İdman nailiyyətləri arasında şahmatçıların uğurlarını xüsusi qeyd etmək istərdim. Çünki bu, onu göstərir ki, bizim gənclərimiz nəinki fiziki cəhətdən güclüdür, eyni zamanda, onların intellektual potensialı da çox yüksəkdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Azərbaycanda şahmatın da qədim ənənəsi var desək, heç yanılmarıq. Hələ qədim və orta əsrlər dövründən geniş yayılan bu “zəka oyunu” zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutur.
Zaman-zaman Azərbaycanın görkəmli mütəfəkkirləri və dahiləri bu idman növünə xüsusi diqqətlə yanaşıblar. Təsadüfi deyil ki, görkəmli mütəfəkkirlərimizdən olan yazıçı-dramaturq Mirzə Fətəli Axundzadə oğluna yazdığı məktubunda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdi.
Azərbaycan şahmat ənənəsi tarixinin ikinci mərhələsi XX əsrin əvvəllərindən başlamışdır. 1920-ci ildə Azərbaycanda şahmata nəzarət edən rəsmi qurum - Azərbaycan Şahmat Federasiyası (AŞF) yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə 1992-ci ildə AŞF, Beynəlxalq Şahmat Federasiyasına (FİDE) üzv olmuşdur. Azərbaycanda şahmat üzrə ilk turnir 1926-cı ildə “Bakı çempionatı” adı ilə keçirilib. 1934-cü ildə isə ilk dəfə şahmat idman növü üzrə Azərbaycan çempionatı təşkil olunub. İstedadlı şahmatçı S.Xəlilbəyli 50-ci illərin sonunda “SSRİ idman ustası” adına layiq görülmüş ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb.
Azərbaycanda şahmat ənənələri həmişə güclü olub. Ötən əsrin 70-ci illərindən başlayaraq şahmatın inkişafına xüsusi qayğı göstərilib. Həmin illərdə SSRİ tərkibində olmasına baxmayaraq, Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev tərəfindən şahmatın bütün ölkə boyu dərindən öyrənilməsi və yayılması üçün 60-a yaxın uşaq-gənclər şahmat məktəbi və klubları açıldı, şahmata maraq kütləvi xarakter aldı və Azərbaycanın qazandığı nailiyyətlər həmin illərdə ən yüksək nöqtəyə çatdı. Bu isə şahmatın inkişafına daha da böyük təkan verdi.
Vurğulamaq lazımdır ki, həmin illərdə Azərbaycan şahmat məktəbi dünyada məşhur olan bir çox görkəmli nümayəndələr yetişdirib. SSRİ miqyasında və beynəlxalq turnirlərdə bir-birinin ardınca qələbələr qazanan Fikrət Sideifzadə, Elmar Məhərrəmov, Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova da Azərbaycan şahmat məktəbinin yetirmələridir. Onu da qeyd edək ki, Bakıda anadan olan və böyüyən, şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Harri Kasparov da onu yetişdirən məktəbə və dünyaya gəldiyi torpağa qarşı sonralar göstərdiyi dönüklüyə baxmayaraq, tərcümeyi-halının “Bakı səhifələri”ni bütün ömrü boyu çiyinlərində daşımağa məhkumdur.
Müstəqilliyini bərpa edən Azərbaycan şahmat ənənəsinin inkişafına daha uğurla başladı. Həmin illərdə ölkəmiz strateji zəkanı əks etdirən bu qədim Şərq oyununun inkişafının geniş vüsət aldığı, dünyada öz məktəb nümunəsini yaradan bir coğrafi məkana çevrildi.
Şahmat sahəsində əldə edilən nailiyyətlər, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızda şahmata göstərilən marağı daha da artırıb. Hazırda respublikada fəaliyyət göstərən 70-ə yaxın uşaq-gənclər şahmat məktəblərində 40 mindən çox uşaq və yeniyetmə məşğul olur.
Təbii ki, dövlət tərəfindən göstərilən yüksək qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır. Dövlət müstəqilliyimiz yenidən bərpa edildikdən sonra keçən müddət ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edən Azərbaycan şahmatçıları yüksək nəticələr əldə ediblər. Belə ki, 90-dan çox medal, o cümlədən 40-a yaxın qızıl medal qazanılıb. Hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq