2 Fevral Azərbaycan Gəncləri Günüdür
Ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar tarixi gün məhz gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".
Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət başçısının sərəncamları ilə Dövlət proqramları qəbul edilib.
Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 50-yə yaxın Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların gələcək uğurlarında mühüm rol oynayır.
Bu gün ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarında gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparır.
Bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq bütün sahələr inkişaf edir. Gənclər sektoru inkişafda olan və daim diqqətdə saxlanılan sahələr arasında daim ön sıralardadır. Son illərdə ölkəmizdə aparılan kadr islahatlarında gənclərin dövlət strukturlarında məsul vəzifələrə təyin edilməsi də onlara etimadın göstəricisidir. Prezident İlham Əliyevin gənclərlə çoxsaylı görüşləri, problemləri ilə maraqlanması onları ölkəmizin inkişafı yolunda əzmkarlıqla çalışmağa sövq edən boyük motivasiya mənbəyidir.
Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar.
Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Hər zaman adlarını fəxrlə çəkdiyimiz Mübariz, Fərid, Murad, Samid, Xudayar... kimi qəhrəmanlar bu gün Azərbaycanımızda yüzlərlə, minlərlədir. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək əldə etdiyi Zəfər tariximizin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandanın liderliyi ilə ordumuzun sıralarında gənclərimizin böyük rəşadət göstərərək tarix yazması Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin təsdiqidir.
Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabaha olan inamını artırır.
M.MİRZƏ,
"Respublika".