Zəfər tarixini yazanlar
Region

Zəfər tarixini yazanlar

Masallı Tarix-Diyarşünaslıq Muzeyində  vaxtaşırı keçirilən tədbirlər öz maraq dairəsinə görə  uzun müddət yaddaşlarda qalır.  Masallı Dövlət Rəsm Qalereyası, Bakı Şəhər  Mədəniyyət Baş İdarəsi, Xətai Rayon Mərkəzləşmiş Kitabxana Sistemi və Masallı Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı  sayəsində  “Heydər Əliyev İli” çərçivəsində “Zəfər tarixini yazanlar” mövzusunda  muzeydə keçirilən tədbirdə  mədəniyyət işçiləri, ziyalılar,  müharibə veteranları  və gənclər iştirak ediblər.

Muzeyin direktoru Əntiqə Tağıyeva  Zəfər tarixi, onun qəhrəmanları ilə əlaqədar keçirilən tədbirin məqsədindən danışıb. Sonra digər çıxışlar başlanıb. Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, Peşə Yönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini Muzeyşünaslıq kafedrası müəllimi Sahibə Ələkbərova, Xətai Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin baş kitabxanaçısı Ağgül Mərdanova Qarabağı görməyən, lakin Qarabağ sevgisi  ilə böyüyərək bizlərə qələbə sevincini yaşadan, otuz illik kədərimizə, həsrətimizə son qoyan igidlərə minnətdarlıqlarını  bildirdilər.

Masallı Rayon Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Şurası sədri  Məmmədağa Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai  Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov   “Lələtəpədən Şuşaya qədər”  şüarı altında  Azərbaycanı dünyaya tanıdan igidlərin  əziz adlarını daim uca tutmaq hər birimizə borc olduğunu söyləyib, xalqa şanlı Zəfəri bəxş edənlərin Vətənə məhəbbətinin arxalı dayağından, Ali Baş Komandanın “Mən sizinlə fəxr edirəm, sizə güvənirəm, siz də mənə güvənə bilərsiniz” sözü ilə irəliyə atılaraq keçilməyən sıldırım qayaları  aşanların əzmindən danışaraq hər bir igidimizin bizim üçün qürur mənbəyi olduğunu xüsusi qeyd ediblər.

Vətən müharibəsi iştirakçıları  kapitan Azər İsmayılov, Ruslan  İsmayılovun  atası Əziz kişi  Vətənin azadlığı uğrunda şücaət göstərən oğullarla qürur duyduğunu deyiblər.  Qazilərdən Cavid Nuri, Qüdrət Əzizov, Talıb Qəzənfərli həmin günlərin xatirələrini dilə gətirib,  lazım gələrsə yenə də Vətənin yolunda qurban getməyə    də hazır olduğunu bildiriblər.

 Tədbirdən sonra qonaqlar Mərkəzi Kitabxananı, Qəhrəmanlar Parkını, eyni zamanda Ağakişibəyli kəndinin şəhidi, Bakı Dövlət Universitetinin tələbəsi olmuş Nurlan Əbilovun məzarını və ailəsini ziyarət ediblər.

 Zəfər ORUCOĞLU.