ŞƏHİD AİLƏSİ ZİYARƏT OLUNUB
Region

ŞƏHİD AİLƏSİ ZİYARƏT OLUNUB

Naftalanda şəhidlərin məzarını ziyarət etmək, adlarının əbədiləşdirilməsi,  xatirələrinə bulaq inşa edilməsi və şəhid ailələrinə ziyarət edilməsi artıq   ənənə halını almışdır. Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Naftalanda Şəhid ailələri və qazilərlə görüşlər davam edir. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov və digər məsul şəxslər Şəhid Qurbanovlar ailəsini ziyarət ediblər.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov səmimi görüşdən sonra bildirib ki, Vətən müharibəsində Naftalan  igidləri də qəhrəmanlıq dastanı yazdılar. 30 ilə yaxın davam edən işğala və haqsızlığa son qoyuldu, tarixi ədalət bərpa edildi. Azərbaycan ordusu doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını qalib dövlət kimi bütün dünyaya göstərdi. Azərbaycan xalqı bu tarixi zəfəri igid övladlarının qanı, canı bahasına qazandı və bu zəfərlə bütün şəhidlərimizin qisası alındı. Bu gün torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş hər bir şəxs və onun ailəsi  daimi dövlətimizin xüsusi diqqət və qayğısı altında himayə olunur.

Şəhid ailəsi, onlara göstərilən qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin ilk günü 27 sentyabr tarixində erməni vandallarının atdığı top mərmisi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində ikisi uşaq olmaqla Qurbanovlar ailəsinin beş üzvü həyatını itirib.

Zabit XƏLİLOV,

“Respublika”.