Digər xəbərlər

"Heydər Əliyev İli" çərçivəsində tədbirlər

YAP Veteranlar Şurası

"Heydər Əliyev İli" çərçivəsində fevralın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə YAP-ın Nərimanov, Şuşa və Cəbrayıl rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatından verilən məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdiyini bildirib. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən S.Vəliyev dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacib olduğunu söyləyib. Onun fikrincə, Heydər Əliyev fenomeninin dövlətçilik tariximizdə müstəsna rolunun gənclər tərəfindən hərtərəfli öyrənilməsi çox önəmlidir.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü Əli Həsənov gənclərlə görüşlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan Ə.Həsənov bildirib ki, gənclərimiz Ümummilli Liderimizin zəngin irsini dərindən öyrənməlidir.

Sonra çıxış edən YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb: "Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi məhz ulu öndər Heydər Əliyevin xidmətləridir".

YAP Veteranlar Şurasının üzvü Ədalət Fərəcov isə çıxışında ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O qeyd edib ki, hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycana rəhbərlik edərkən 15 min nəfərə qədər gəncimizi keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərdi. Həmin gənclər təhsillərini başa vurduqdan sonra yüksək ixtisaslı mütəxəssislər kimi respublikamızın inkişafına öz töhfələrini verdilər. Eləcə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda C.Naxçıvanski adına hərbi lisey yaradıldı ki, bu da hərbi sahədə milli kadrların yetişməsində mühüm rol oynadı. Bütün bunlar Azərbaycanın tərəqqisi üçün atılan addımlar idi. 1993-cü ildə hakimiyyətə qayıtması ilə Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etdiyini deyən Ə.Fərəcov bu gün Prezident İlham Əliyevin ölkəmizi daha da gücləndirdiyini vurğulayıb.

Daha sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.

 

Ağdam

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarına əsasən təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ağdamda 23 fevral 2023-cü il tarixdə Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatından verilən məlumatda bildirilir ki, Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışıb. O, Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinin tərəqqisi naminə həyata keçirdiyi müstəsna işlərdən bəhs edib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, Ulu Öndərin uğurlu siyasəti sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edib. O, ölkəmizin Heydər Əliyev ideyaları əsasında uğurla inkişaf etdiyini söyləyib.

Daha sonra partiya veteranı Hüseyn Kazımov, YAP-ın fəal üzvü Mətanət Misirxanova çıxışlarında vurğulayıblar ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.

Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyaya üzvlük vəsiqələri təqdim olunub. Eyni zamanda, bir qrup partiya fəalı rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif edilib.

Xaqani KOSAYEV,

“Respublika”.