DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞANDAN “TAYFUN” BALLİSTİK RAKETİ İLƏ BAĞLI İLK AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin oktyabrın 18-də gizli şəkildə sınaqdan keçirilmiş yeni “Tayfun” ballistik raketinə sahib olduğunu təsdiqləyib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

“İndi bizim “Tayfun”umuz var və bu bizim ismarıcımızdır”, - deyə dövlət başçısı İstanbul Universitetində çıxışı zamanı bəyan edib.

Eyni zamanda, Türkiyə prezidenti iqtisadiyyatın mühüm sahələrindən birinin müdafiə sənayesi olduğunu vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu illərdə Türkiyənin müdafiə təyinatlı məhsulların ixracının həcmi 250 milyon dollardan 3 milyard dollara yüksəlib.

Bununla yanaşı, dövlət başçısı Türkiyədə 20 il ərzində müdafiə layihələrinin sayının 62-dən, təxminən, 750-yə çatdığını, büdcənin isə 5,5 milyard dollardan 75 milyard dollara yüksəldiyini diqqətə çatdırıb.

 

AĞ EV: İRANLA NÜVƏ SAZİŞİNİN BƏRPASI DİQQƏT MƏRKƏZİNDƏ DEYİL

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası hazırda ABŞ administrasiyasının diqqət mərkəzində deyil və tərəflər arasında fikir ayrılıqları çox böyükdür. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə jurnalistlər üçün brifinq zamanı Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi bəyan edib.

“Doğrusu, BHFP hazırda bizim diqqət mərkəzimizdə deyil. Biz BHFP-yə qayıtmaq məsələsində İrandan daha da uzaqlaşdıq, ona görə də hazırda buna diqqət yetirmirik. Onların BHFP-nin əhatə etməli olduğu tələbləri çox aşan istəkləri var idi. Və biz hazırda BHFP üzrə diplomatik fəaliyyətə diqqət yetirmirik”, - deyə Con Kirbi vurğulayıb.

Eyni zamanda, Ağ Ev rəsmisi əlavə edib ki, ABŞ Rusiya və İrana qarşı sözügedən ölkələrin hərbi-texniki əməkdaşlığı ilə bağlı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

 

BMT: ƏRZAQ MƏHSULLARININ QİYMƏTLƏRİ SABİTLƏŞİB

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının açıqladığı hesabatda, Ukraynadan taxıl daşınmasını bərpa etmək üçün Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanan taxıl dəhlizi sazişinin perspektivli olduğu bildirilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə əsasən, hesabatda qeyd olunub ki, sözügedən sazişin müddətinin uzadılması qlobal ərzaq qiymətlərinin aşağı salınması və ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.

Eyni zamanda, bildirilir ki, razılaşma sayəsində Ukrayna limanlarında fəaliyyət normallaşıb və oktyabrın 19-na kimi limanlardan göndərilən taxılın həcmi 8 milyon tona çatıb. Müharibədən əvvəlki dövrlə müqayisədə daşınmalar 40 və 50 faiz azalsa da, bu təşəbbüs sayəsində ərzaq məhsullarının qiymətləri sabitləşib və artıq eniş tendensiyası başlayıb.

Qlobal ərzaq məhsullarının tədarükünün iyulda 8,6, avqustda 1,9, sentyabrda isə 1,1 faiz azaldığına diqqət çəkilən hesabatda müqavilənin gələcək üçün bir ümid bəxş etdiyi və böhran dövründə ticarətin gücünü göstərdiyi vurğulanıb.

 

GÜRCÜSTAN MÜDAFİƏ QÜVVƏLƏRİNİN SAYINI ARTIRMAYACAQ

Gürcüstan 2023-cü ildə müdafiə qüvvələrinin şəxsi heyətinin sayını artırmayacaq. “Report” agentliyinin məlumatına görə, bu barədə Gürcüstan parlamentinə daxil olan qərar layihəsində qeyd olunur.

Verilən xəbərə görə, hökumət parlamentə “2023-cü ildə Gürcüstan müdafiə qüvvələrinin sayının müəyyən edilməsi haqqında” qərar layihəsi təqdim edib.

Sənədə əsasən, müdafiə qüvvələrinin sayı mövcud 37 min nəfəri aşmayacaq. Bu, Gürcüstan ordusunun şəxsi heyətinin sayının dəyişməyəcəyi deməkdir.

Həmçinin bildirilir ki, bu məhdudiyyət hərbi vəziyyət rejiminə, ehtiyatda olanlara və müvəqqəti heyət üzvlərinə şamil edilmir.

Məlumat üçün qeyd edək ki, hazırda Gürcüstanda hərbi xidmət dörd kateqoriyaya bölünür - məcburi, müqaviləli, kadr və ehtiyatda olanlar.

 

BORİS CONSON MƏZUNİYYƏTİNİ YARIMÇIQ QOYARAQ PAYTAXTA QAYIDIB

Böyük Britaniyanın baş naziri Liz Trassın istefası ilə əlaqədar hökumətin keçmiş başçısı Boris Conson Karib adalarında məzuniyyətini yarımçıq qoyaraq Londona qayıdıb. “Report”un “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, onun baş nazir postu uğrunda mübarizə aparacağı gözlənilir.

Məlumata əsasən, onun yenidən baş nazir olmaq şansı yüksəkdir. Bildirilir ki, hökumət başçısı olmağa əsas namizədlər arasında keçmiş maliyyə naziri Ruşi Sunak və 2019-cu idə krallıq tarixində ilk qadın müdafiə naziri olmuş Penni Mordauntun da adları hallanır.

Qeyd edilir ki, Penni Mordaunt Mühafizəkarlar Partiyasının yeni lider axtarışına başladığını qeyd edərək namizədliyinin irəli sürülməsini istəmədiyini dilə gətirib. Böyük Britaniyanın indiki müdafiə naziri Ben Uolles isə namizədliyini irəli sürməyərək hələ ki Boris Consonu dəstəkləyəcəyini vurğulayıb.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Liz Trass oktyabrın 20-də iqtisadi proqramını həayata keçirə bilmədiyi üçün istefa verdiyini açıqlayıb.

 

DÖVLƏT DEPARTAMENTİ YAPONİYAYA 450 MİLYON DOLLARLIQ RAKETLƏRİN SATIŞINI TƏSDİQLƏYİB

ABŞ-ın Dövlət Departamenti Yaponiyaya zenit raketlərinin mümkün satışını təsdiqləyib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyindən bildirilib.

Eyni zamanda, məlumata əsasən, Dövlət Departamenti Yaponiya hakimiyyətinə təxminən 450 milyon dollar dəyərində olan “SM-6 Block I” raketləri və müvafiq avadanlıqların satışını təsdiqləyib.

“Sözügedən satış Asiya-Sakit okean regionunda siyasi sabitliyin və iqtisadi inkişafın təşviqində mühüm rol oynayan əsas müttəfiqin təhlükəsizliyini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq”, - deyə Dövlət Departamentinin açıqlamasında vurğulanır.

 

ÜST-ün SURİYADAKI OFİSİNİN RƏHBƏRİNƏ KORRUPSİYA İTTİHAMI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Suriya üzrə baş nümayəndəsi Akcemal Maqtımova korrupsiya, fırıldaqçılıq və vəzifədən sui-istifadədə ittiham olunur. “Report”un verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.

Agentlik məxfi sənədləri nəzərdən keçirdikdən sonra müəyyən edib ki, ÜST əməkdaşları guya işçiləri Suriya hökumətinin nümayəndələri ilə müqavilələr bağlamağa məcbur edən, həmçinin təşkilatın və onun sponsorlarının vəsaitlərini qeyri-məqsədyönlü şəkildə xərcləyən Akcemal Maqtımova tərəfindən təzyiq edilməsi barədə istintaqı məlumatlandırıblar.

Vurğulanır ki, söhbət ÜST-ün son illərdə apardığı ən böyük daxili araşdırmalardan birindən gedir. Həmçinin istintaqın bitmə tarixi barədə açıqlama verilmir.

“Təhlükəsizlik, məxfilik və müəyyən prosedurlara riayət etmək zərurətinə görə, biz ittihamın təfərrüatlarını şərh edə bilmərik”, -  deyə ÜST-dən “Assoşieyted Press” agentliyinə bildiriblər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.