Zərurətdən doğan reallıq
Siyasət

Zərurətdən doğan reallıq

Tarixin və zamanın gedişatını öz xeyrinə dəyişən müstəqil Azərbaycan 2020-ci ildə 30 ilə yaxın işğal altında qalan torpaqlarını geri qaytardı, bundan cəmi 3 il sonra isə suverenliyini tam bərpa etdi. Regionda yaranan yeni reallıqlar fonunda dövlətimizin qarşısında müəyyən hədəflər formalaşdı. Bunlardan ilki və ən zərurisi Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsi idi.

Çünki 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsası qoyuldu. Qısa müddətdə ermənilərin kütləvi surətdə ərazilərimizə köçürülməsi həyata keçirildi. "Böyük Ermənistan" ideyasını reallaşdırmağa çalışan ermənilər SSRİ-nin süqutundan istifadə edərək 1988-ci ildə Qərbi azərbaycanlıların deportasiyasına başladılar. Düşmən Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan etdi, azərbaycanlıların tarixi irsini silmək istədi, ancaq buna nail ola bilmədi. Çünki xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qorumağa müvəffəq oldu. Eyni zamanda, tarixi sənədlər, müxtəlif dövrlərin xəritələri də həqiqəti açıq şəkildə göstərir ki, Qərbi Azərbaycan tarixi diyarımızdır, şəhərlərin, kəndlərin adları türk mənşəlidir. Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki İrəvan bizim torpağımızdır. Ona görə də, deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqları bərpa edilməli, onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu prosesin həyata keçirilməsi ilə Qərbi Azərbaycan İcması (QAİ) məşğul olur.

Zamanında indiki Ermənistandan qovulmuş soydaşlarımızı birləşdirən Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Ötən il avqustun 3-də birliyin adı Qərbi Azərbaycan İcmasına dəyişdirildi, təşkilatın yeni Nizamnaməsi təsdiq olundu. Qurumda Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradıldı və seçkilər keçirildi. Prezident İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir. O da diqqətə çatdırıldı ki, əvvəllər Bakıda Şuşa Şəhər İcra Hakimiyyətinin və "Qarabağa dönüş" İctimai Birliyinin yerləşdiyi bina İcmanın istifadəsinə verildikdən sonra təmir edilib və zəruri avadanlıqlarla təchiz olunub. Ümumi sahəsi 1280 kvadratmetr olan dördmərtəbəli binada 23 iş otağı, iclas və konfrans zalları, habelə müxtəlif yardımçı otaqlar mövcuddur.

Daha sonra Prezident bir qrup ziyalı ilə görüşdü və İcmanın fəaliyyəti ilə bağlı tövsiyələrini verdi: "Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, icma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir. Ona görə hesab edirəm ki, icma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu icmanın fəallığı çox önəmli ola bilər".

Prezident İlham Əliyevin verdiyi tövsiyələr İcmanın ölkə daxilindəki fəaliyyət istiqamətləri ilə yanaşı, qurumun beynəlxalq müstəvidə görməli olduğu işləri də əhatə etdi: "Bununla bərabər, hesab edirəm ki, İcmanın bundan az əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq. Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır".

Fəaliyyətində dövlət başçısının tapşırıq və tövsiyələrini əsas tutan Qərbi Azərbaycan İcması beynəlxalq arenada təmsil olunmağa xüsusi səy göstərir. Belə ki, bu ilin 28 mart tarixində QAİ-nin Qayıdış Konsepsiyası, 20 may da isə İcmanın UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktub BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılıb. 20 iyun 2023-cü il tarixində QAİ-nin Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın İnsan Hüquqları üzrə alt-komitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzusu ilə bağlı irəli sürdüyü yazılı bəyannamə assambleya üzvlərinin yetərli sayda dəstəyini əldə edərək AŞPA-nın sənədi kimi dərc olunub. Bütün bunlar İcmanın İlham Əliyevin tövsiyələrini rəhbər tutaraq həqiqətləri dünyaya çatdırdığının bariz sübutudur.

Jalə QASIMZADƏ,

"Respublika".