstəkləmək üçün idarə heyətinə hətta çox böyük maliyyə təsisatı da qoşulmuşdu. Bu, birinci məsələdir.
İkinci məsələ bizim DESFA və “Snam” ilə olan öhdəliklərimizə aiddir. Bu, Türkiyə ilə Yunanıstan arasında yerləşən qovşaqda təbii qazın qəbul edilməsi əməliyyatı ilə bağlıdır. Avropa istiqamətində bir neçə milyard kubmetr qazın qəbul edilməsi nəzərdə tutulur. Aydındır ki, “Snam” Avropa ölkələrinə gedən boru kəmərlərinə malikdir. Mən bilmək istərdim ki, Azərbaycan bu həcmlərin alınmasında bizə dəstək verə bilərmi? Biz artıq BOTAŞ ilə müzakirələr aparmışıq və onlar bu həcmlər üzrə bizə dəstək verəcəklərini bildiriblər.
Diqqətinizə çatdırmaq istədiyim üçüncü məsələ isə ümumi xarakterli məsələdir. İki həftə əvvəl Özbəkistandan nümayəndə heyətini qəbul etdik. Onların, həmçinin günəş panelləri, iri həcmdə enerji istehsalı, günəş enerjisi ilə bağlı böyük planları var. Cənab Prezident, Siz də bunu əvvəldə qeyd etdiniz. Mühəndis şirkəti kimi biz günəş panellərinin istehsalı ilə bağlı işlərə hələ 2014-cü ildə başlamışıq və günəş enerjisi bazarında fəaliyyət göstəririk. Hazırkı vəziyyəti götürsək görürük ki, indi günəş panellərinin 95 faizi Çin təchizatından asılıdır. Həmin mono və ya polikristala əsaslanan panellərin istehsalı, əslində, 85 faiz enerji tələb edir. Bu isə günəş panellərinin istehsal xərclərini açıq-aydın göstərir. Əsas xərclər məhz istehsal prosesində kremniyin istifadəsi ilə bağlıdır. Biz bunu “kvarts kremniy” adlandırırıq. Biz ondan ərinti alaraq günəş panellərinin daxili hissələrini hazırlayırıq. Sonra isə həmin panellər günəş enerjisini verir. Bu, istehsalın son mərhələsidir.
Moderator Mixael Harms: Xahiş edirəm, vaxta qənaət edək.
Edison Kasapoğlu: Bitirirəm. Bu, sonuncu sualdır. Sualım Sizədir, cənab Prezident. Bizdə texnologiya var, konsorsium qurmuşuq. Ölkəniz üçün maraqlı layihə ola bilər ki, biz günəş paneli çərçivəsini istehsal edən xətti işə salaq. Bu, enerjiyə çox qənaət edən xətt olacaq. Belə olan halda, günəş panellərini bütün dünyaya sata bilərsiniz. Bu, üçüncü sualım idi. Çox sağ olun, cənab Prezident.
Moderator Mixael Harms: Sağ olun. Çox konkret suallardır. Enerji sahəsində sonuncu, lakin vacib sual. Buyurun, doktor Tomas Falk.
“Falk and Zeitung” şirkətinin təsisçisi və baş icraçı direktoru Tomas Falk: Hörmətli Prezident Əliyev, bizim şirkət müstəqil konsaltinq şirkətidir. Mən və heyətim siyasi və iqtisadi məsələlərlə, eləcə də biznesin inkişafı ilə bağlı böyük beynəlxalq korporasiyalara məsləhətçi xidmətləri göstəririk. Biz Şərqi Avropa, Xəzər regionu və Mərkəzi Asiyaya xüsusi diqqət yetiririk. Bu gün iki müştərim adından bu tədbirdə iştirak etmək üçün yaratdığınız şəraitə görə minnətdaram. Onlardan biri “Nikisa” Yaponiya şirkətidir. O, nasoslar və maye qaz, eləcə də təbii qazın separatorları, hidrogen və digər sənaye qazları, karbon qazının yığılması və saxlanılması sahələrində aparıcı avadanlıq istehsalçılarından biridir. Qrupumuz Azərbaycanda artıq fəaliyyət göstərir və məsələn, maye oksigenin, azotun istehsalı üçün ölkənizə avadanlıq təchiz edib. Biz alman podratçısı vasitəsilə yerli şirkətlə işbirliyi qurmuşuq. Gələcəkdə “Nikisa” şirkəti öz fəaliyyətini genişləndirmək istəyir və hava separatorları, CO2-nin yığılması və saxlanılması, maye qaz sahələrində, Bakı gəmiqayırma zavodunda, Sumqayıt Texnologiyalar Parkında işləməyi arzulayır.
Çənlər və nasoslara gəldikdə, “AzerGold” şirkəti ilə əməkdaşlıq qurmaq istəyirik. Əlavə olaraq biz doldurma stansiyaları, maye qaz, xüsusi nasoslar və hidrogen sahələrində aparıcı texnologiyaları təqdim edə bilərik və mümkün əməkdaşlığı SOCAR ilə müzakirə etməyə hazırıq.
“Nikisa” şirkəti ilə yanaşı, biz “Sana Clinic” şirkəti ilə də birgə işləyirik. Bu, Almaniyada iri özəl klinikalar şəbəkəsidir. 60 müasir klinikaya əlavə olaraq “Sana Clinic” bütün Avropada tibbi avadanlığın istehsalı şəbəkəsinə malikdir. Hazırda “Sana Clinic” Mərkəzi Asiyada ambulator tibbi xidmətlər göstərir. Bundan sonra istərdik ki, Azərbaycan kimi ölkələrin də tibbi xidmətlər bazarına daxil olaq.
Cənab Prezident, diqqətinizə görə çox sağ olun. Ümidvaram ki, qeyd edilən səhiyyə sektoruna aid layihələr üzrə müştərilərimin fəaliyyəti üçün dəstək alacağam. Biz müvafiq vaxtda həmin məqsədlə görüşlər keçirmək üçün Azərbaycana səfər etməkdən məmnun olardıq.
Moderator Mixael Harms: Çox sağ olun, Tomas. Buyurun, cənab Prezident, şərh verərdiniz.
Prezident İlham Əliyev: Çox sağ olun. Praktiki əhəmiyyət daşıyan bir çox məsələlər qeyd edildi, o cümlədən bəzi gələcək planlarımızla bağlı suallar verildi. Mən xronoloji ardıcıllıqla başlayacağam. “Siemens”ə gəldikdə, bəli, mən “Sumqayıt” Elektrik Stansiyasının açılışında iştirak etdim. Məncə, o, 2009-cu ildə idi. 525 meqavat gücündə stansiya Azərbaycanda müasir texnologiya əsasında tikilmiş ilk elektrik enerjisi stansiyası idi. Həmin vaxtdan etibarən elektrik enerjisi stansiyası tam gücü ilə işləyir. Həmin layihəni başladığımız zaman düşündük ki, 525 meqavat həddindən artıq çoxdur. Lakin indi anlayırıq ki, bu, vaxtında icra edilmiş layihə oldu, çünki Azərbaycanın tələbatı artıb və bu, sənaye və əhali artımı ilə bağlıdır. Əfsuslar olsun ki, bəzi iqlim dəyişiklikləri səbəbindən Xəzər dənizinin səviyyəsi aşağı düşüb, su dayazlaşıb. Biz dənizdə estakada tikməli idik ki, daha çox suyu toplayıb götürə bilək. Bununla belə, elektrik stansiyası tam gücü ilə işləyir və biz bundan tamamilə məmnunuq.
Hazırda icra olunan və ya icrasını planlaşdırdığımız layihələrə gəldikdə, xüsusən də siz Yaşmada elektrik stansiyasını qeyd etdiniz. Bilirəm ki, Yaşma layihəsində tender proseduru gedir və əminəm ki, sizin təklifiniz ən yaxşılar sırasında olacaq. Tender proseduru açıq və şəffafdır. Məlumat almışam ki, burada maraqlı olan bir sıra şirkətlər iştirak edir və mən sizə, sadəcə, uğurlar arzu edə bilərəm.
Məlumat üçün bildirmək istərdim ki, biz bu yaxınlarda Mingəçevirdə 1280 meqavat gücündə yeni elektrik stansiyasının təməlqoyma mərasimini keçirdik. Bərpaolunan enerji planlarımıza baxmayaraq, biz hələ də anlayırıq ki, sənaye və əhali artımı səbəbindən daha çox elektrik enerjisi istehsal etməli olacağıq. Bizim bərpa ediləsi 10 min kvadratkilometrlik torpaqlarımız var. Buna görə bizə əlavə təchizat lazım olacaq.
Naxçıvan Elektrik Stansiyasına gəldikdə, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Həmçinin bu yaxınlarda orada ekspertiza aparılıb və ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var.
Elektrik şəbəkəsi ilə bağlı apardığınız fəaliyyəti tam dəstəkləyirəm. Bu, bizə həqiqətən lazım olan sahədir, çünki bərpaolunan enerjinin böyük həcmi mövcud şəbəkəyə inteqrasiya edilməlidir. Belə olmasa, biz həmin enerjini, necə deyərlər, toplaya bilmərik. Buna görə enerji şirkətlərimizin qarşısında duran əsas hədəflərdən biri məhz bundan ibarətdir. Ümidvaram ki, bu layihə uğurla icra olunacaq.
Siz, həmçinin elektrik enerjisinin ötürülməsini qeyd etdiniz. Bu, ən vacib məsələlərdən biridir, çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır. Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə - Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir. Buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır. Xüsusən də nəzərə alsaq ki, ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı. Cari ilin fevralında bu layihənin idarəetmə komitəsinin ilk iclası həmin ölkələrin nazirlərinin və Avropa Komissiyasının enerji üzrə komissarının iştirakı ilə Bakıda keçirildi. Birinci görüşdə biz onun vahid layihə olacağı üzərində razılığa gəldik. O, Cənub Qaz Dəhlizindən fərqlənəcək, çünki orada Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP var. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaqdır. Qara dənizin dibi ilə ötürmənin birinci mərhələsində 4 qiqavatlıq güc nəzərdə tutulur. Lakin bunun üçün biz ötürmə xətlərini genişləndirməliyik. Yoxsa, bu, tamamilə mənasız olardı. Bundan əlavə, bir azdan sonra mən sizə artıq imzaladığımız planlarımız, müqavilələrimiz və anlaşma memorandumları barədə məlumat verəcəyəm. Hesab edirik ki, 4 qiqavat yalnız başlanğıcdır. Avropadakı tələbatı, o cümlədən Almaniyadakı tələbatı bilirik. Düşünürəm ki, rəqəmlər onlarla qiqavat təşkil edir və tələbat yalnız artacaq. Buna görə, bizdə bu imkan var və biz sadəcə bütün sxemləri yığmalıyıq.
BP ilə birgə icra etdiyiniz Səngəçal Terminalına elektrik enerjisinin verilməsinə gəldikdə, sizə deyə bilərəm ki, bu layihənin özü də bərpa olunan enerji siyasətimizdən qaynaqlanır. Biz BP ilə razılaşdıq ki, o, Qarabağın azad olunmuş şəhərlərindən birində – Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq. İstehsal olunmuş həmin enerji bizim enerji sistemimizə daxil ediləcək. Eyni zamanda, biz Səngəçal terminalını elektrik enerjisi ilə təmin etmiş olacağıq və onlar qazdan istifadəni dayandıracaq. Həmin qaz boru kəmərinə daxil ediləcək və Avropaya yönləndiriləcək. Bir sözlə, burada üçtərəfli uduşlu vəziyyətdir. Biz 240 meqavatlıq günəş enerji stansiyasını alırıq, BP-nin Səngəçal terminalı karbonsuz və daha səmərəli qaydada fəaliyyət göstərməyə başlayır və onların istifadə etdiyi qaz Avropaya ixrac olunur. Biz bu layihəni enerji səmərəliliyi baxımından, çox əhəmiyyətli hesab edirik.
SOCAR-ın işlədiyi digər layihə də var. O, dənizdəki platformalarımıza elektrik kabellər çəkir ki, orada fəaliyyət üçün təbii qazdan istifadə olunmasın. Onlar yaşıl enerjidən istifadə edəcək və platformalarda əvvəlcə elektrik stansiyalarında istifadə olunan qaz sahilə nəql olunacaq və həmçinin Avropaya çatdırılacaq. Avropada artan tələbatı nəzərə alaraq, biz nəinki qazın hasilatını artırırıq, o cümlədən biz enerji səmərəliliyi sayəsində əlavə qazı toplayacağıq.
“Uniper”ə gəldikdə, bildiyimə görə, alış və satış müqaviləsi müddəti baxımından ən uzun müqavilələrdən biridir. Məncə onun vaxtı 2045-ci ildə bitir, 25 ildən sonra. Elədir! Sonra, ola bilsin, onun müddəti artırılacaq, çünki Avropaya təbii qazın çatdırılması ilə bağlı planlarımız həmin vaxtla məhdudlaşmayacaq. Bildiyimə görə, Sumqayıtda enerji səmərəliliyi ilə bağlı birgə müəssisə layihəniz bu yay başa çatır. Siz həmin layihənin uzadılması planlarınızı qeyd etdiniz. Mən bunu tam dəstəkləyirəm, çünki “Azərikimya”nın buna ehtiyacı var. Bir sözlə, əməkdaşlığın artıq yaxşı tarixi var. Təbii qaza gəldikdə, siz bizim müştərimizsiniz. Əlbəttə, Azərbaycanda nə qədər çox birgə biznes aparsaq, bir o qədər yaxşı olar.
Çilov adasında yaşıl hidrogenlə bağlı layihənizə gəldikdə, belə başa düşürəm ki, bu, sizin üçün bir növ sınaq layihəsi idi, çünki onun real həcmi kiçikdir. Mən bəzi rəqəmləri gətirəcəyəm, bəzi planlarımızı xatırladacağam. Lakin məsləhət görərdim ki, əgər bərpaolunan enerji ilə bağlı layihələri nəzərdən keçirsəniz, sizə və buna marağı olan bütün tərəfdaşlarımıza nəyin baş verdiyini, o cümlədən qiymətlər barədə bəzi məlumatı sadəcə bildirmək istərdim. Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Bu, birincisi. Belə olmasa, onlar sərmayə yatırmazdı. Bu gün bizim icra olunan iki müqaviləmiz var. Onlardan biri “Masdar” ilə, digəri isə, “ACWA Power” ilə imzalanıb. Bunlar iki qlobal enerji şirkətləridir və onlar bərpaolunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bundan əlavə, ümid edirəm, bu yaxınlarda BP ilə təməlqoyma mərasimi olacaq. Bu, əlavə 240 meqavat təşkil edəcək. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühit münasibdir. Belə olmasa, onlar sərmayə yatırmazdılar.
Əlavə olaraq biz anlaşma memorandumlarını imzalamışıq və bütövlükdə imzalanmış anlaşma memorandumları və müqavilələrin həcm səviyyəsi 25 qiqavatdır. “ACWA Power”, “Masdar”, BP və “Fortescue” resursları. Beləliklə, bu şirkətlərlə 25 qiqavat həcmində anlaşma memorandumları o deməkdir ki, bu layihələr icra olunacaq. Çünki bunlar ciddi şirkətlərdir və biz də ciddi ölkəyik. Bu şirkətlərlə anlaşma memorandumları imzalamaqla biz tamamilə əminik ki, onlar icra olunacaq. Buna görə potensial buradadır, dediyim kimi, 200 qiqavata yaxın. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən təsdiqlənmiş 157 qiqavat enerji dənizdədir, qalanı isə qurudadır və hələ hidrogeni demirəm.
Beləliklə, biz həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcəyik və neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi, bir ildən çox müddətdən əvvəl Avropa Komissiyası və bizim Energetika Nazirliyi arasında başlanılmış enerji dialoqu kimi bütün bu amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır.
Sonra biz treydinq şirkətinə gəlib çıxırıq və siz yəqin bilirsiniz ki, SOCAR-ın, - bizim enerji şirkətinin, - öz treydinq departamenti - “SOCAR Treydinq”i var. Bu departament təkcə Azərbaycan neftinin deyil, həm də üçüncü tərəflərin neftinin satışı ilə də məşğuldur. Hesab edirəm ki, burada əməkdaşlıq imkanlarının dəyərləndirilməsi aparıla bilər. Beləliklə, hesab edirəm ki, bu, tamamilə mümkündür. Qiymətlərlə və biznes modelinin axtarışı ilə bağlı cənab Palluttun sualını cavablandırdım.
Bizdə günəş və küləkdən enerjinin əldə edilməsi ilə bağlı potensialın xəritəsi var. Bununla məşğul olan hökumət orqanı Energetika Nazirliyidir və bu nazirliyin bir hissəsi olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyidir. Düşünürəm ki, əgər marağınız varsa bizim iqtisadiyyat naziri sizi əlaqə məlumatı ilə, Azərbaycana gəlmək, Azərbaycanda biznesə başlamaqla bağlı məlumatla təmin edə bilər.
Cənab Kasapoğlunun Transxəzər boru kəməri ilə bağlı sualına gəldikdə bildirməliyəm ki, Transxəzər boru kəməri uzun illər müzakirə olunub. Mən ən azından onun on il müzakirə olunduğunu xatırlayıram. O, müzakirə olunan müddətdə biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərini, Cənub Qaz Dəhlizini inşa etdik və Avropaya yaşıl enerji ötürən xətti çəkəcəyik və hələ də Transxəzər boru kəməri müzakirə olunacaq. Bax, vəziyyət belədir. Bizim təşəbbüskarı olduğumuz bütün layihələr artıq ya tamamlanıb, ya da şübhəsiz uğurlu olacaqdır. Transxəzər bizim layihəmiz deyil. Transxəzər layihəsində biz tranzit ölkəsi hesab olunuruq və biz, o cümlədən mən, dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq. Lakin məndə olan məlumata görə bu məsələnin indiyədək öz həllini tapmamasının səbəbi odur ki, maliyyələşmənin mənbəyi hələ də müəyyən olunmayıb. 30 milyard kubmetr həcmində olan boru kəmərinin tikintisinin yükünü kimin daşıması aydın deyil. Bu, müəyyən Avropa şirkətləri olacaq, yoxsa vəsait Avropa İttifaqı tərəfindən ayrılacaq, bunun üçün layihə ortaq maraqlar layihələri sırasına daxil edilməlidir. Mən bildiyimə görə bu belə deyil və bunun Türkmənistan hökumətinin olub-olmamasını da biz bilmirik. Buna görə bu, birinci sualdır, bu layihə üçün ödənişi kim edəcək? İkinci sual isə ondan ibarətdir ki, yaxşı, layihəni kimin maliyyələşdirdiyi müəyyən edildikdən sonra layihə Azərbaycana gələcək və oradan hara gedəcək? Çünki bizdə-TANAP-da indi boş qalan tutumumuz yoxdur. Biz yeni kompressor stansiyaları tikməklə TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirəcəyik və boru Azərbaycan qazı ilə tam dolu olacaqdır. Bu isə o deməkdir ki, potensial kəmər olan Transxəzər boru kəməri Azərbaycana gəldikdən sonra kimsə Azərbaycandan Avropaya başqa bir boru kəmərini tikməlidir. Bu şirkətin kim olduğu yaxşı sualdır. Mən bu məsələyə skeptisizmlə yanaşmıram. Mən hər şeyi real qiymətləndirirəm. Yenə də deyirəm, bu, bizim layihəmiz deyil. Kimsə onu tikməyi qərarlaşdırarsa biz buna çox şad olarıq, çünki biz tranzitdən pul qazanacağıq, Şərqdə və Qərbdə olan qonşularımıza yaxşı xidmət göstərmiş olacağıq. Aralıq dənizi regionunda DESFA və “Snam” təbii qaz layihələrinə gəldikdə, mən bu sualı belə başa düşdüm, elə deyilmi?
Edison Kasapoğlu: Əslində, tranzit Kiprdən Türkiyə və Yunanıstan arasında həyata keçiriləcəkdir. DESFA yunan şirkətidir, lakin “Snam” törəmə şirkətdir və onlar bizim qarşımızda üzərinə öhdəlik götürdülər ki, bizə 1 milyard kubmetrdən 3 milyard kubmetrə qədər sərbəst tutum verəcəklər.
Prezident İlham Əliyev: Sərbəst tutum harada, TANAP-da?
Edison Kasapoğlu: Yox Kiprdən. Bizim Kipr-Yunanıstan sərhədinə qədər gedən boru kəmərimiz var. Onlar bizə Avropaya qazı nəql etmək üçün 1-3 milyard kubmetr sərbəst tutum verəcəklər.
Mikayıl Cabbarov: Cənab Prezident, Türkiyə və Yunanıstan sərhədindən söhbət gedir.
Prezident İlham Əliyev: Orada tutum var?
Mikayıl Cabbarov: Cənab Kasapoğlu deyir, - əgər mən onu düz baş düşürəmsə, - Türkiyə hökuməti şirkətə imkan verir ki, bu tranzit ötürmə tutumuna malik olsun. Bu da sonra beynəlxalq qaz donorların tapılmasından asılıdır. Düzdür?
Edison Kasapoğlu : Düzdür, bəli 1 milyard kubmetrdən 3 milyard kubmetrə qədər.
Prezident İlham Əliyev: Anladım. Bu fikir barədə heç nə eşitməmişəm, ona görə şərh verə bilmərəm. Bəlkə görüşümüzdən sonra bunu nazirimizlə müzakirə edib bizi daha çox məlumat və təfərrüatlarla təmin edə bilərsiniz. Əlbəttə ki, enerji təhlükəsizliyi ilə bağlı bizim dəstəyimizə ehtiyacı olan istənilən layihəni dəstəkləyəcəyik. Sonuncu qeyd isə Azərbaycanda bəzi işlərlə- gəmiqayırma zavodu və Sumqayıt Texnologiyalar Parkı ilə bağlı idi, əgər sualı düzgün başa düşmüşəmsə. Eləcə də hidrogen. Düşünürəm ki, mən bu məsələyə toxunmuşam, lakin Bakı gəmiqayırma zavodu çox məşğul olacaq. Biz onun tutumunu artırmağı planlaşdırırıq.
Dediyim kimi, Xəzər dənizi ilə daşımalar üçün tələbat artır. Azərbaycanın hələ ki, Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var. Bakı gəmiqayırma zavodu isə ildə 6 gəmi istehsal edə bilər və bu da həmin neft həcmləri və Mərkəzi Asiyadan, yəqin ki, Çindən gözlədiyimiz quru yük üçün kifayət etmir. Yəqin ki, eşitmisiniz Çindən, Qırğızıstan, Özbəkistan ərazisindən Xəzər dənizinə dəmir yolunun tikintisi layihəsi var və əlbəttə ki, layihə Xəzər dənizinə çatan kimi o, bizə tərəf gələcək. Beləliklə, biz Azərbaycan ərazisindən potensial daşıma həcmlərinin ciddi dəyərləndirmə prosesindəyik və biz buna hazır olmalıyıq. Biz investisiya yatırmalıyıq və bu sahədə çoxlu investisiya imkanları və ya müqavilə imkanları olacaq. Düşünürəm ki, mən bütün məsələləri əhatə edə bildim.
Moderator Mixael Harms: Konkret şərhlərinizə görə çox sağ olun, cənab Prezident. Növbəti klaster sənayeyə keçməzdən əvvəl mən cənab Trondleni unutmuşam. O, Almaniyanın günəş enerjisinin paytaxtını təmsil edir. Günəş enerjisi ilə bağlı qısaca qeydlərini bildirmək istəyir.
Dirk Trondle: Mən Frayburqdan gəlirəm. Təəssüf ki, bir az gec oldu. Bəzən belə şeylər baş verir, üzr istəyirəm. Frayburq günəş enerjisi sənayesinin paytaxtı sayılır, hətta dünya miqyasında deyərdim. Bizim böyük elmi bazamız, mühəndislərimiz var və onlar karbon emissiyaların azaldılması üçün Azərbaycanla işləməyə çox şad olardı. Frayburqla birgə işləməkdə maraqlı olsaydınız mən böyük məmnuniyyətlə Sizi, Sizin komandanızı, SOCAR-ı, nazirliyi dəvət etmək istərdim ki, özünüz hər şeyi görüb müzakirə edə biləsiniz. Əminəm ki, başqa imkanlar olacaq.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Biz böyük məmnuniyyətlə birlikdə işləyərik və həmçinin əvvəlki sualda mən Azərbaycanda günəş panellərinin istehsal imkanları ilə bağlı fikrimi bildirməyi unutdum. Sizin şirkətlə və yaxud istənilən digər şirkətlə işləməyə şad olardıq. Çünki dediyim kimi böyük proses olacaq, böyük inkişaf olacaq. Bizim günəş elektrik stansiyalarında istifadə olunacaq günəş panellərinin əksəriyyəti Çində istehsal edilən panellərdir. Onlar yaxşı keyfiyyətə malikdir və əlçatan qiymətə satılır. Bildiyimə görə Avropa istehsalı, yumşaq desək, bir az bahadır. Lakin işçi qüvvəsinin qiymətini, enerji qiymətini və yerli tələbatı nəzərə alaraq Azərbaycanda birgə istehsalat təşkil etsək hesab edirəm ki, bu, rəqabətli ola bilər.
Dirk Trondle: Frayburq şəhərində günəş panellərinin yeni nəsli var. Onlar daha da elastik və mükəmməldirlər. Lakin bu məsələdə elm də tələb olunur. Yaxşı olardı ki, ümumi elmi layihələr olsun.
Prezident İlham Əliyev: Bəli, çox yaxşı. Bəlkə bizim görüşümüzdən sonra bu məsələ ilə bağlı təfərrüatlı fikir mübadiləsi apara bilərsiniz. Biz belə bir istehsalatı təşkil etməyə çox şad olardıq. Biz hazırda azad ticarət zonası üçün bütün zəruri infrastrukturun tamamlanması mərhələsindəyik. Bu zona Bakıya yaxın, Xəzər dənizinin sahilində yerləşir. Bu azad zonanın artıq ilk rezidentləri var. Azad ticarət zonası, onun qaydaları və üstünlükləri haqqında məlumat bizim nazir tərəfindən bu gün bir az sonra təqdim oluna bilər.
Moderator Mixael Harms: Çox sağ olun. Biz növbəti klaster olan sənaye və tikintiyə gəlib çatdıq. Biz “Knauf”un nümayəndəsi olan cənab Knotzer ilə başlayaq. Buyurun, cənab Knotzer.
“Knauf” Şirkətlər Qrupunun tərəfdaşı Uve Knotzer: Zati-aliləri, əvvəlcə gecikdiyim üçün üzr istəyirəm. “Knauf” tikinti materialları sahəsində dünya miqyasında lider şirkətdir. Keçən il 15 milyard avroluq satışımız olub və 90 ölkədə 42 min əməkdaşımız var. Biz 1990-cı illərdən bəri Azərbaycanda marketinq və satışla məşğuluq. 2008-ci ildən bəri isə biz Gəncədə yerli tikinti sənayesi üçün materiallar istehsal edirik. Məhsullarımız əsasən alçıpan əsaslıdır. Bizim dünya miqyasında 80 karxanamız və 4 yeraltı mədənimiz var. Bu, bizim xammalımızdır. Hər şey alçıpan əsaslıdır. Sizdən və nazirlikdən bir xahişim var. Bizim alçıpan ehtiyatlarımız qurtarıb. Azərbaycanda çoxlu alçıpan qəlibi var və bizə daha böyük həcm üçün dəstək lazımdır. Çünki biz yerli istehsalat üçün həcmi artırmaq istəyirik. Biz Azərbaycanda əlavə məhsullar istehsal etmək istəyirik və biz, həmçinin Gürcüstana ixrac etmək istəyirik və siyasət imkan versə Cənubi qonşulara ixrac etmək istəyirik. Mənim xahişim budur.
Prezident İlham Əliyev: Yeni alçıpan ehtiyatlarına çıxışda çətinliyiniz var? Siz bu məsələni yerli orqanlarla, İqtisadiyyat Nazirliyi ilə müzakirə etmisiniz?
Uve Knotzer: Hələ ki, birbaşa əlaqə yaratmamışıq, çünki biz tərəfdaşla işləyirik. Lakin oradakı material miqdarı ilə bağlı çətinliklərimiz var.
Prezident İlham Əliyev: Beləliklə, mövcud ehtiyat demək olar ki, bitib.
Uve Knotzer: Bəli və bizə daha çox lisenziyalar və mədən işləri aparmaq üçün yeni ərazi lazımdır ki, biz məhsuldar olmağa davam edək.
Prezident İlham Əliyev: Bəli, mən bunu tamamilə dəstəkləyirəm. Mənim layihə barədə məlumatım var. Sizin dediyiniz kimi, o, 2008-ci ildə Gəncə şəhərinin yaxınlığında, Goranboy rayonunun ərazisində icra olunmuşdur. Hesab edirəm ki, bu məsələnin həllini tapmaq mümkündür. Bəlkə iqtisadiyyat nazirinə əlavə məlumat verəsiniz və əlbəttə ki, biz həmişə xarici investorları dəstəkləyirik və sizin şirkətiniz onlardan biridir. Biz şaxələndirmə prosesinə başladıqda siz Azərbaycana sərmayə yatırmısınız. Beləliklə, siz Almaniyadan sərmayə yatıran şirkətlər arasında birincilərdən olmusunuz. Əlbəttə ki, biz sizinlə işbirliyinə davam etməkdə şad olardıq. Ehtiyatlarınızın bitməsi haqqında eşitməmişdim. Yəqin ki, çox gərgin çalışırsınız, bu yaxşı göstəricidir. Lakin mən iqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın və sizin üçün əlavə ehtiyatları tapsın ki, siz də öz növbənizdə fəaliyyətinizi davam edə biləsiniz. Bildiyimə görə siz 100 faiz yerli bazardan olan materialları təchiz edirsiniz. Xaricdən heç nə idxal olunmur. Əksinə, siz özünüz ixrac edirsiniz.
Uve Knotzer: Bəli, biz bir az Gürcüstana ixrac edirik. Biz gips dəyirmanını tikməklə istehsalımızı artırmaq istəyirik. Həmçinin tərəfdaş şirkətdə olan payımızı da artırmaq istəyirik.
Prezident İlham Əliyev: Bu məsələ ilə bağlı hər hansı bir köməyə ehtiyacınız olarsa, iqtisadiyyat naziri buradadır. Görüşdən sonra o, ehtiyatla bağlı problemin həll olunmasına necə yardımçı ola biləcəyimizi müəyyən etmək üçün hazır olacaq. Düşünürəm ki, bu, asandır. Sizin tərəfdaşınızla münasibətlərinizə biz müdaxilə edə bilmərik.
Uve Knotzer: Bu, başqa məsələdir.
“Global Clearance Solutions AG” şirkətinin baş icraçı direktoru Filip Mixaelis: Zati-aliləri bu dəyirmi masada iştirak etmək mənim üçün böyük şərəfdir. Biz minatəmizləmə sahəsində fəaliyyət göstəririk. Mən bir necə dəfə Azərbaycanı və bir neçə rayonu ziyarət etmişəm. Mən özüm dağıntıların və minaların təmizlənməsinin şahidi olmuşam. Biz Fövqəladə Hallar Nazirliyinə avadanlıq, Almaniyada istehsal olunmuş texnologiyanı təchiz edirik. Son bir neçə ayda biz çox geniş təlim proqramlarını tamamlamışıq. Biz təkcə avadanlıq istehsal etmirik, digər ölkələrdə fəaliyyət də göstəririk. Biz təkcə keyfiyyətli avadanlığı təchiz etmirik, eyni zamanda, bu avadanlığı səmərəli şəkildə istismar etmək üçün zəruri olan dəstəyi də təmin edirik. Biz Qarabağ bölgəsinin inkişafını sürətləndirmək və məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıda bilmələri üçün Azərbaycan hökuməti ilə münasibətlərimizi intensivləşdirmək istəyirik.
Prezident İlham Əliyev: Çox sağ olun. Bildiyiniz kimi, keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılması bizim üçün ən böyük çağırışlardan və maneələrdən biridir. Çünki bizim dəqiq hesablamalarımıza əsasən, Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb və 2020-ci ilin noyabrında müharibə bitəndən bəri demək olar ki, 300 azərbaycanlı mina səbəbindən ya həlak olmuş və ya ciddi xəsarət almışdır. Bizim potensial nisbətən məhduddur. Baxmayaraq ki, bu yaxınlarda biz müxtəlif ölkələrdən, o cümlədən Avropa ölkələrindən avadanlıq almışıq. Biz hətta indi havadan minanı aşkar edə bilən dronlardan istifadə edirik. Həmçinin təlim də çox vacibdir. Bu dəstəyə görə təşəkkür edirəm. Biz sizin təklifinizə daha təfərrüatlı şəkildə baxmalıyıq, çünki səmimi desəm xarici şirkətləri mina təmizləmə əməliyyatlarını həyata keçirmək üçün dəvət etmək istəyəndə minatəmizləmə əməliyyatları üçün qiymət yerli qiymətlərlə müqayisədə çox yüksək idi. Bir kvadratmetrin minalardan təmizlənməsi üçün Avropada olan qiymət bizim milli minatəmizləmə agentliyinin işi aparmağa hazır olduğu qiymətdən bir neçə dəfə çox idi. Əlavə olaraq bu yaxınlarda bir neçə Azərbaycan şirkəti də fəaliyyətə başladı. İndi onlar da mina təmizləmə işləri ilə məşğuldurlar və onların qiyməti məqbuldur. Çünki təsəvvür etdiyiniz kimi, on minlərlə kvadratkilometrdən söhbət getdikdə bu, çox vəsait tələb edən bir işdir. Əlbəttə ki, b