İdman uğurlarımıza da yeni töhfələr olacaq
İdman

İdman uğurlarımıza da yeni töhfələr olacaq

Oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgərana səfər edərək həmin şəhər və qəsəbələrdə də dövlət bayrağımızı dalğalandırdı.

Rəşadətli Ordumuzun sayəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Təbii ki, bu uğur bütün sahələr kimi, idmandan da yan keçmədi.

Azərbaycan idmanının, ələlxüsus futbolumuzun 10 ildə beynəlxalq aləmdə tanınmasında böyük əməyi olan iki klubun adını çəkmək olar: Azərbaycanın Flaqmanı hesab edilən, keçmişimizin futbol tarixini yaşadan "Neftçi" və 2020-ci ilə kimi yerləşdiyi ərazisi, doğma "Quzanlı" stadionu işğalda olan "Qarabağ". Sözsüz ki, bu nümunələrin sayının daha da çox olmasını istərdik. Amma belə demək mümkünsə, bəzi klublarımız zamana uduzdu, "Xəzər Lənkəran", "Bakı", "Simurq" klubları bağlandı. İndi həmin klubların yolu "Sabah"la, "Səbail"lə davam etdirilir. "İrəvan", "Cəbrayıl", "Çinar", "Həkəri" kimi yeni yaradılan klublar Qarabağın işğaldan azad olunan ərazilərində futbol həyəcanını geri qaytarmağa hesablanıb.

Separatçıların "son qalası" olan Xankəndi şəhəri futbol sahəsində də önəmli yer tutur. Belə ki, separatçılar 30 il ərzində "milli komandaları"nın və "klubları"nın oyunlarını Xankəndi şəhərində yerləşən idman arenasında keçiriblər. Dünyada heç bir dövlət tərəfindən tanınmayan separatçı qüvvələrin özlərinə yaratdığı qurama "çempionat" hesab edilən "CONİFA" (Müstəqil olmayan futbol assosiasiyası federasiyaları) Xankəndidə qanunsuz olaraq matçlar keçirib. Öz aralarında "çilingağac" oynayan xunta yeni utopiya yaratmaq qərarına gəlib. Vətən müharibəsi dövründə Azərbaycan bayrağını tapdalayaraq videoya çəkən idmançılar da qondarma rejimin qondarma "futbol klub"larının üzvləri olub.

Azərbaycan Xankəndini işğaldan azad etməklə tarixi futbol ənənələrinin bərpa olunmasına zəmin yarandı. Prezident İlham Əliyevin idmana, xüsusilə də futbola qayğısı göz qabağındadır. Dövlət başçısının "Qarabağ"ın beynəlxalq arenalarda uğur qazanması münasibətilə komandanın üzvlərini qəbul etməsi, stadionların, komplekslərin tikilməsi dövlətimizin bu sahəyə qayğısını göstərir.

Bu gün işğaldan azad olunan Xankəndidə yerləşən stadiona baş çəkən rəsmilər buranın 15 min azərkeş tutumunun, süni ot örtüyünün mövcud olduğunu bildiriblər. Bəzi dövlət rəsmiləri Xankəndinin futbol üzrə idman mərkəzinə çevrilməsi barədə fikirlər də səsləndirib. Niyə də yox? Axı, Xankəndi Azərbaycan futboluna yeni nəfəs bəxş edə bilər.

Azərbaycan Premyer Liqasının vəziyyətinin qənaətbəxş olmadığını qeyd etmək yerinə düşər. 8 klublu sistemdən 10 klublu sistemə keçən Liqanın alt seqmentlərinin də get-gedə formalaşdığını nəzərə alsaq, həqiqətən də Qarabağın işğaldan azad olunmasının bu idman növünün inkişafına böyük təsir edəcəyini güman etmək olar. Bəzi sosial şəbəkələrdə futbol camiəsi Azərbaycan kubokunun final matçının Xankəndidə keçirilməsini təklif edir. Əslində, ən ideal variant da elə budur. Turnirin 2023/2024-cü il mövsümünün hələ ki, start götürmədiyini və püşk atılmadığını nəzərə alsaq, AFFA rəsmiləri bunu dəyərləndirə bilərlər. Həm də finalın harada keçiriləcəyi də hələ bəlli deyil. Sadəcə, həlledici oyun gələn il iyunun 2-də keçiriləcək. Yəni oyunun keçirilməsi üçün nə az, nə çox - düz 6 ay var. Həmin müddətə kimi Qarabağda yaşayan ermənilərin reinteqrasiyası prosesi də sürətlənəcək. Bu zaman ərzində stadiondakı problemləri də aradan qaldırmaq olar. Bunun üçün PFL Prezident Administrasiyasına müraciət etməlidi. PFL-in kubok finalında yaxşı işlərinin çox şahidi olmuşuq. Həm də bu amil klublara da xüsusi motivasiya verər. Bütün komandalar Xankəndi stadionunda keçirilən ilk oyunun iştirakçısı olmağı ürəkdən arzulayır.

Həmin vaxta qədər isə bəzi addımlar da atıla bilər. Məsələn, "Qarabağ" UEFA Avropa Liqası mövsümünə uğurlu start verib. "Köhlən atlar" ilk 2 matçında 2 qələbə qazanaraq həm ölkədaxili, həm də xaricdən xeyli azarkeş toplamağı bacarıb. "Dörd bir tərəf bilsin, sən bizimsən Qarabağ!" ideologiyası artıq hər iki mənada reallaşır. İdmanın da yeni dövrdə siyasətlə sıx bağlı olduğunu nəzərə alsaq, "Qarabağ"ın hər hansı bir oyununu Xankəndidə keçirməklə beynəlxalq qurumların da Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsinə böyük dəstək verə bilərik. Bu siyahıya yerli matçları da daxil etmək olar. Azərbaycan derbilərinin Xankəndidə keçirilməsi üçün gələcəkdə heç bir problem qalmayacaq. Azərbaycan millisi də öz oyunlarını Xankəndidə keçirmək barədə düşünməlidir. Xankəndidə beynəlxalq oyun keçiriləcəksə, bu, Türkiyə ilə yoldaşlıq görüşü olmalıdır. Hər iki ölkənin qardaşlığı ölkəmizin gözəl diyarından bütün dünyaya nümayiş etdirilməlidi.

Lakin bütün bu sadalananlar üçün ilk olaraq rəsmi prosedurlar həyata keçirilməlidi. AFFA indidən stadionun UEFA lisenziyası alması üçün müraciət etməlidi. Belə olacağı təqdirdə, arenada beynəlxalq oyunun keçirilməsi asan olacaq.

Hər bir sahə kimi idmanla da bağlı böyük planlar, istəklər var. Son 3 il ərzində Qarabağda keçirilən idman yarışları bölgənin canlanmasında böyük rol oynayıb. "Mingəçevir Reqatası"nın bir mərhələsi, "Əziz Şuşa", "Shusha Chess 2022" və başqa yarışlar Qarabağın bəzəyinə çevrilib. Bu, işğaldan azad edilmiş torpaqlarda atılan ilk addımlar idi. Zaman göstərir ki, həmin yarışlar sonuncu olmayacaq. Bununla da Qarabağa qayıdışa idman da öz töhfəsini verəcək. Xankəndi isə Azərbaycanın futbol diyarına çevrilməsi üçün ən ideal şəhərdir.

Tacir SADIQOV,

"Respublika".