Sosial dövlət modeli
Siyasət

Sosial dövlət modeli

Bu, həm də ölkəmizin iqtisadi gücünün göstəricisidir

"Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq". Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. Ölkə başçısı qeyd edib ki, dünya üçün bu böhranlı vəziyyəti sosial layihələrlə, proqramlarla yüngülləşdirməyə çalışırıq. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bu, ölkəmizin iqtisadi gücünün göstəricisidir.

Minimum əməkhaqqının 15 faiz artmasının inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablandığını və minimum əməkhaqqının artıq 345 manata çatdığını bildirən Prezident İlham Əliyev əlavə edib ki, imkan daxilində öz addımlarımızı atırıq: "Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq", - deyə dövlət başçısı vurğulayıb. Dövlət başçısı qeyd edib ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək.

Bu gün özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilən qalib Azərbaycan həm də müstəqil siyasət aparan dövlət olaraq tanınır. Bu uğurun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Azərbaycanda həyata keçirilən nümunəvi sosial siyasətin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Bu kontekstdə respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən qayğı xüsusi olaraq diqqəti cəlb edir. Azərbaycanda həssas qruplardan olan insanların güzəşt və imtiyazlarının ildən-ilə daha da artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə edilməsi istiqamətində mütəmadi olaraq işlər görülür. Nəticədə bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sistemi formalaşdırıb. İcra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Hazırda bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və il ərzində bu, o cümlədən orta aylıq əməkhaqqı da artacaq. Cari il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq.

"Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır", - deyə bəyan edən dövlət başçısının tapşırıqları əsasında xüsusilə son illər aparılan inqilabi sosial islahatlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını təmin edib. Son 4 ildə 4 milyondan çox vətəndaşı əhatə edən üç sosial islahat paketi üzrə əlavə olaraq illik 6 milyard manat ayrılıb. Eyni zamanda bu dövrdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4500, ümumilikdə ötən dövrdə isə 13300 mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin rifahına yönələn proqramlardan biri də onların avtomobillə təminatıdır. Postmüharibə dövründə bu istiqamətdə də tədbirlər geniş miqyas alıb, eyni zamanda 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də avtomobillə təmin edilirlər. Ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, onlar üçün bir sıra güzəştləri nəzərdə tutan dəstək paketinin tətbiqinə, bu ərazilərdə əmək resurslarının səmərəli idarə olunmasına xidmət edir. Yeni qanunvericilik aktlarına əsasən, Əmək Məcəlləsinə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis" anlayışı əlavə olunub. Bu anlayışa peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər aid edilib. Dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları dəfələrlə genişlənib. Buna misal olaraq, özünüməşğulluq proqramına cəlb olunanların sayı son 4 ildə təqribən 15 dəfə artıb. Həmin dövrdə 60 mindən çox işsiz və işaxtaran şəxs üçün proqram çərçivəsində kiçik ailə biznesləri yaradılıb.

Ötən il iyulun 1-dən ölkəmizdə mütərəqqi dünya təcrübəsinə uyğun islahat tədbiri olaraq əlilliyin yeni meyarlar, yəni orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndirilməsi həyata keçirilir. Yeni meyarların tətbiqindən sonra 14063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib. Həmçinin Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 48650 şəxsə tibbi və sosial-psixoloji reabilitasiya xidməti göstərilib ki, bu da ötən ilə nisbətən 6 dəfə çoxdur. Həmçinin bu il əlilliyi olan 26,6 mindən çox şəxsin 57,8 min reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib. 2022-ci ildə 56,7 min şəxsə əlillik təyin olunub. Son 4 ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi - Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Aparılan bütün bu işlər reabilitasiya mərkəzlərinin potensialının dəfələrlə artmasına imkan verib.

Respublikamızın sosial-iqtisadi inkişafı həyatın bütün sahələrində olduğu kimi, səhiyyə sistemində də öz müsbət nəticələrini verib. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi ölkəmizdə prioritet məsələlərdəndir və daim diqqət mərkəzindədir. 2003-cü ildən bəri ölkəmizdə 700-dən çox yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Zaman göstərdi ki, dövlət başçısının təşəbbüsü ilə səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi, modern infrastrukturun yaradılması və tibbi xidmətlərin dünya meyarlarına uyğunlaşdırılması çox düzgün və vaxtında verilmiş qərardır. Şübhəsiz ki, bu cür tədbirlərin görülməsi koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaratdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək modern Azərbaycan dövləti modeli formalaşıb. Siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.

Mustafa KAMAL,

"Respublika".