YENS STOLTENBERQ: ABŞ-IN KİYEVƏ DƏSTƏKLƏ BAĞLI MÖVQEYİ DƏYİŞMƏYİB
ABŞ-da keçirilən aralıq seçkiləri Vaşinqtonun Kiyevə dəstəyi ilə bağlı mövqeyini dəyişməyib. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında bəyan edib.
“Tamamilə aydındır ki, ABŞ-da Ukraynaya yardımın davam etdirilməsi üçün güclü dəstək var. Və ABŞ-da keçirilən seçkilərlə də bu, dəyişməyib”, - deyə Stoltenberq vurğulayıb.
Eyni zamanda, baş katib etiraf edib ki, NATO-nun demokratik ölkələrində həmişə “müxtəlif fikirlərə malik səslər” olur: “Lakin təbii ki, əksəriyyət Ukraynanı dəstəkləməyə davam etməyimizin tərəfdarıdır”.
Məlumat üçün qeyd edək ki, ABŞ-da noyabrın 8-də keçirilən aralıq seçkilərində bülletenlərin sayılması davam edir. Nəticələrə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatının üçdə biri seçiləcək.
BMT “TAXIL SAZİŞİ”NIN UZADILMASI İLƏ ƏLAQƏDAR GÖRÜŞ KEÇİRƏCƏK
Birləşmiş Millətlər Təşkilatı rəsmiləri ilə Qara dəniz “taxıl dəhlizi” razılaşmasının yenilənməsi üçün İsveçrənin paytaxtı Cenevrədə Rusiya nümayəndələri arasında görüş keçiriləcək. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
BMT baş katibinin sözçüsü Stefani Tremblay noyabrın 19-da başa çatacaq “taxıl dəhlizi” sazişinin uzadılması ilə bağlı rusiyalı rəsmilərlə görüşün keçiriləcəyini bəyan edib.
“Biz bütün tərəfləri qanunun icrasını təmin etməyə və gəmilərin vaxtında təhlükəsiz və maneəsiz hərəkətini asanlaşdırmaq üçün xoş niyyət göstərməyə çağırırıq”, - deyə Stefani Tremblay vurğulayıb.
Eyni zamanda, “taxıl dəhlizi”nin kritik tədarük xətti olduğunu vurğulayan mətbuat katibi lazım olan qidanın dünya ölkələrinə çatdırılmasının vacibliyinə diqqət çəkib.
BMT-nin məlumatına əsasən, avqustun 1-dən etibarən Ukraynadan 10 milyon tondan çox taxıl ixrac edilib.
Xatırladaq ki, qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə bağlanan taxıl daşınması sazişi iyulun 22-də İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində Ukrayna, Rusiya, Türkiyə və BMT arasında imzalanmışdı.
“LE FIGARO”: MAKRON FRANSIZLARI MÜHARİBƏYƏ HAZIRLAYIR
Fransa prezidenti Emmanuel Makron ölkəni mümkün müharibəyə hazırlamağı nəzərdə tutan yeni milli strategiya doktrinasını təqdim edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Fransanın “Le Figaro” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, doktrina 2017-ci ildə qəbul edilmiş sənədin davamı olacaq və Fransanın öz maraqlarını qorumaq üçün on strateji hədəfi özündə ehtiva edir.
Eyni zamanda bildirilir ki, yeni milli strategiya doktrinasında müharibə iqtisadiyyatına dair bir bənd əks olunub, lakin bu, ümumi hərbiləşdirməni nəzərdə tutmur.
Sənəddə qeyd olunub ki, Fransa Silahlı Qüvvələri zəif cəhətlərini düzəltməli, hakimiyyət isə öz strateji ambisiyalarını yenidən nəzərdən keçirməlidir.
ÇİN QİTƏLƏRARASI UÇUŞ HƏYATA KEÇİRƏN PUA-NI TƏQDİM EDİB
Çin 16 raket və bomba daşıya bilən uzaqmənzilli pilotsuz uçan aparatı təqdim edib. “Report”un verdiyi xəbərə görə, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Bildirilir ki, yeni “Wing Loong-3” pilotsuz təyyarəsi qitələrarası uçuş məsafəsi və havada hədəflərə hücum etmək qabiliyyətinə malikdir.
Sözügedən PUA ilk dəfə Çinin Çjuhay şəhərində aviaşou zamanı nümayiş etdirilib. Çin mediasının məlumatına görə, o, 16 raket və bomba daşıya biləcək və xüsusilə, ən son “PL-10E” hava-hava tipli raketilə təchiz oluna bilər.
Eyni zamanda, qeyd edilir ki, “Wing Loong-3” uzaq məsafədə kəşfiyyat və hava patrulları kimi əməliyyatlar həyata keçirmək qabiliyyətinə malikdir. PUA həm də atmosfer göstəricilərinin ölçülməsi, axtarış-xilasetmə əməliyyatları kimi mülki tapşırıqları yerinə yetirəcək.
Bununla yanaşı, Çinin Aviasiya Sənayesi Korporasiyası əlavə edib ki, “Wing Loong-3”ün kütləvi istehsalına başlamaq üzərində işləyirlər.
İSRAİLİN YENİ HÖKUMƏTİNİN FORMALAŞDIRILACAĞI TARİX MƏLUM OLUB
İsraildə keçirilən parlament seçkilərində qalib gələn “Likud” Partiyasının lideri Benyamin Netanyahu hökuməti formalaşdırmaq üçün rəsmi mandatı noyabrın 13-də alacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, ölkənin Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqləyib. Birinci yeri “Likud” Partiyası tutub.
Verilən xəbərə əsasən, Benyamin Netanyahu noyabrın 13-də hökuməti qurmaq üçün İsrail prezidenti İsaak Hersoqdan rəsmi mandat alacaq.
Eyni zamanda, İsrail qanunlarına əsasən, Benyamin Netanyahu dekabrın 10-dək yeni Nazirlər Kabinetini formalaşdırmalıdır.
Xatırladaq ki, noyabrın 1-də İsraildə keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində sağçı “Likud” Partiyası birinci, hazırkı baş nazir Yair Lapidin “Yeş Atid” Partiyası isə ikinci yeri tutub.
AVROPA YENI QAÇQIN BÖHRANINA HAZIRLAŞIR
Şərqi Avropa ölkələri bu qış ukraynalı qaçqınların yeni axınına hazırlaşır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Röyter” agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Mövzu ilə bağlı hazırlanan hesabatda Slovakiya hökumətinin bu qış təxminən 700 min qaçqının ölkəyə girəcəyini proqnozlaşdırdığı bildirilir. Hesabatda qeyd olunub ki, Avropada yaşamaq üçün qeydiyyatdan keçmiş ukraynalı qaçqınların əksəriyyəti hazırda vətənlərinə qayıdıblar. Lakin onların çoxu sərt qış şəraitində mövcud olan enerji resursları ilə bağlı problemlər səbəbindən yenidən geri qayıda bilərlər.
Eyni zamanda, qeyd edilir ki, Avropa ölkələri yeni qaçqın böhranına hazırlaşmaq üçün artıq qəbul mərkəzləri açıb və ərzaq ehtiyatı yığır.
BMT-nin məlumatlarına görə, hazırda Avropada 4,5 milyona yaxın qaçqın müxtəlif milli müdafiə proqramları çərçivəsində qeydiyyatdadır və 7 milyona yaxın qaçqın Ukraynada məcburi köçkün vəziyyətindədir.
Xatırladaq ki, bir müddət öncə Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk ölkəni tərk edən həmvətənlərini elektrik şəbəkəsindəki gərginliyi azaltmaq üçün yaza qədər evlərinə qayıtmamağa çağırıb.
ABŞ-DA LOTEREYADA 2 MİLYARD DOLLARDAN ÇOX CEK POT UDULDU
Amerikanın “Powerball” lotereyası bazar ertəsi tirajından sonra alınan biletlərdən birinin cekpotu udduğunu açıqlayıb. Beləliklə, şanslı biletin naməlum sahibi tarixin ən böyük cekpotunu - 2,04 milyard dollar qazanıb. Bu barədə “Sputnik” informasiya agentliyi “BBC”yə istinadən xəbər verib.
Uduşlu lotereya biletini konkret kimin aldığı barədə hələlik məlumat verilməsə də, onun Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığından alındığı məlumdur.
“Powerball” biletlərinin qiyməti 2 dollardır və budəfəki qalibin ya 997,6 milyon dollar birdəfəlik ödəniş, ya da 29 il ərzində köçürülən illik ödəniş kimi tam məbləği seçmək imkanı var. Demək olar ki, bütün qaliblər nağd ödəniş variantını seçirlər.
Məlumat üçün qeyd edək ki, İspan Milad Lotereyası dünyanın ən böyük ümumi mükafat fonduna malik lotereya oyunu hesab edilsə də, ən böyük lotereya uduşları ABŞ-da olur.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.