GƏNCƏ
44 günlük Vətən müharibəsi artıq tarixə döndü. Ötən il noyabrın 8-də şanlı ordumuz Şuşanı geri almaqla düşməni öz məğlubiyyətini etiraf etməyə məcbur etdi. Beləliklə, 8 noyabr tarixə Zəfər Günü kimi yazıldı. Noyabrın 10-da üçtərəfli Bəyanata imza atan Ermənistan üzərinə müəyyən öhdəliklər götürməklə məğlub vəziyyətdə döyüş meydanını tərk etdi. Azərbaycan 30 illik işğala son qoydu. Tariximizin Zəfər salnaməsi yazıldı. Bu möhtəşəm qələbənin birinci ildönümü təkcə paytaxt Bakıda deyil, həm də bölgələrimizdə də təntənəli şəkildə qeyd olundu...
Respublikanın hər yerində olduğu kimi Gəncədə də 8 Noyabr - Zəfər Günü böyük təntənə ilə qeyd olundu. Gəncənin İstiqlal parkında təşkil olunan bayram tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edərək qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır davam edən işğala cəmi 44 günə son qoydu, düşməni əzəli torpaqlarımızdan qovdu. Düşmən bir daha Azərbaycan xalqının əzminin, qəhrəmanlığının şahidi oldu.
Sonra şəhər rəhbərliyi və şəhid ailələrinin iştirakı ilə Gəncənin İstiqlal parkında inşa edilən "Memorial abidə kompleksi"nin açılışı oldu.
"Memorial abidə kompleksi" ilə tanışlıqdan sonra şəhid ailələrinin üzvlərinə söz verildi. Şəhid atası Miryunis Hüseynzadə, şəhid anası Brilyant Əsgərova, şəhid yoldaşı Əfsanə Məmmədova, şəhid övladı Təqi Əsgərli çıxış edərək, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, igid oğullarımızın qəhrəmanlıqlarından danışdılar.
Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə Azərbaycan xalqını təbrik edərək bildirdi ki, Türkiyə və Azərbaycan əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, tək millətdir. Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Daim qardaş ölkə Azərbaycanla həmrəylik göstərən Türkiyə haqq savaşında da onun yanında oldu.
Çıxışlardan sonra, Gəncə Dövlət Dram Teatrı tərəfindən "Azərbaycan, Zəfər günün mübarək!" adlı ədəbi-bədii kompozisiya nümayiş olundu. Gənc könüllülərin iştirakı ilə sülh rəmzi olan 44 göyərçin havaya buraxıldı.
Gəncənin “İstiqlal” parkında təşkil olunan bayram tədbirindən sonra şəhər rəhbərliyi və qonaqlar Heydər Əliyev Park-Kompleksinə gəldilər. Burada Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası baş tutdu.
Axşam, Gəncənin Heydər Əliyev adına baş meydanında möhtəşəm atəşfəşanlıq oldu.
NAFTALAN
Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, güclü ordu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu. Ölkə Prezidenti cənab İlham Əliyev bu misilsiz qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır. Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Naftalan şəhərində də tədbir böyük coşqu ilə keçirildi. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak edirdilər.
İlk öncə, Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olundu, önünə tər gül dəstələri düzülərək, əziz ruhu böyük ehtiramla yad edildi.
Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət edildi. Tədbir ulu öndər Heydər Əliyevin adına meydanda təşkil olunmuş "Vətənpərvərlik" adlı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra, Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirildi.
Tədbirdə "Tarixi Zəfər" mövzusunda çıxış edən şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov qeyd etdi ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi.
Vətən müharibəsi dünya hərb elmində həm də "XXI əsrin müharibəsi" adını qazanıb. Vətən müharibəsində yazılan yeni şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğunu vurğulayan şəhər rəhbəri, qeyd etdi ki, tarixi torpaqlarımız üzərindəki 30 illik həsrəti qələbə ilə yekunlaşdıraraq, bu müjdəni xalqa yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Rəşadətli Azərbaycan Ordusuna ömürlük minnətdarıq. Bu gün, Vətən müharibəsində iştirak edən hər bir vətən övladının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib.
Digər çıxış edən natiqlər, Qalib xalqımızın dövlət başçımızın ətrafında sıx birləşərək bütün dünyaya gücümüzü, mətinliyimizi, mübarizliyimizi nümayiş etdirdiyini bir daha vurğuladılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq təltif olunmuş şəhidlər Aslanov Bəxtiyar İlqar oğlunun "Vətən uğrunda" medalı (ölümündən sonra), Adıgözəlov Fərid İlqar oğlunun "Cəsur döyüşçü" medalı (ölümündən sonra), Cəfərov Elyəddin Zöhrab oğlunun "Cəsur döyüşçü" medalı (ölümündən sonra) ailə üzvlərinə təqdim olundu.
Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu.
KÜRDƏMİR
Noyabrın 8-də Kürdəmir rayonunda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm tarixi Qələbənin birinci ildönümü münasibətilə "Qarabağ Azərbaycandır!" adlı ümumrayon tədbiri keçirildi.
Tədbir ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlandı. Rayon icra hakimiyyətinin əməkdaşları, idarə və təşkilatlarda çalışanlar, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri ulu öndərin abidəsi qarşısına tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsini dərin ehtiramla yad etdilər.
Rayonun Şəhidlər Xiyabanında vətən yolunda canlarından keçmiş igid oğullarımızın məzarları ziyarət olundu. Məzarları önünə tər çiçək dəstələri düzülərək ruhlarına dualar oxundu. Qələbə parkında Zəfər salnaməmizə həsr olunmuş, rayonda yaşayan sənətkarların əl işlərindən ibarət dekorativ sənət nümunələri, məktəblilərin rəsm sərgiləri nümayiş olundu.
Təntənəli tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini müvəqqəti icra edən, başçının müavini Ağali Kərimli, N saylı hərbi hissənin komandiri Reyhun Fərmanov, şəhid Məlik Zülfüqarovun anası Yeganə xanım, qazi Vüsal Mahmudov və digər şəxslər çıxış etdilər. Onlar çıxışlarında rəşadətli Ordumuzun, Müzəffər Ali Baş Komandanın əldə etdiyi böyük Zəfərin verdiyi qürurdan danışdılar. İftixar gününə çevrilmiş Zəfər bayramı münasibətilə xalqımızı təbrik etdilər.
SAATLI
Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Günü təntənəli surətdə qeyd olundu. Rayon tədbirinə yüzlərlə insan toplaşmışdı. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, millət vəkilləri Əhliman Əmiraslanov və Əziz Ələkbərli, şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, hüquq-mühafizə orqanlarının idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyəti nümayəndələri iştirak edirdi.
Tədbir I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin ziyarət edilməsi ilə başlandı. Bayram tədbiri ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda davam etdirildi. Rayon ümumtəhsil məktəblilərinin iştirakı ilə "Qarabağ Azərbaycandır" adlı fləşmobda Azərbaycan və Türkiyənin qardaşlıq simvolu kimi hər iki dövlətin milli atributları olan dövlət bayraqları meydana gətirildi.
Daha sonra tədbir ədəbi-bədii hissə ilə davam etdirildi, vətənpərvərlik mövzularında şeirlər oxundu, musiqilər səsləndi. Bədii hissədən sonra Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçirildi.
CƏBRAYIL
Cəbrayıl rayonunda Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə Zəfər bayramı keçirildi.
Tədbir iştirakçıları əvvəlcə 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında ulu öndər Heydər Əliyevin abidəsini Şəhidlər abidə-kompleksini və Şəhidlər Xiyabanını ziyarət etdilər.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ - Vətən müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın "Qarabağ Azərbaycandır və nida" ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarımız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.
Tədbir zamanı rayon mədəniyyət evlərinin, məktəb kollektivlərinin Qarabağa, ordumuzun qəhrəmanlığına, şəhidlərimizə həsr olunmuş sərgiləri nümayiş etdirildi, Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunan şəhidlərin ailələrinə və qazilərə orden və medallar təqdim olundu.
HACIQABUL
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən 8 Noyabr - Zəfər Günü bütün ölkə ərazisində olduğu kimi Hacıqabul rayonunda da təntənəli şəkildə qeyd olundu. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının fəalları, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərdən, xalqımızın həmrəylik nümayiş etdirib, Ali Baş Komandanın "Dəmir yumruğ"u ətrafında birləşməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən bəhs olundu.
Şəhid valideynləri övladlarının şərəfli döyüş yolundan danışıb, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə təşəkkürlərini bildirdilər.
Tədbir çərçivəsində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilovun iştirakı ilə ağacəkmə kampaniyası keçirildi.
Daşkəsən rayonunda 8 Noyabr - Zəfər Günü qeyd olunub. İlk öncə, Daşkəsən Şəhidlər Xiyabanı ziyarət olunub, eyni zamanda daşkəsənli Vətən Müharibəsi şəhidi gizir İsmayılov Novruz Nürəddin oğlunun anım günü də qeyd edilib.
DAŞKƏSƏN
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək qeyd edib ki, Zəfər Gününü bütün xalqımız milli birlik və həmrəylik içində qeyd edir. Ötən il sentyabrın 27-dən başlayan, cəmi 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azad edilməsi və qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir.
Vətən müharibəsində daşkəsənlilər də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qəhrəmancasına vuruşmuş, onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Belə cəsur döyüşçülərimizdən biri də bu gün anım gününü qeyd etdiyimiz Vətən müharibəsi şəhidi gizir İsmayılov Novruz Nürəddin oğludur.
Novruz İsmayılov 1987-ci ildə Daşkəsən rayonunun Zinzahal kəndində anadan olub. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, şəxsi igidlik və şücaət göstərib. O, Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 8 noyabr 2020-ci il tarixdə Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid Novruz İsmayılov hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə böyük diqqət və qayğı göstərirlər. Bütün daşkəsənlilər adından dövlət rəhbərimizə, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
Sonra, Daşkəsən şəhərinin girişindəki ərazidə Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası zamanı rayon rəhbərliyi, şəhid anaları, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və gənclərin iştirakı ilə ümumilikdə 500 eldar şamı və digər həmişəyaşıl ağac əkilib.
İSMAYILLI
İsmayıllıda Zəfər Günü ilə bağlı keçirilən tədbir ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ilə başlanılıb. Heydər Əliyev adına Mərkəzi meydanda keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.
Sonra Mərkəzi Meydanda İsmayıllı şəhər və kənd məktəblilərinin, Heydər Əliyev Mərkəzinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin hazırladıqları "Zəfər sərgisi"nə baxılıb. Sərgidə Zəfər Gününə həsr olunmuş əl işləri, foto və rəsm sərgiləri nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü sayəsində düşmən 44 günə məhv edildi.
Çıxış edən millət vəkili Novruzəli Aslanov qələbədə payı olan bütün şəhidləri o cümlədən İsmayıllı şəhidlərini dərin hörmət və qürur hissi ilə anaraq 44 günlük haqq savaşımızdan ətraflı söz açıb.
Şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədli şəhid anaları adından çıxış edərək başda şəhid ailələri olmaqla bütün Azərbaycan xalqının Zəfər Gününü təbrik edib. O, bu möhtəşəm qələbədə onun da övladının payı olduğunu qürurla qeyd edərək, bildirib ki, hər Zəfər Günü onun övladının timsalında bütün şəhidlərin ruhu şad olacaq. Çünki onlar bu Vətənin azadlığı uğrunda şərəflə canlarından keçiblər. O, öz çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını da bildirib.
Çıxış edən Vətən müharibəsi qazisi İlyar Salmanov müharibə ilə bağlı xatirələrini bölüşüb və döyüş yoldaşlarının göstərdikləri igidliklərdən bəhs edib.
Daha sonra Mərkəzi Meydanda İsmayıllı rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub. Vətənə, orduya, bayrağa həsr olunmuş şeirlər, musiqilər səsləndirilib.
ZAQATALA
Zəfər Günü ilə əlaqədar Zaqatala rayonunda silsilə tədbirlər keçirilib.
Noyabrın 8-də rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar tərəfindən ilk öncə Zaqatala şəhər qəbiristanlığında şəhid məzarları ziyarət edildi, sonra şəhərin mərkəzində yerləşən "Şəhidlər Xiyabanı" xatirə kompleksinə gələrək şəhidlərin ruhuna dualar oxundu. Tədbir iştirakçıları xiyabanda dəfn olunmuş şəhidlərin məzarları və abidə kompleksinin önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla andılar. Daha sonra tədbir "Zəfər Kompleksi" abidəsi önündə davam etdi.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illər işğal altında qalan torpaqlarımız azad olunub.
Natiq öz çıxışında Zaqatala rayonunda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı möhtəşəm tarixi qələbənin birinci ildönümünün böyük coşqu ilə qeyd edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı, Vətən müharibəsində zaqatalalı gənclərin də könüllü olaraq cəbhəyə gedərək döyüşlərdə qəhrəmanlıqlar göstərdiklərini bildirdi, ürəkləri Vətən eşqi ilə yanan bu gənclərdən 33 nəfərinin qəhrəmancasına şəhid olduğunu, 100-dən çoxunun yaralandığını xüsusi qeyd etdi.
Bayram tədbiri Zaqatala şəhəri Dədə Qorqud meydanında Zəfər Gününə həsr olunmuş rəsm sərgisi ilə davam etdirildi, sonda tədbir iştirakçıları Zəfər Günü ilə əlaqədar təşkil olunmuş ağacəkmə aksiyasına qoşuldular.
ŞİRVAN
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncama uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Zəfər tariximiz" adlı ümumşəhər tədbiri keçirildi. İlk olaraq icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimai təşkilatların nümayəndələri şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzdülər.
Sonra Heydər Əliyev meydanında şəhər məktəblilərinin hazırladığı 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı fləşmob nümayiş etdirildi. Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidlərinin müqəddəs ruhu yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması zamanı Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun tarixi torpaqlarımızın azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhid əsgər və zabitlərimizin, mülki şəxslərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu. Sonra "Şuşa bizimdir!", "Zəfər paradı" filmləri izlənildi.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Azərbaycan tarixinin ən qürurverici və şərəfli günü olan Zəfər Günü münasibətilə hər kəsi təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi. Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Zəfər yürüşündən, silahlı qüvvələrin əsgər və zabitlərinin ağır döyüş şəraitində keçirdikləri uğurlu əməliyyatlardan, yüksək hərbi vətənpərvərlik sayəsində əldə olunan nailiyyətlərdən, işğaldan azad edilən tarixi torpaqlarımızda Azərbaycan bayrağının ucaldılmasından, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin gördüyü tədbirlərdən danışdılar.
Tədbir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan şəhidlərin ailə üzvlərinə və müharibə iştirakçılarına medalların təqdim edilməsi ilə davam etdirildi.
LƏNKƏRAN
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin mahir sərkərdəlik bacarığı, rəşadətli ordumuzun yüksək peşəkarlığı, qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığımız möhtəşəm tarixi qələbənin birinci ildönümü Lənkəranda təntənəli şəkildə qeyd edilib.
Lənkəran mərd, igid, qəhrəman övladları ilə həmişə fəxr edir. Vətən müharibəsi başlayanda bu yurdun mübariz, qeyrətli oğulları cəbhəyə könüllü gedərək döyüşlərə atılıblar. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə əsl hünər, qəhrəmanlıq göstərən gənclərdən 66 nəfəri şəhid olub, 100-dən çoxu yaralanıb.
8 Noyabr - Zəfər Günü Lənkəran şəhərinin Şəhidlər xatirə abidə-kompleksinin qarşısında qələbəlik idi. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin qaziləri, rayon ictimaiyyətinin nümayəndələri buraya toplaşmışdılar.
Tədbir iştirakçıları abidə kompleksini və burada uyuyan şəhidlərin məzarlarını ziyarət edərək önünə qərənfillər düzüblər. Bayram şənliyi şəhərin mədəniyyət mərkəzində davam etdirilib. Tədbir iştirakçıları şəhidlərə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar, Lənkəran şəhidləri haqqında çəkilmiş filmə baxıblar.
Tədbir bayram konserti ilə başa çatıb.
MASALLI
Masallı şəhərinin mərkəzində Qəhrəmanlar Parkının açılış mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini yad ediblər.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Zəfər Günü ilə bağlı məruzə edib. Bildirib ki, ötən il sentyabrın 27-də başlayan, işğal altındakı ərazilərin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi müasir tariximizin ən parlaq səhifəsidir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, qüdrətli ordumuzun qəhrəmanlığı, əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, şəhidlərimizin qisası alınıb. Bu şanlı qələbəni bizə yaşadan qəhrəman oğulların ruhu qarşısında baş əyirik, - deyə icra başçısı bildirib.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qəhrəmanlar Parkı əsaslı şəkildə yenidən qurulub. Park xiyabanda 247 şəhidin şəkli, adları, soyadları yazılıb. Onlar heç vaxt unudulmayacaq. Bura müqəddəs bir məkana, ziyarətgaha çevriləcək. Ailə quran gənclər buranı ziyarət edib sədaqət andı içəcəklər.
Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov, iki şəhid-Aprel döyüşçüsü Nurlanın və Vətən müharibəsi qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərova, Vətən müharibəsi qəhrəmanı polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova, 3-cü dərəcəli "Rəşadət" ordenli Vüsal Məhərrəmovun atası Aslan Məhərrəmov, şəhid Sübhan Həsənovun atası Rauf Həsənov, qazi Elmir Əliyev və başqaları Zəfər Günü münasibətilə bayram arzularını söyləyib, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Zəfər Günü rayonun Göyəçöl kəndində ağacəkmə aksiyası keçirilib. Aksiyada şəhid ailələrinin üzvləri də iştirak edib. Rayonda şəhidlərin xatirəsi şərəfinə 1005 ədəd müxtəlif növ Eldar şamı və digər həmişəyaşıl ağaclar əkilib.
ASTARA
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbir iştirakçıları ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini, şəhidlərin xatirə kompleksini və yeni salınmış Zəfər Parkını ziyarət ediblər.
Sonra Astara park-bulvar kompleksində bayram şənliyi başlanıb. İcra başçısı astaralıları Zəfər bayramı münasibətilə təbrik edib. Bir il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, Azərbaycanın tarixinə yeni parlaq, qızıl səhifə yazıldığını bildirib.
44 günlük haqq savaşında xalqımızın sarsılmaz birliyi, möhtərəm Prezidentimizin dəmir iradəsi və qüdrətli ordumuzun yenilməz gücü qarşısında düşmənin diz çökdüyünü vurğulayan icra başçısı şəhidlərimizin qisasının alındığını, xalqımızın böyük qələbənin sevinci ilə qürurla yaşadığını qeyd edib.
Tədbirdə ədəbi-bədii kompozisiya, şagirdlərin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub, vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səslənib, rəqslər ifa olunub. Bayram konserti axşam saatlarında atəşfəşanlıqla başa çatıb.
Həmin gün Ələt-Astara avtomobil yolunun Astara rayonuna aid hissəsində 700 ədəd müxtəlif növ ağac əkilib.
LERİK
Zəfər Günü dağlar diyarında böyük coşqu ilə, şadyanalıqla qeyd edilib. Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Lerik şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini və "Şəhidlər" abidə kompleksini ziyarət ediblər.
Şəhərin Heydər Əliyev meydanında keçirilən bayram şənliyində çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev Zəfər Günü münasibətilə lerikliləri təbrik edib. Bildirib ki, şanlı qələbənin təcəssümü olan Zəfər Günü iftixar hissi ilə qeyd olunur. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi, xalqımızın qürur mənbəyidir. Azərbaycan xalqı öz lideri-Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
2020-ci il 8 noyabr Qarabağa qovuşduğumuz tarixi gündür. Şanlı tariximizə daxil olan böyük Qələbə, Zəfər Günüdür. Əlbəttə, qələbə asan başa gəlməyib. İgid, qəhrəman oğulları ilə fəxr edən Lerik müharibədə 46 şəhid verib. Hər birimiz şəhidlərin ruhuna, onların valideynlərinə borcluyuq.
Sonra Milli Məclisin deputatı İqbal Məmmədov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. 8 Noyabrın çağdaş tariximizin qızıl səhifəsi olduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun qəhrəmanlıq dastanı yazdığını bildirib.
Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar, Zəfər bayramına, qələbəmizə və şəhidlərə həsr olunmuş şeirlər səslənib. Bayram şənliyi axşam saatlarında atəşfəşanlıqla yekunlaşıb.
Şəhidlərin xatirəsi şərəfinə keçirilən ağacəkmə aksiyasında Lerik şəhərinin Nəriman Nərimanov küçəsindəki parkda, Cəngəmiran kəndində, 50-ci kilometr-Şingədulan avtomobil yolunun kənarlarında 400-dən artıq müxtəlif növ ağac əkilib, yaşıllıqlara qulluq göstərilib.
YARDIMLI
Zəfər Günü ilə əlaqədar rayonda silsilə tədbirlər keçirilib.
Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə icra başçısı A. Əsgərov ölkə Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuzun rəşadəti, xalq-iqtidar-ordu birliyi sayəsində şanlı qələbənin əldə olunduğunu, 30 illik torpaq həsrətinə son qoyulduğunu bildirib.
Sonra icra başçısı şəhid ailələrinin üzvlərilə görüşüb. Şanlı qələbəni, zəfəri bizə yaşadan şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şücaətindən, qəhrəmanlığından söhbət açıb. Şəhid Cavid Sahratovun cənab Prezidentin sərəncamı ilə təltif olunduğu "Cəsur döyüşçü" medalını atası Əlikömək Sahratova təqdim edib. Şəhid ataları Ədalət Qarayev, Azad Zahirov və Əlikömək Sahratov ailələrinə göstərilən dövlət qayğısına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bozayran kəndində sahibkar Şəmşad Ağayevin maddi dəstəyilə şəhidlərin xatirəsi şərəfinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib. Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərin parlaq xatirəsi ehtiramla yad edilib.
Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək Vətən yolunda canını, qanını qurban vermiş şəhidlərin heç zaman unudulmayacağını, əziz xatirələrinin daim ürəklərdə yaşayacağını bildirib. Kəndin ziyalılarından Xaqani Paşayev, Teymur Hüseynov, Üzeyir İsgəndərov rayonda şəhid ailələrinə göstərilən qayğıdan, ehtiramdan danışıblar.
Zəfər Günü rayonda ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Masallı-Yardımlı yolunun 46-cı kilometrliyində 400 ədəd akasiya, ağcaqayın və göyrüş ağacları əkilib.
Energetika Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Qobustan Hibrid Elektrik Stansiyasının ərazisində 8 Noyabr - Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib. Tədbirdə nazirliyin aparatının və tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər.
Energetika naziri Pərviz Şahbazov nazirliyin əməkdaşların