Zəfər bayrağını ucaldan yenilməzlər
Siyasət

Zəfər bayrağını ucaldan yenilməzlər

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib ordumuz istənilən vəzifəni şərəflə yerinə yetirə bilir və bunu döyüş meydanında sübut edib

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi dövründə son 20 ildə tamamilə yeni mərhələyə qədəm qoyub. Ulu öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılıb. Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb, ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq sərgilərdə ölkəmizin hərbi məhsulları nümayiş olunur.

Son 20 ildə Azərbaycanın müdafiə xərclərinin artım dinamikası bu sahəyə dövlət diqqətinin mahiyyətini açıq göstərir. Qeyd edilən illərdə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dollarından 5,3 milyard manatadək yüksəlib. Bu, Azərbaycanın müstəqilliyini elan etdiyi 1991-ci ildən bəri ən böyük hərbi büdcəsidir. 2003-cü ildən sonrakı dövrdə hərbi xərclərin 15 dəfədən çox artırılması, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş ordunun ən müasir silahlarla, texnika ilə təchizatına kimi məsələlərin effektiv həlli, o cümlədən müdafiə sənayesinin formalaşdırılması, 20-dən artıq hərbi zavodun yaradılması və 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalı, hərbi-texniki sahədə dost ölkələrlə səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi, ən əsası isə ordunun döyüş qabiliyyətinin, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan məqsədyönlü addımlar son nəticədə Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil olmasını şərtləndirib.

2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsində, inkişafında mühüm rol oynayıb. Həmin illərdən başlayaraq Azərbaycanın müdafiə büdcəsi neft gəlirləri hesabına kəskin şəkildə artıb, ordunun maddi-texniki bazası müasirləşdirilib, yeni silahlar alınıb, hərbi və hərbi-texniki əməkdaşlıqda şaxələndirmə həyata keçirilib. Statistik faktlar ordu quruculuğuna olan dövlət diqqətinin əyani sübutu hesab edilir. Silahlı Qüvvələrimiz NATO-nun çoxmillətli qüvvələri tərkibində 2008-ci ilədək Kosovoda və İraqda, 2021-ci ilin yayınadək Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib və beynəlxalq əməkdaşlığı genişləndirməyə müvəffəq olub. Bundan əlavə, 2012-ci ildən etibarən Azərbaycan ilə Türkiyə arasında ikitərəfli, 2013-cü ildən isə Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli hərbi təlimlərin əsası qoyulub. Azərbaycan Türkiyə Silahlı Qüvvələri tərəfindən təlim keçən ölkələr arasında birinci yerdədir. 2009-2019-cu illərdə Azərbaycan hərbi ehtiyaclara 20 milyard dollar həcmində vəsait sərf edib. 2010-2020-ci illər arasında Azərbaycan ordu quruculuğuna 42 milyard dollar xərcləyib. Göstərilən statistik faktlar ordu quruculuğuna olan dövlət qayğısının əyani sübutudur. Bunu Heydər Əliyevin digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də açdığı yolun son 20 ildə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi kimi xarakterizə etmək lazımdır.

Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" deyimi təməl prinsip kimi götürülərək 1996-cı il iyunun 10-da "Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması" imzalandı. Həmin razılaşmaya əsasən bu günə qədər Türkiyənin hərbi-təhsil müəssisələrində 5 mindən artıq azərbaycanlı hərbçi təhsil alıb və həmin proses mütəmadi davam etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkilinə kömək məqsədilə hər il müəyyən kvotalar daxilində Türkiyəyə azərbaycanlı hərbi qulluqçular göndərilir. Bundan əlavə, Silahlı Qüvvələrimizin şəxsi heyəti Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin hər il keçirdiyi hərbi təlimlərə həm müşahidəçi kimi dəvət olunur, həm də iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər icra edilir. Bütün bunların nəticəsi isə özünü əldə edilən qələbələrimizdə də göstərir.

İlk olaraq 2016-cı il Aprel döyüşlərində Lələtəpənin və Talış yüksəkliyinin azad edilməsi ilə başlayan üstünlük böyük Zəfərə gedən yolun təməlini qoydu. Sonralar Tovuz döyüşlərində və nəhayət, 44 günlük Vətən müharibəsi dövründə rəşadətli Azərbaycan Ordusunun əsas zabit heyəti peşəkarlığı ilə seçildi. Onlar da məhz müxtəlif zamanlarda həm Türkiyənin hərbi məktəblərində bilik və bacarıqlarını təkmilləşdirmiş, həm də mütəmadi ardıcıllıqla keçirilən təlimlərdə iştirak etmişdilər. Hər bir xalqın öz xilaskar ordusu ilə öyünməyə, qürur duymağa haqqı var. Qəhrəman Azərbaycan xalqı da öz qüdrətli ordusu ilə fəxr edir çünki zabit və əsgərlərimiz döyüş meydanlarında böyük hünər və rəşadət göstərərək adlarını xalqımızın qəhrəmanlıq tarixinə yazıblar.

Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bu Qələbənin qazanılması onilliklər boyu davam edən dövlət quruculuğunun, müasir dünyanın ən yaxşı ordularından birinin yaradılması nəticəsində mümkün oldu. Keçmiş SSRİ-dən qalmış ağır sosial-iqtisadi mirası səmərəli şaxələndirilmiş iqtisadi islahatlar sayəsində aradan qaldıran və dövlət problemlərinin həllinə uyğunlaşdırılmış siyasi sistem yaradan Azərbaycan rəhbərliyi 44 gündə şanlı qələbə qazandı. Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu parad sadəcə bir hərbi ritual deyildi, bu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbə təntənəsi idi. Zəfər Günündə abadlaşan Kəlbəcər, yenidən qurulan Şuşanın ardınca, ermənilərin separatizm yuvasına çevirib qaçdıqları Xankəndidə belə bir tədbirin yüksək səviyyədə keçirilməsi ilə Prezident İlham Əliyev bir daha dünyaya dövlətin və xalqın mənafeyi naminə çalışdığını göstərdi.

Dövlət başçısının Xankəndi paradında çıxışı, səsləndirdiyi bəyanatlar bizə bir daha qalibiyyətin, yenilməzliyin qürurunu yaşatdı: "20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi".

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan, həmçinin vurğulayıb ki, bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovub. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Prezident, Qalib sərkərdə bir daha qürurla söylədi ki, biz istədiyimizə nail olduq, beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.

Mustafa KAMAL,

"Respublika".